📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya müxalifəti vətəndaş itaətsizliyinə çağırır" - XAQANİ CƏFƏRLİ

2022-03-01 11:11:00

"Proseslər o qədər sürətlə gedir ki, bir ay sonra tamamilə fərqli siyasi vəziyyətlə üzləşə bilərik"

"Rusiya müxalifətinin lideri Aleksey Navalnının komandası Putinin Ukraynada apardığı müharibəyə qarşı vətəndaş itaətsizliyi kampaniyası elan edib. Navalnının komandası vətəndaşları sosial şəbəkələrdə çıxışa və etiraz aksiyalarında iştiraka çağırıblar". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, bundan başqa, hərbçilərdən ölkə rəhbərliyinin cinayətkar əmrlərini yerinə yetirməmək, dövlət işində çalışan məmurlardan vəzifələrini icra etməmək tələb olunur: "Putinin tarixdə beynəlxalq cinayətkar, terrorçu və qatil kimi qalacağını qeyd edən müraciət müəllifləri onun cinayətlərinin məsuliyyətini nəsillər boyu Rusiyanın daşıyacağı ilə bağlı xəbərdarlıq ediblər. Müraciətdə müxalifət liderinin tərəfdarları xalqı biganə qalmamağa, vətəndaş itaətsizliyi kampanaiyasına qoşulmağa və müqavimət göstərməyə çağırıblar. Aleksey Navalnın komandasının aparıcı üzvülərindən biri olan İlya Yaşin ötən gün Müharibə Əleyhinə Hərəkatın yaradıldığını elan edib və xalqı bütün ölkə boyu müharibə əleyhinə çıxışlara çağırıb".

Xaqani Cəfərli onu da əlavə edib ki, Navalnın dostu, Yekaterinburqun keçmiş meri Yevgeni Royzman Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı günü "milli rüsvayçılıq günü" adlandırıb, prezident Putini Hitlərə, Rusiyanı isə faşist Almaniyasına bənzədib: "Proseslər o qədər sürətlə gedir ki, bir ay sonra tamamilə fərqli siyasi vəziyyətlə üzləşə bilərik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az