"Rusiya nə əkibsə, indi onu biçir" - NATİQ CƏFƏRLİ
"Nə qədər köntöy olasan ki, onillərlə idarə etdiyin toplumların əksəriyyətinin nifrətini qazanasan, sənə ürəyi yanan heç kimsə olmasın"
"Nəqliyyatla bağlı məsələləri müzakirə iştirak etmək üçün Qazaxıstana, Xəzərin o tayına tədbirə gəlmişəm, gün ərzində müxtəlif insanlarla söhbət etdim. Əsas məsələlər qalıb kənarda hamının mövzusu Rusiyada olan-bitənlərdir. Danışanda hamının gözündə qəribə bir sevinc, işıq var, əksəriyyət çox şeyi açıq deməsə də, şimal qonşunun başının özünə qarımağını, ətrafından əl çəkməsini istəyir. Qazaxstan üçün isə bu daha aktualdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
REAL-ın icra katibi hesab edir ki, Rusiya nə əkibsə, indi onu biçir: "Nə qədər köntöy olasan ki, onillərlə idarə etdiyin toplumların əksəriyyətinin nifrətini qazanasan, sənə ürəyi yanan heç kimsə olmasın. Rusiya nə əkibsə, indi onu biçir. Halbuki, normal siyasətləri olsaydı, rəğbət də qazanardılar, ən azından Orta Asiyanın inkişafında, təhsil səviyyəsinin artmasında, dini radikalizmdən uzaqlaşmasında az rol oynamayıblar. Amma xəstə imperiya sancıları hər şeyin üstündən xətt çəkir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az