📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb etməliyik" - FUAD QƏHRƏMANLI

2023-10-20 13:54:21

"Azərbaycanın nəzarətində olan ərazidə rus əsgərləri elektrik, qaz xətlərinin çəkilişi ilə məşğul olurlar, belə bir əsasla Rusiya ordusunun ərazimizdə saxlanılması suverenliyimizə təhqiramiz münasibətin nəticəsidir"

"Rusiya öz ordusunu Qarabağda saxlamaq üçün uyduruq fəaliyyətlərlə məşğul olur. Belə təəssürat yaranır ki, Rusiya baş qərargahında Qarabağdakı ordunu orda saxlamaq üçün hansısa bəhanələr axtarırlar. Təsəvvür edin, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, dünən Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıb. Həmin postlardan beşinin Azərbaycan tərəfi ilə birgə yaradıldığı bildirilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçi bildirib ki, ermənilərin Qarabağı kütləvi tərk etməsindən sonra burada hansı təhlükənin olduğu məlum deyil: "Digər tərəfdən isə ruslar bu əraziyə Azərbaycan və erməni silahlı qüvvələri arasında atəşkəsə nəzarət etmək məqsədiylə sülhməramlı missiya yerinə yetirmək üçün gəlmişdilər. İndi buna gərək qalmadığı üçün ruslar artıq özlərinə aid olmayan işlərlə məşğul olurlar. Bütövlükdə Azərbaycan ordusunun nəzarətində olan ərazidə başqa ölkənin ordusu hansı əsasla gəlib yollarda hərəkətin təhlükəsizliyinə nəzarət edir? Azərbaycan hakimiyyəti bu suala cavab verməlidir. Belə çıxır ki, Qarabağ ərazisində yol polisinin funksiyası ruslara verilib. Bu azmış kimi məlumatda bildirilir ki, hazırda "sülhməramlılar" Qarabağ ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər. Təsəvvür edin, Azərbaycanın nəzarətində olan ərazidə rus əsgərləri elektrik, qaz xətlərinin çəkilişi ilə məşğul olurlar. Bu nə deməkdir, onlar ərazidə komunal xidmətlərin qurulması ilə məşğul olan şirkətin işçiləridir, yoxsa sülhməramlı? Rusiya ordu rəhbərliyi bekar, işsiz qalmış əsgərlərinin başını qatamaq üçün onları funksiyasiyalarına aid olmayan işlərə cəlb edir və sonra da bunu regionda qalmaq üçün bir əsas kimi bizə təqdim edir. Belə bir gərəkcə, əsasla Azərbaycan ərazisində Rusiya ordusunun saxlanılması suverenliyimizə təhqiramiz münasibətin nəticəsidir".

Fuad Qəhrəmanlı hesab edir ki, məhz bu səbəbdən də xalq olaraq bu gün Qarabağda heç bir fəaliyyətinə ehtiyac qalmayan Rusiya ordusunun çıxarılmasını tələb etməliyik.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az