"Rusiya ötən əsrdə olduğu kimi iki yerə, ağlara və qırmızılara bölünür" - XAQANİ CƏFƏRLİ
"Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Pariyası isə Rusiyanın təsir agentlərinin reyestrini yaratmağa qərar verib"
"Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Pariyası Gürcüstandakı Rusiyanın təsir agentlərinin reyestrini yaratmağa qərar verib. Vahid Milli Hərəkat Pariyasının Siyasi Şurasının sədri Levan Bejaşvili qeyd edib ki, reyesterə Gürcüstanda Rusiyanın təsirini gücləndirən bütün siyasi liderlərin adları daxil ediləcək". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq hesab edir ki, gürcü müxalifəti bu təşəbbüslə Rusiyanın Gürcüstana təsirini azaltmağa çalışır: "Bu məqsədə nail olmaq üçün müxalifət də həmin şəxslərin imkanlarının məhdudlaşdırmasına çalışır. Bunun üçün də Vahid Milli Hərəkat Pariyası beynəlxalq tərəfdaşlarını bu reyestrə daxil ediləcək şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. "Biz Amerika Birləşmiş Ştatlarını və Avropa İttifaqı ölkələrini adları reyestrə daxil ediləcək şəxslərin bank hesablarını ləğv etməyə, onların yeni bank hesabı açmasına qadağa, özlərinə və ailə üzvülərinə viza məhdudiyyəti qoymağa çağırırıq". Gürcüstan müxalifətinin bu addımını sarsıdıcı təşəbbüs hesab etmək olar. Çünki bu siyahıya adları daxil ediləcək şəxslər Gürcüstan cəmiyyətinin hədəfinə çevrildiyi kimi, beynəlxalq miqyasda da ciddi problemlərlə üzləşəcəklər".
Xaqani Cəfərli qeyd edib ki, Gürcüstanın "Boz kardinal"ı hesab olunan oliqarx Bidzina İvanişvilinin adı hələ heç bir siyahıya daxil edilməmiş İsveçrənin "Credit Suisse" bankı tərəfindən məhdudiyyətlərə məruz qalıb: "Bu o deməkdir ki, oliqarxın adı Rusiyanın təsir agentlərinin siyahısına daxil edilsə və sanksiyalar tətbiq edilsə Bidzina İvanişvili də rusiylı oliqarxlar kimi sərvətini itirəcək. Eyni aqibət adları reyestrə daxil ediləcək şəxsləri də gözləyə bilər. Rusiya müxalifətinin lideri Aleksey Navalnının qurucusu olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondu isə "Müharibə qızışdırıcıları" siyahısını hazırlayıb. Korrupsiyaya Qarşı Mübarizə Fondunda hesab edirlər ki, adları siyahıya daxil edilən şəxlər müharibənin başlanmasında məsuliyyət daşıyırlar. Adı "Müharibə qızışdırıcıları" siyahısına daxil edilənlər arasında ləğv edilmiş "Exo Moskva" radiosonun keçmiş baş redaktoru Aleksey Venediktov da var. Çox maraqlıdır ki, Rusiya hakimiyyəti isə Aleksey Venediktovu "xarici agent" siyahısına daxil edib".
Politoloqun sözlərinə görə, Rusiya ötən əsrdə olduğu kimi iki yerə, ağlara və qırmızılara bölünür: "Adı "Müharibə qızışdırıcıları" siyahısına daxil edilənlər arasında keçmiş bakılı, rusiyalı milyader İsgəndər Mahmudovun da adı var. Rusiyada və Gürcüstandakı bu nümunələr göstərir ki, Rusiyanın Ukraynada törətdiyi insnalığa qarşı cinayətlər postsovet məkanında çox böyük təsir doğuracaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az