📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Qırmızı dənizdə hərbi baza qura biləcəkmi? – Sudan açıqlama verdi

2021-11-01 17:55:00

Rusiya Qırmızı dənizdə hərbi baza qura biləcəkmi? – Sudan açıqlama verdi

Hurriyyet.az “Anadolu Agentliyi”nı istinadən xəbər verir ki, Sudan bu ölkədə Rusiya Federasiyasının bazasının yaradılması barəsində razılaşmanın reallaşdırılmasına hazır olduğunu bildirib. Sudan ordusunun komandanı general Əbdülfəttah əl Bürhan Rusiyanın “Sputnik” agentliyinin müxbirinin sualına cavab verərkən Qırmızı dənizin sahilində yerləşən Port-Sudanda Rusiya hərbi-dəniz bazasının yaradılması barəsində razılaşma sənədinə bir sıra düzəlişlər edilməsini zəruri hesab elədiyini əlavə edib. Əbdülfəttah əl Bürhan deyib: “Hərbi-dəniz bazasının tikintisi ilə bağlı Rusiya ilə razılaşmamız mövcuddur. Sənədin reallaşdırılmasına başlamazdan əvvəl bir sıra məsələləri aydınlaşdırmaq lazımdır”.

General qeyd edib ki, Xartum beynəlxalq razılaşmalara sadiqdir və gələcəkdə onları reallaşdırmaq niyyətindədir.

Əl Bürhan Rusiyanın Sudandakı hadisələrlə bağlı mövqeyini də yüksək qiymətləndirib.

General bildirib ki, Xartum ilə Moskva arasında əməkdaşlıq uzun tarixə malikdir və bu əlaqə heç vaxt kəsilməyib.

2017-ci ilin noyabrında Sudan Prezidenti Ömər əl Bəşirin (2019-cu ildə hərbi çevriliş nəticəsində devrilib) Moskvaya səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq, təcrübə mübadiləsi, hərbi gəmilərin hər iki ölkənin limanlarına daxil olması barəsində razılaşma imzlanmışdı.

“Rusiya bu gün” (Russia Today) agentliyinin xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin 2020-ci il noyabrın 16-da Sudanda Rusiyanın hərbi qurğuları olan gəmiləri qəbul edə bilən hərbi-dəniz bazasının yaradılması qərarını təsdiq edib.

Sudan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Məhəmməd Osman əl Hüseyn 2020-ci il noyabrın 19-da bəyan edib ki, hələlik Qırmızı dənizdə hərbi-dəniz bazasının yaradılması barəsində Rusiya ilə Sudan arasında tam razılaşma əldə olunmayıb. Bununla belə o, əlavə edib: “Lakin Xartumla Moskva arasında hərbi əməkdaşlığın müddəti uzadılıb”.

 

Hürr Tərcüman