Rusiya raketlə öz peykini vurdu, Yerin orbitində qarışıqlıq yarandı – ABŞ kosmonavtları kosmik gəmilərdə gizlənməli oldular
Hurriyyet.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya kosmosda peyk əleyhinə raket sınağı keçirərəkən öz peyklərindən birini hədəfə alıb. Peyk vurulduqdan sonra ABŞ sərt açıqlamalar verib.
Rusiya öz peykini vurduqdan sonra Beynəlxalq Kosmik stansiyanın (ISS) komandası kosmosa dağılan peyk və raket qırıntılarından qorunmaq üçün kosmik gəmilərə sığınmalı olublar. ABŞ XİN mətbuat katibi Ned Prays ilə NASA-nın direktoru Bill Nelson sınaqlara qarşı sərt etirazlarını bildiriblər.
Ned Prays bildirib ki, Moskvanın dünən öz peyklərindən birini peykəleyhinə raketlə vurması nəticəsində peyk 1500 ədəd nəzərəçarpan və yüzminlərlə kiçik parçalara ayrılıb, bu tullantılar dünya orbitindəki digər peyklər və işləyən astronavtlar üçün ciddi təhlükə olub.
Bill Nelson Rusiyanın təkcə amerikalı və digər ölkələrdən olan astronavtları yox, həm də öz kosmonavtları ilə Çin kosmik stansiyasındakı taykonotları da təhlükəyə atdığını bildirib.
Nelsonun NASA-nın saytında dərc edilmiş etirazında deyilir: “Mən də Dövlət katibi Blinken kimi bu məsuliyyətsiz və sabitliyi pozan hərəkətdən əsəbiləşmişəm. Rusiyanın pilot kosmik uçuşları sahəsindəki uzun və əfsanəvi tarixindən sonra onun təkcə Beynəlxalq Kosmik Stansiyadakı Amerika və beynəlxalq astronavtları yox, öz kosmonavtlarını da təhlükəyə atması ağılasığmazdır”.
Nelson qeyd edib ki, astronavtlarla kosmonavtlar Sovet İttifaqından qalma “Kosmos-1408” peykinin qırıntılarından yayınmaq üçün iki saat BKS-dakı kosmik gəmilərin içində gözləyiblər. Onun sözlərinə görə, hər 90 dəqiqədən bir “qırıntı buludu” Beynəlxalq Kosmik Stantiyanın yanından ötürmüş.
ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın məsuliyyətsiz addımına cavab vermək üçün müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edəcəkdir: “Biz bütün məsuliyyətli kosmik dövlətləri Rusiyanın həyata keçirdiyi sınaqlar kimi məsuliyətsiz və dağıdıcı sınaqların keçirilməsindən uzaq durmalağa və məsuliyyətli davranış formalarının hazırlanması səylərində bizə qoşulmağa çağırıram”.
Rusiyanın “Roscosmos” agentliyi isə sınağın təhlükəsinin şişirdildiyini, Yerdən 420 km yüksəklikdəki orbitdə dövr edən stansiyada 7 nəfərdən ibarət heyət olduğunu, həmin 7 həfərdən 4-nün amerikalı, 1-nin alman, 2-nin isə rus olduğunu bildirib.
Hürr Tərcüman