📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya “ruslar ölürlər, pulumuz israf olmadı” deyən ABŞ senatorunu axtarışa verdi

2023-05-29 12:27:00

Rusiya “ruslar ölürlər, pulumuz israf olmadı” deyən ABŞ senatorunu axtarışa verdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi ABŞ Respublikaçılar partiyasının senatoru Lindsi Qremi axtarışa verib. Nazirliyin axtarış bazasındakı məlumatda deyilir: “Qrem Lindsi Olin, amerikalı, 1955-ci il iyulun 9-da doğulub, Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”. Onun hansı maddə üzrə axtarışda olduğu qeyd edilməyib.

Həmçinin, RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin amerikalı siyasətçinin rusların öldürülməsi ilə bağlı çıxışı faktı üzrə cinayət işinin başladılması göstərişi verib.

Mayın 26-da Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi dövlət başçısının amerikalı senatorla görüşünün qısa videoçarxını yayıb. Videoda Lindsi Qrem deyir: “Ruslar ölürlər”, “Biz heç vaxt pullarımızı bu qədər uğurla xərcləməmişik”.  

Video Rusiyanın rəsmi dairələrində kəskin reaksiya ilə qarşılanıb. Prezident V.Putinin mətbuat katibi Dmitri Peskov belə senatorların “ölkə üçün böyük rüsvayçılıq” olduğunu deyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə sosial şəbəkədə belə yazıb: “Nahaq yerə belə deyib. Onun sevimli Amerikasında təkcə adi adamları müntəzəm surətdə öldürmürlər, həm də senatorların qətli üçünü çirkli pullar xərcləyirlər”.

Qeyd edək ki, ABŞ-dan verilən açıqlamada yayılan videoçarxın görüşün məqamlarının montajı olduğu qeyd edilir. “Röyters” agentliyi mayın 28-də Prezident Zelenski ilə senator Qremin görüşünün tam versiyasını yayıb. Həmin videoda görünür ki, senator “rusiyalılar ölürlər” dedikdən sonra Prezident Zelenski danışıb. Zelenski deyib: “Bəli, lakin onlar bizim ərazilərimizə gəliblər. Biz onların ərazisində döyüşmürük”.

Hürr Tərcüman

https://twitter.com/i/status/1662732328429404161