Rusiya sərhəddən gedir, yerinə KİM gələcək? – Zəngəzurla bağlı MÜƏMMA
Rusiya sərhədçiləri Ermənistandakı fəaliyyətini tam dayandıracaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.
Paşinyan qeyd edib: "Bu müddət ərzində Ermənistanın sərhədlərində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, qarşıdan gələn illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı gəlib çatıb".
Bəs Moskva bu qərara hansı formada reaksiya verə bilər? Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın geosiyasi maraqlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Rəhman Bayramov Musavat.com-a danışıb: "Paşinyanın bu cür cəsarətli açıqlama verməsinin əsas səbəbi hazırda Rusiyanın diqqətinin Ukrayna müharibəsinə yönəlməsidir. Rusiya Cənubi Qafqaza əvvəlki qədər təsir göstərmək imkanında deyil. Çünki Moskvanın bütün resursları Ukrayna müharibəsinə cəlb olunub. Bu da Ermənistanın müəyyən mənada daha sərbəst hərəkət etməsinə şərait yaradır. Lakin düşünmürəm ki, Putin Ermənistanın belə bir addımı reallaşdırmasına tam şərait yaratsın. Paşinyan bu məqsədə çatmaq üçün müxtəlif addımlar ata, həm sərhədlərdən, həm də Gümrüdən Rusiya qoşunlarını çıxarmağa cəhd göstərə bilər. Ancaq bunun reallığa çevriləcəyinə inanmıram. Yaxın perspektivdə belə bir ssenarinin reallaşması çətin görünür. Ən azı, Putinin bu qərara sərt reaksiya verəcəyini gözləmək olar.
Rusiya hərbçiləri Ermənistanın sərhədlərindən çıxarılsa, əsas məsələ həmin ərazilərə kimin nəzarət edəcəyi olacaq. Bu baxımdan, Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra həmin ərazidə Ermənistan hərbçilərinin, yoxsa Ermənistan, Azərbaycan, Türkiyə və ABŞ-ın iştirakı ilə yaradılacaq birgə nəzarət qrupunun fəaliyyət göstərəcəyi sual doğurur. Eyni zamanda, Rusiya hərbçilərinin sərhəddən uzaqlaşdırılmasından sonra İranın həmin ərazidəki mövqeyini və fəallığını artırması ehtimalı da diqqət çəkir. Əsas məsələ Paşinyanın Rusiya hərbçilərini sərhədlərdən uzaqlaşdırmaq istəyindən daha çox, Ermənistanın öz sərhədlərini müstəqil şəkildə qorumaq iqtidarında olub-olmamasıdır".