Rusiya sevgisi həbsxanada bitdi
Rus mədəniyyətinə vurğun olan, hətta toy tarixini məşhur rus bəstəkarının doğum gününə uyğun seçən yaponiyalı jurnalist Yuki İmai Rusiyada casusluq ittihamı ilə həbs altındadır. Onun həyat yoldaşı Nozomi üç dildə əlyazma şəklində müraciət yayaraq ailəsinin yaşadığı faciədən danışıb.
Hurriyyet.net xəbər verir ki, müraciət noyabrın 26-da Yaponiyanın “Hokkaido Shimbun” qəzetində dərc olunub.
Nozominin sözlərinə görə, Rusiya onların ailəsi üçün həmişə xüsusi ölkə olub. Jurnalistin babası Saxalin adasının Yaponiyaya məxsus olduğu və Karafuto adlandırıldığı dövrdə burada doğulub və böyüyüb.
Yuki İmai rus dilini öyrənmək üçün hətta universitetə qəbulunu bir il təxirə salıb. Tələbəlik illərində kitabxanada saatlarla sovet filmlərinə baxıb, Rusiya tarixini və mədəniyyətini öyrənib.
Rus mədəniyyətinə sevgi gələcək həyat yoldaşlarını da bir-birinə yaxınlaşdırıb. Onlar birlikdə Viktor Tsoyun mahnılarını, Dmitri Şostakoviçin musiqisini dinləyib, Mayakovskinin şeirlərini və Kandinskinin rəsmlərini müzakirə ediblər.
Hətta toy tarixlərini də Şostakoviçin doğum gününə – sentyabrın 25-nə təyin ediblər.
İmai Sankt-Peterburqu “yuxuya bənzəyən məkan” adlandırır, Puşkinin “Mis atlı” poemasını dəfələrlə oxuyurmuş.
2025-ci ilin sentyabrında Nozomi altı aylıq qızı ilə birlikdə ərinin çalışdığı Yujno-Saxalinsk şəhərinə gəlib. Jurnalist övladının ilk xarici səfərinin məhz Rusiyaya olmasından sevinib. Saxalindən ayrılmasına həsr edilmiş vida mərasimində isə qızının gələcəkdə Yaponiya ilə Rusiya arasında körpü yaradacaq bir işlə məşğul olmasını arzulayıb.
Bu il oktyabrın 13-də Yaponiyaya qayıtmağa hazırlaşan jurnalist Saxalində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıb.
Həyat yoldaşı həmin gün ərindən hava limanına çatması barədə xəbər gözləsə də, onunla əlaqə kəsilib. Bir müddət sonra isə jurnalistin əlləri qandallanmış vəziyyətdə aparıldığını əks etdirən görüntüləri izləyib.
Nozominin sözlərinə görə, həmin görüntülərdə əks olunan çamadanda ərinin ailəsi üçün aldığı hədiyyələr olub.
“Nəfəs ala bilmirdim. Sanki ürəyim parça-parça olurdu”, – deyə jurnalistin həyat yoldaşı yazıb.
İndi Nozomi ərinin qızlarının ikinci doğum günündə də iştirak edə bilməyəcəyindən qorxur. Jurnalistin anası isə həbsxananın qarşısına gedərək oğlunun əvəzinə özünün həbs edilməsini istəməyə belə hazır olduğunu bildirib.
FTX iddia edir ki, yaponiyalı jurnalist Yaponiya kəşfiyyatının tapşırığı ilə Rusiyanın müdafiə qabiliyyəti, o cümlədən Kuril adalarından səfərbər edilən şəxslərin və könüllülərin sayı barədə məlumat toplayıb.
“Hokkaido Shimbun” qəzetinin rəhbərliyi isə əməkdaşının adi jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirərək ittihamları rədd edib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi noyabrın 18-də Çinin Şençjen şəhərində Rusiya prezidenti ilə görüşündə jurnalistin dərhal azad edilməsini tələb edib.
Bundan başqa, Yaponiya diplomatik nümayəndələri bir neçə həftə ərzində həbsdə olan jurnalistlə görüşə bilməyiblər. Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi bunu Yaponiya ilə SSRİ arasında bağlanmış Konsulluq Konvensiyasının protokoluna zidd addım kimi qiymətləndirib. Həmin sənədə əsasən, konsulluq görüşünə həbs və ya saxlanılmadan sonra ən geci dörd gün ərzində imkan yaradılmalıdır.