Rusiya siyasi elitası daxilində KOMPROMAT SAVAŞI AÇIQ MÜSTƏVİYƏ KEÇİB
Məhəmməd Əsədullazadə: "Priqojinin Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi və Şoyqu ilə Gerasimovu hədələməsi Putinə yönəlik mesaj idi"
Elxan Şahinoğlu: ""Vaqner"in rəhbəri Rusiyanın müdafiə nazirini və baş qərargah rəisini söysə də, ən çox Vladimir Putindən yanıqlıdır"
Kənan Novruzov: ""Vaqner"in işğal olunmuş ərazilərdən geri çəkilməsi Rusiya ordusunun irəliləməsinin qarşısını alacaq"
Fuad Qəhrəmanlı: "Priqojin tərəfindən Rusiya hərbi rəhbərliyinə ünvanlanan küçə söyüşləri, bir azdan Moskvada küçə döyüşləri ilə əvəzlənə bilər"
Aqşin Kərimov: "Rusiya hakimiyyəti daxilindəki çoxtirəlilik Ukraynadakı müharibə fonunda aşkar görünür ki, bu da Kremli çətinə salan problemlərdən biridir"
Bugünlərdə Rusiyanın hərbi və siyasi rəhbərliyinə videomüraciət ünvanlayan "Vaqner" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşbazı" kimi tanınan iş adamı Yevgeni Priqojin silah-sursat çatışmazlığı və kütləvi itkilər səbəbindən mayın 10-da Baxmut şəhərindən çıxacaqlarını bəyan edib. Belə ki, o, Ukrayna ordusu tərəfindən məhv edilmiş "vaqnerçilər"in meyitlərini göstərərək, Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovu təhqir edib: "Bizdə 70 faiz sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, hanı sursatlar? Siz, iyrənc məxluqlar bahalı klublarda oturusunuz. Övladlarınız Youtube-da rolik çəkir. Burada ölən uşaqlar kiminsə atası, balasıdır. Hesab edirsiniz ki, həyatın sahibi sizsiniz? Elə bilirsiniz sursat anbarları sizdədir deyə, buna haqqınız var. Elementar hesablamadır, sursatı normada verəndə itki beş dəfə az olur. Onlar bura könüllü gəliblər və sizin kabinetdə piy bağlamağınız üçün ölürlər. Bunu unutmayın".
Yevgeni Priqojin həmçinin, "Vaqner"in Baxmutdakı mövqelərinin Çeçenistan rəhbəri Ramzan Kadırovun əsgərlərinə təhvil veriləcəyini də bildirib: "Mən artıq onun nümayəndələri ilə dərhal mövqelərin köçürülməsinə başlamaq üçün əlaqə saxlayıram. Belə ki, hesablamalarımıza görə, 10 may saat 00:00-da bizim döyüş potensialımız tam tükənəcək elə bu məqamda, gərək yoldaşlarımız yerlərimizi tutsunlar və Baxmuta hücumu davam etsinlər".
Ukrayna ordusunun Şərq Qüvvələri Qrupunun komandanı Aleksandr Sırski isə qeyd edib ki, ruslar mayın 9-na qədər bütün vasitələrlə Baxmutu ələ keçirməyə çalışırlar. Onun sözlərinə görə, Ukrayna əsgərlərinin vəzifəsi bu tarixə qədər şəhəri saxlamaqdır: "Baxmutun ağır müdafiəsi davam edir. Ruslar ağır silahlarla atəşin intensivliyini artırıb, daha qabaqcıl texnikadan istifadə etməyə başlayıb və qoşunları yenidən qruplaşdırır. Bu, onu göstərir ki, düşmən planlarını dəyişmək fikrində deyil və Baxmutu nəzarətə götürmək, hücum əməliyyatlarını davam etdirmək üçün əlindən gələni edir. Müdafiə qüvvələri Baxmut istiqamətində düşmənin planlarını pozmağa nail olur. Ancaq ruslar hələ də mayın 9-dan əvvəl şəhəri ələ keçirməyə ümid edirlər. Bizim vəzifəmiz bunun qarşısını almaqdır".
Ukrayna Milli Müqavimət Mərkəzinin yaydığı məlumatda isə deyilir ki, "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin mayın 10-da muzdluların guya Baxmutdan çıxarılması ilə bağlı bəyanatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Priqojin arasında artan münaqişəyə dəlalət edir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Mərkəz bildirib ki, Priqojin hələ 2023-cü ilin martında "vaqnerçilər"i Baxmutdan geri çəkmək üçün məlumat kampaniyasına başlayıb: "Hələlik vaqnerçilərin qala şəhərindən çıxarılmasından danışmağa əsas yoxdur. Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov "Vaqner"i top yemi hesab edirdilər. Eyni zamanda, Şoyqunun vaqnerçilərə döyüş sursatı verilməməsi ilə bağlı mövqeyi ilk növbədə Priqojinlə şəxsi münaqişə ilə bağlıdır. Bu, Kremldə nüfuz uğrunda mübarizədir. Lakin problem təkcə "Vaqner"in döyüş sursatlarında deyil. Bir neçə aydır ki, Priqojin "Vaqner"in sırasını yeni yaraqlılarla doldura bilmir. Rusiya Müdafiə Nazirliyi "Vaqner”i sistemli şəkildə tükəndirir. Bu həm də Priqojinin özünün təsirinin zəifləməsinə gətirib çıxarır".
""Vaqner"in rəhbərinin Rusiya müdafiə nazirinin və Baş Qərargah rəisinin ünvanına təhqirlər yağdırması siyasi elita daxilində böhranın kəskinləşdiyini göstərir"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, "Vaqner"in rəhbərinin Rusiya müdafiə nazirinin və Baş Qərargah rəisinin ünvanına təhqirlər yağdırması siyasi elita daxilində böhranın kəskinləşdiyini göstərir: "Baxmutda hərbi uğursuzluq siyasi uğursuzluq gətirərək, sistem daxilində açıq fikir ayrılıqlarına səbəb olub. O cümlədən, "Vaqner"in Baxmutda ilişib qalması Rusiya ordusunun digər ərazilərdə də irəliləyişinə mənfi təsir edir. Qeyd etmək lazımdır ki, "Vaqner"in Baxmutda ordudan fərqli olaraq üstünlüyü Yevgeni Priqojinin müdafiə naziri Sergey Şoyqu tərəfindən küncə sıxışdırılması ilə nəticələnir".
Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, "Vaqner" Ukraynada hərbi qələbələr əldə etdikcə, Yevgeni Priqojinin siyasi ambisiyaları artır və belə davam edərsə, o, müdafiə naziri postuna iddia edə bilər: "Həmçinin, Vladimir Putin də "Vaqner"in üstünlüyü nəticəsində Priqojinin ona qarşı çıxa biləcəyindən narahatdır. Düşünürəm ki, Priqojinin Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi və Şoyqu ilə Gerasimovu hədələməsi Putinə yönəlik mesaj idi. Məhz bu səbəbdən də artıq demək olar ki, Rusiya siyasi elitası daxilində kompromat savaşı açıq müstəviyə keçib. Odur ki, Ukraynanın əks-hücumları Rusiya ordusunun ağır məğlubiyyəti fonunda Kremldə ciddi çaxnaşmalara səbəb olacaq".
"Putin "Vaqner" rəhbərinin təhqirlərini və imicinə vurulan zərbəni ona bağışlamayacaq"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, "Vaqner"in rəhbəri Rusiyanın müdafiə nazirini və baş qərargah rəisini söysə də, ən çox Vladimir Putindən yanıqlıdır: "Çünki Priqojini və onun "Vaqner" muzdlu qruplaşmasını Ukraynanın ən qaynar nöqtəsinə göndərən Putin olub. Priqojin dostu Putinin hesabına varlanıb, ərzaq şirkətləri milyardlar qazanıb, "Vaqner" muzdlu qruplaşmasını yaradıb, döyüşçülərini üçüncü ölkələrə göndərib yaxşı kontraktlar əldə edib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Putin Priqojinə əmr verib ki, özü və muzdluları Ukraynada savaşmağa başlasınlar. Gündə yüzlərlə döyüşçüsünü itirən Priqojinin psixologiyası pozulub və o, ağzına gələni danışmağa başlayıb. Priqojinin ana söyüşləriylə müşahidə olunan son çıxışlarından sonra Putinin yeganə seçimi dostunu geri çağırmaq və "Vaqner"ə yeni rəhbər təyin etməkdir".
Politoloq əlavə edib ki, Priqojin son video açıqlamaları ilə Rusiya ordusunun nüfuzuna zərbə vurub: "Orduya Şoyqu rəhbərlik etsə də, ali baş komandan Putindir. Kreml sahibi təhqiri və imicinə vurulan zərbəni Priqojinə bağışlamayacaq".
"Yaxın gələcəkdə Priqojinə qarşı təzyiqlərin, hətta sui-qəsd cəhdinin olması mümkündür"
Rusiya Silahlı Qüvvələrinin resurslarının getdikcə tükəndiyini vurğulayan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd edib ki, "Vaqner"in işğal olunmuş ərazilərdən geri çəkilməsi Rusiya ordusunun irəliləməsinin qarşısını alacaq: "Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" muzdlu hərbi təşkilatı arasında ziddiyətin olması məlum idi. Görünür, davam edən uğursuzluq fonunda tərəflər bir-birilərini günühlandırırlar. Bu isə gərginliyi daha da artırır. Müdafiə Nazirliyi ilə "Vaqner" arasında fikir ayrılığının olması istisna deyil. Rusiya Silahlı Qüvvələrinin resursları getdikcə tükənir. Ukraynadan fərqli olaraq Rusiyanın tərəfdaşları çox azdır. Bunlar Çin və İrandır. Həmin dövlətlər isə Qərbin ehtimal edilən təzyiqlərinə görə ehtiyatla davranırlar. Bu mənada hazırkı vəziyyət təəccüblü deyil. Gərginliyin gələcəkdə daha da artacağı gözləniləndir. Ola bilsin ki, yaxın gələcəkdə "Vaqner"çilər işğal etdikləri ərazilərdən, o cümlədən Baxmutdan çıxmağa başlasınlar. Bu, Rusiya Müdafiə Nazirliyindən "əvəz çıxmaq üçün" atılmış addım ola bilər. Çünki məsələyə "Vaqner"in nöqteyi-nəzərindən yanaşsaq, deyə bilərik ki, Rusiya Müdafiə Nazirliyi lazımi qədər silah-sursat təmin etməməklə Priqojini pis vəziyyətdə qoyur. Bu mənada "Vaqner" işğal olunmuş ərazilərdən geri çəkilməklə Rusiya müdafiə nazirini Sergey Şoyqunu və onun komandasını cəzalandırmağa çalışacaq. Və çox güman ki, bu addım döyüş meydanındakı vəziyyətə təsir edəcək, Rusiya Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını alacaq".
"Vaqner"lə Rusiya Müdafiə Nazirliyi arasında münasibətlərin düzələcəyini düşünmədiyini deyən ekspertin sözlərinə görə, vəziyyətin normallaşması üçün silah tədarükü ilə bağlı problem aradan qalxmalıdır: "Bu isə hazırkı situasiyada inandırıcı görünmür. Çünki alternativ mənbələr yoxdur. "Vaqner"lə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginliyin yaxın gələcəkdə daha ciddi nəticələrə səbəb olacağı, o cümlədən Priqojinə qarşı təzyiqlərin, hətta sui-qəsd cəhdinin olması mümkündür".
"Rusiya komandanlığı ehtimal olunan məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atmaq üçün daxildə sobataja əl atmağa hazırdır"
Rusiyada hərbi siyasi böhranın əlamətlərinin görülməkdə olduğunu vurğulayan siyasi şərhçi Fuad Qəhrəmanlının fikrincə, "Vaqner"in sahibi tərəfindən Rusiya hərbi rəhbərliyinə ünvanlanan küçə söyüşləri, bir azdan Moskvada küçə döyüşləri ilə əvəzlənə bilər: "Bu olay Rusiya hərbi-siyasi rəhbərliyində baş verən bölünmənin, daxili çəkişmələrin meydana çıxmasının əlaməti sayıla bilər. Putin getdikcə artıq öz ətrafına nəzarəti itirməyə başlayır. Belə görünür ki, ya Putin Priqojinin "Vaqner"in hərbi təchizatı ilə bağlı istəklərini hansısa səbəbdən təmin etmək istəmir, ya da ki, onun sözünü Şoyuqu və Gerasimov eşitmirlər. Əgər Priqojin dediyini etsə, Ukrayna ordusunun hücumu ərəfəsində Baxmutdan geri çəkilmə Rusiya ordusunun döyüş ruhuna vurulmuş sarsıdıcı zərbə olacaq. Bu gün öz arasında dil tapa bilməyən Rusiya hərbi rəhbərliyi, çətin ki, gözlənilən hücum qarşısında koordinasiyalı fəaliyyəti təmin edə bilsin".
Siyasi şərhçinin qənaətincə, bütün bunlardan sonra aydın olur ki, Rusiya komandanlığı ehtimal olunan məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atmaq üçün daxildə sobataja əl atmağa hazırdır: "Ən dəhşətlisi odur ki, Putinin razılığı və əmri ilə olması gərəkən bir məsələni bu gün "Vaqner"in rəhbəri özü müstəqil qərar verərək videomüraciətlə bəyan edir. Bu isə özlüyündə "Putin sahədəki döyüş əməliyyatlarına nə qədər nəzarət edə bilir" sualını da doğurur".
"Rusiya Ukraynada qalib olsa da, məğlub edilsə də, postmünaqişə sivilizasiyası formalaşdırmaqdan məhrum olacaq"
Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Moskvanın üzləşdiyi uğursuzluqlar silsiləsi onun regiona təsir imkanlarını zəiflədir: "Rusiya bununla da ortamüddətli və daha uzaq gələcək üçün əməli fəaliyyətlərini müəyyən etməkdə çətinlik çəkir. Kremlin Ukraynadakı strateji maraqlarını təmin edə bilməməsi və ya bunun xeyli ləng getməsi Qərbin Cənubi Qafqazdan tutmuş Mərkəzi Asiyada, buradan da böyük mənada Avrasiya materikində yeni mövqelər qazanmasına şans yaradır. Qərb, məxsusi olaraq ABŞ-Böyük Britaniya ikilisi, bu şansı dəyərləndirmədikcə Rusiya özünün buraxdığı boşluqlara Çinlə həmrəylik prinsipi ilə dolacaq. Ukraynadakı müharibənin nəticələri Rusiya və Qərbin ambisiyalarında maraqlı dönüş nöqtəsi ortaya çıxara bilər. Rusiya qalib gəlsə, Avrasiya məkanındakı nüfuz zolaqlarını genişlədəcək və Qərbin sıxışdırılmasını Moskva ideyalarına xas nizam qurmaq cəhdləri ilə paralel şəkildə həyata keçirəcək. Yox, əgər Ukrayna Rusiyanı məğlubiyyətə uğratsa, bu, NATO-nun genişlənmə kursunu fövqəladə dərəcədə sürətləndirəcək və Moskvanın regionla əlaqədar yüzillərdir formalaşdırdığı ideologiyanın rəsmi iflası elan olunacaq. Qısası, Ukraynadakı müharibə yeni qırılma xəttinin, əsasən, şərqə - Asiyaya uzanacağını müəyyənləşdirəcək".
Siyasi şərhçi bildirib ki, Rusiyanı çətinə salan problemlərdən biri də hakimiyyət daxilindəki çoxtirəliliyin Ukraynadakı müharibə fonunda aşkar görünməsidir: "Bu, ABŞ-Böyük Britaniya kəşfiyyatlarının Rusiyanın daxilinə sızmış şəbəkəsinin aktivliyinə müsbət təsir göstərir, beləcə, Moskva kəşfiyyat cəbhəsində də uğursuzluq zolağına daxil olur. Ancaq proseslərə nöqtə qoyulmayıb və mübarizə bütün şiddəti ilə davam etdikcə bunun neqativ sorağı müxtəlif diyarlara gedib çıxacaq. Hər şey ritorika ilə reallıqların nə qədər üst-üstə düşməsindən asılıdır, lakin hiss olunan budur ki, Rusiyanın beynəlxalq inkişafa baxışı dəyər qazana bilməyəcək. Buradan belə nəticə çıxır ki, Rusiya Ukraynada qalib olsa da, məğlub edilsə də, postmünaqişə sivilizasiyası formalaşdırmaqdan məhrum olacaq. Rusiya diktələr və ənənəvi üsullarına Çinin müttəfiqlik nəfəsini verməyə çalışır, ancaq burada da strateji mənada qazanan rəsmi Pekindir. Çin indi nəhəng geostrateji layihələrini təkcə iqtisadi alətlərlə deyil, siyasi təsir vasitələri yaratmaqla irəlilədir. Pekinə həm Qərblə, həm də Rusiya ilə eyni anda mübarizə çətindir, ona görə də o, Moskvanı ortamüddətli hədəfi üçün vasitə kimi nəzərdən keçirir. Pekinin İranla Səudiyyə Ərəbistanı arasındakı etibarlı moderatorluğu münaqişəli regionlarda münsiflik statusu qazanması üçün unikal şansdır. İstər-istəməz Çinin artan və sürətlə şişən əzələlərinin Cənubi Qafqaza fokuslanan tərəfləri aktivlik qazana bilər". Aqşin Kərimov əlavə edib ki, Çinin Cənubi Qafqazda yeni statuslu oyunçuluğu onun Yaxın Şərq və Mərkəzi Asiya regionlarında Qərbi sıxışdırmaq planlarının tərkib hissəsi kimi qavranıla bilər: "Burada Çinin təkbaşına və Rusiya ilə birgə etdiyi hərəkətlərinin sərhədlərini təyin etmək çətindir, lakin ümumilikdə qlobal mübarizənin əsas qalibi kimi Pekinin üzərinə fokuslanmaq olar".
Vazeh BƏHRAMOĞLU