Rusiya SSRİ-nin sərhədlərinə sahiblənmək istəyir - TƏHLİL
Kim zəmanət verə bilər ki, bu gün Ukraynaya hücum edən Rusiya, sabah başqa bir ölkəyə hücum etməyəcək?
Artıq beşinci gündür ki, Rusiya suveren, müstəqil Ukraynaya bütün gücü ilə hücum edir. Təkbaşına bu qorxunc müdaxiləni dəf etməyə çalışan qəhrəman Ukrayna xalqına, onun ordusuna və xalqın iradəsi ilə 2019-cu ildə hakimiyyətə gəlmiş siyasi liderinə qarşı təhqəramiz ifadələr yağdıranlar, qızıl-qırmızı yalanlar tirajlayanlar gerçəkləşdirdikləri qaba hərbi əməliyyatı gülünc “nasistsizləşdirmə” pərdəsi ilə ört-basdır etməyə çalışırlar.
Dünya ictimaiyyətini aylarla Ukraynaya hücum etməyəcəkləri ilə inandırmağa çalışan V. Putin, nəhayət, Donbas və Luqansk toplumunun “israrlı xahişini” nəzərə alaraq onları “tanıdıqdan” bir gün sonra adı çəkilən məkanların ərazilərini “qorumaq və genişlətmək” üçün “yüksək dəqiqlikli zərbələrlə” Ukraynaya məxsus “hərbi-strateji obyektlərin zərərsizləşdirilməsi əməliyyatı”na başlanılması barədə Rusiya ordusuna əmr verdi. Rusiyalı yetkililər Ukraynaya yönəlik hərbi müdaxiləni “əməliyyat” adlandırır, ciddi-cəhdlə “muharibə” sözünü işlətmirlər. Bu mənada Putin administrasiyası necə də sabiq sovet strateqlərini xatırladır?
27 dekabr 1979-cu ildə də Sovet dövlət rəsmiləri Əfqanıstana qoşun yeridəndə “əfqan zəhmətkeşlərinin xahişi ilə beynəlmiləl borcunu yerinə yetirmək məqsədilə məhdud saylı sövet hərbiçiləri müvəqqəti olaraq qonşu Əfqanıstan ərazilərinə keçmişlər”, - deyə iddia edirdilər. O da məlumdur ki, əfqanların müqavimətini qıra bilməyən sovet qoşunu 12 ildən sonra Əfqanıstanı tərk etməyə məcbur qaldı. Ondan 5 il sonra isə SSRİ özü yox oldu.
Dünya dövlətlərinin gözləri qarşısında müstəqil Ukrayna hal-hazırda havadan, sudan və qurudan dağıdıcı zərbələrə məruz qalır. Hadisələrin bu cür gedişi, təkcə bölgəyə deyil, bütünlükdə dünya üçün ciddi faciələrə səbəb ola bilər. Hər an hadisələr sürətlə dəyişir; artıq Kiyevin müxtəlif ərazilərində ciddi dağıntılar meydana gəlib, ölkənin mühüm sənaye mərkəzi Xarkov, çox önəmli liman şəhərləri Odessa və Mariupol da atəş altındadır, mülki şəxslər arasında da zərərçəkənlər və həyatını itirənlərin olduğu bildirilir.
2014-cü ildə Ukrayna xalqının sürəkli müqavimətindən sonra siyasi iqtidardan məhrum edilən Rusiyapərəst Viktor Yanukoviçdən sonra hakimiyyətə gələnləri, xüsusən də, Vladimir Zelenskini Rusiya siyasi elitası qəbul edə bilmir, onu “nasist” olaraq görür, Ukraynanı ciddi-cəhdlə “ekstrimist ünsürlərdən” təmizlənilməsini istəyir. Yeri gəlmişkən, xatırladaq ki, Rusiya rəsmilərinin “nasist” adlandırdığı V. Zelenski, milli mənsubiyyətinə görə, yəhudidir və bu faktı əsla gizlətmir. Rusiya 18 mart 2014-cü ildən Krımı rəsmən Rusiya Federasiyasına birləşdirib, bu həftə də özlərinin müstəqilliyini elan etmiş Donetsk və Luqansk dövlətlərini tanıyıb. 2014-cü ildən indiyə qədər Ukrayna tərəfi mühüm ərazilərlə bərabər, 14 mindən çox vətəndaşını da itirib. Kreml, birmənalı olaraq, Ukraynanı özünə təhlükə mənbəyi olaraq görür, heç vəchlə onun Avropa İttifaqına və NATO-ya girməsinə imkan vermək istəmir.
Rusiya siyasi elitası, çox ehtimal ki, Prezident V. Zelenskinin devrilməsinə nail olmaq istəyir. Bu planın gerçəkləşməsi naminə, əhali arasında narazılıq, ümidsizlik və V.Zelenski iqtidarına qarşı etimadsızlıq yaratmaq məqsədilə rəsmən tanıdığı “Donetsk” və “Luqansk” üçün qısa müddət ərzində mümkün qədər daha geniş əraziləri ələ keçirməyə çalışır.
Ukraynada 18- 60 yaş arası, əli silah tutanların hamısı hərbi səfərbərliya çağırılıb. Müqayisə üçün qeyd edək ki, Rusiya öz hərbi potensialına görə Ukraynadan olduqca üstündür. Məsələn, Rusiyanın 12240 tankına qarşı Ukraynanın 2596 tankı, Rusiyanın 1511 qırıcı təyyarəsinə qarşı Ukraynanın 98 qırıcısı, Rusiyanın 900 min canlı qüvvəsinə qaşı Ukraynanın 200 min əsgəri müqavimət göstərməyə çalışır.
NATO yetkililəri Ukraynaya tibbi və humanitar yardım göstərəcəklərini, Rusiyaya isə ağır sanksiyalar tətbiq olunacağını vəd edirlər. Məsələ burasındadır ki, Rusiyaya indiyədək tətbiq olunmuş iqtisadi sanksiyalar qərb dövlətlərinin umduqları səviyyədə səmərə verməmişdir. 25 fevral 2022-ci ildən başlayaraq Böyük Britaniya Rusiyaya məxsus 5 böyük bankın və 3 rus multimilyarderinin həsablarına girişi bloklayacağını, ABŞ isə Ukrayna əleyhinə səs vermiş 351 rus deputatın bank hesablarını donduracağını, Almaniya Rusiya kompaniyalarının iştirakı ilə gerçəkləşmiş “Şimal axını-2” qaz kəmərindən imtina edəcəyini bildirmişdir. Sabiq SSRİ-nin müttəfiq respublikalarından olan Baltikyanı dövlətlər isə, Ümumdünya bank sisteminə Rusiyanı beynəlxalq SWİFT tədiyə sistemindən çıxartmaq təklifi irəli sürmüşdür. Digər dövlətlərin də Rusiyaya qarşı sanksiyalara başlayacaqları mütləqdir. Hazırda rus rublunun kursu astronomik dərəcədə düşmüşdür...
Almaniyanın yeni kansleri Olaf Şults Ukraynaya hücum əmri vermiş Putini çox sərt şəkildə tənqid etmişdir: “Rusiya Prezidenti Putin Ukraynaya hücum etməklə növbəti dəfə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, bütün Avropanın təhlükəsizliyini təhdid edir, qonşu xalqlara iztirab və məhrumiyyətlər yaşadır, saysız-hesabsız günahsız insanların həyatını təhlükəyə atır. Bu hərəkətə haqq qazandırmaq olmaz. Bu, Putinin müharibəsidir”.
Adının çəkilməsini istəməyən amerikan ekspertinin mülahizəsinə görə, Kiyev, Xarkov və Xerson istiqamətlərindən sinxron şəkildə hücum edən Rusiya hərbçilərinin ümdə vəzifəsi Ukrayna dövlətinin başçısını ələ keçirməkdir. “Röyter” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden Ukraynaya hücum əmrini vermiş Putinin beynəlxalq aləm tərəfindən təcrid ediləcəyini ifadə etmişdir.
Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, Rusiya SSRİ-ni bərpa etmək istəməsə də (xalq mülkiyyətini qamarlamış multimilyarder oliqarxlar əsla öz xüsusi mülkiyətlərinin ictimailəşdirilməsinə, kolxoz və sovxozların yaradılmasına razı olmazlar), keçmiş SSRİ ərazisinə yiyələnmək xəyalındadır. Kim zəmanət verə bilər ki, bu gün Ukraynaya hücum edən Rusiya, sabah da harasa hücum etməyəcəkdir? Onlar keçmiş SSRİ ərazilərində istədikləri bölgəyə hər an hərbi müdaxilə edə bilmək imkanı verəcək məntəqələr yaradıblar ki, fürsət düşən kimi bəhanə tapıb hücum etsinlər. Totalitarizmin devizi olan “Might is right”— Güclü haqlıdır” prinsipi onlar üçün büyün zamanlar üçün aktualdır.
İndi soyuqqanlı olmaq çox önəmlidir. Rusiyanın əsl məqsədinin nə olduğunu təxmin edəndə beynimdən hamımızın arzusu olan bir istək keçir: Allah Azərbaycanımızı qorusun. Amin!

Ramazan SİRACOĞLU