📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-15 15:01:00

"Azərbaycan yalnız güc tətbiq etməklə prosesləri lehinə dəyişə bilər, çünki danışıqlar vaxt uzatmaqdan ibarətdir"

"Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin təminatını və rotasiyasını Ermənistan vasitəsilə deyil, Xankəndi-Ağdam yolundan istifadə etməsini tələb etməlidir. Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurulduğu və Azərbaycan öz sərhədlərini tam bağladığından ruslar helikopterlərdən lojistikanı həyata keçirirlər. Azərbaycan konkret sual verməlidir, niyə Ermənistan ərazisindən lojistika olmalıdır?" Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Rusiyanın əsas planı erməni separatizminə dəstəyi davam etdirməkdir: "Rusiya son Yevlax görüşünün keçirilməsinin qarşısını alıb. Demək olar ki, bütün təmaslar dayanıb. Azərbaycan yalnız güc tətbiq etməklə prosesləri lehinə dəyişə bilər, çünki danışıqlar vaxt uzatmaqdan ibarətdir. Ermənistan bundan istifadə edib Azərbaycan əleyhinə cəbhə formalaşdırır. 30 il bizə dərs olmadı ki, biz yenə də danışıqlarla nəyinsə həllinə nail olacağına inanırıq?! Başa düşməliyik ki, ermənilər məğlubiyyətlə barışmır və sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Ola bilər ki, Nikol Paşinyan və onun kiçik komandası sülhdə maraqlı olsun. Amma Nikol Paşinyanın komandası monolit deyil".

Ermənistan ordusunun tam şəkildə Nikol Paşinyanın tabeçiliyində olmadığını vurğulayan politoloqun fikrincə, Azərbaycan yalnız güc dilinə üstünlük verməlidir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az