Rusiya "sülhməramlıları"nın mandatı nədən təsdiqlənmir?
Şahin Cəfərli: "Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatların heç biri sülhməramlı qüvvələrin münaqişə zonasını tərk etməsi ilə nəticələnməyib"
Xaqani Cəfərli: "Hələlik Azərbaycan rus "sülhməramlıları"nın yarıtmaz fəaliyyətinə qarşı çıxa biləcək siyasi iradəyə malik deyil"
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının mandatı hələ də təsdiqlənməyib. Bununla bağlı BBC-yə açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir.
O, həmçinin bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatları 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həyata keçirilir. Prezidentin köməkçisi əlavə edib ki, 10 noyabr üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib: "Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir. Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər". Hikmət Hacıyevin sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır: "Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb".
"Güman edə bilərik ki, Qarabağdakı sülhməramlıların statusu ilə bağlı ayrıca sənəd hazırlanıb, sadəcə olaraq, Azərbaycan onu imzalamayıb"
.jpg)
Beləliklə, "Hürriyyət"in məlumatına görə, mövzuya dair fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli qeyd edib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda sülhməramlıların fəaliyyətini, səlahiyyət çərçivəsini müəyyən edən və tənzimləyən müddəalar yoxdur. Hazırda sülhməramlıların hüquqi statusu, mandatı ilə bağlı qeyri-müəyyənliyin olduğunu vurğulayan siyasi ekspertin sözlərinə görə, Rusiyanın bundan əvvəl həyata keçirdiyi bütün sülhməramlı əməliyyatlar zamanı sülhməramlı qüvvələrin fəaliyyəti hüquqi təmələ söykənib: "Qarabağdakı sülhyaratma əməliyyatı isə 10 noyabr 2020-ci il Bəyanatı ilə başlasa da, hələlik sülhməramlı qüvvələrin səlahiyyət çərçivəsini müəyyən edən sənəd razılaşdırılmayıb. Həm Ermənistan, həm də Rusiya tərəfinin rəsmi açıqlamaları, eləcə də açıq mənbələrdə yayılan məlumatlara əsasən, güman edə bilərik ki, Qarabağdakı sülhməramlıların statusu ilə bağlı ayrıca sənəd hazırlanıb, sadəcə olaraq, Azərbaycan onu imzalamayıb. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da bildirib ki, 10 noyabrda məlum Bəyanatla bərabər, həm də sülhməramlıların mandatına dair sənəd masada olub və Rusiya ilə Ermənistan onu imzalasa da, Azərbaycan imtina edərək 3 şərt irəli sürüb. 1. Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır; 2. Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır; 3. Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır. Qarabağdakı sülhməramlıların hüquqi durumunu tənzimləyən sənədin mətni hələ məlum olmasa da, çox güman ki, onun hazırlanmasında Rusiya dövləti bu sahədə əvvəlki təcrübələrini əsas götürüb. Dnestr, Cənubi Osetiya və Abxaziyada sülhməramlılar təhlükəsizlik, asayiş, inzibati və humanitar sahədə çox geniş hüquq və vəzifələrə malik olub, hətta sülhməramlılara hərbi əməliyyatlar keçirmək hüququ da verilib".
"Təcrübə göstərir ki, bu cür geniş çərçivəli mandat həmin ərazilərin faktiki olaraq, Rusiyanın tam nəzarətinə keçməsi ilə nəticələnir"
Şahin Cəfərlinin bildirdiyinə görə, təcrübə göstərir ki, bu cür geniş çərçivəli mandat həmin ərazilərin faktiki olaraq, Rusiyanın tam nəzarətinə keçməsi ilə nəticələnir və mərkəzi hökumətin münaqişə zonasında suverenlik hüquqlarının təmin olunmasını istisna edir: "Qarabağdakı sülhməramlı əməliyyat üçün 5+5 il formulu üzrə zaman məhdudiyyəti müəyyən edilib. Amma müqayisə üçün qeyd edək ki, Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatların heç biri sülhməramlı qüvvələrin münaqişə zonasını tərk etməsi ilə nəticələnməyib, hətta ərazisində sülhməramlı əməliyyat keçirilən dövlətlərin bu yöndə tələbləri Rusiya tərəfindən qəbul olunmayıb. Bu səbəblərdən Azərbaycanın sülhməramlı qüvvələrin mandatı ilə bağlı sənədə imza atmaqda tərəddüdləri var. Başqa bir problem isə Azərbaycan ərazisindəki sülhyaratma əməliyyatına dair sənədə Ermənistanın da tərəf kimi qoşulmasıdır. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan öz şərtlərini irəli sürməklə yanaşı, sülhməramlıların mandatını yalnız Rusiya ilə ikitərəfli əsasda imzalaya biləcəyini Moskvanın diqqətinə çatdırıb". Siyasi şərhçi hesab edir ki, yaranmış ziddiyyətlərin əsas səbəbi 2020-ci il 10 noyabr Bəyanatında boşluqların, qeyri-müəyyənliklərin və tərəflərin fərqli şərh etdiyi müddəaların mövcud olmasıdır: "Azərbaycanın mövqeyi budur ki, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır və orada yerli ermənilərin də silahlı dəstələri ola bilməz. Sülhyaratma əməliyyatını keçirən Rusiya isə son həftələrdə münaqişə zonasındakı erməni hərbi qüvvələrini Dağlıq Qarabağın hərbi birləşmələri adlandırmaqla onları legitimləşdirmiş olur. Bütün bunlar, o cümlədən Azərbaycanın sülhməramlıların mandatını təsdiqləməkdən imtina edərək onların legitimliyinə şübhə yaratması Azərbaycan-Rusiya münasibətlərində anlaşmazlıqları artırıb. Ermənistan-Rusiya münasibətlərində isə inqilabdan sonra Moskvanın Paşinyana etimadsızlığından qaynaqlanan soyuqluq və anlaşmazlıqların tədricən aradan qaldırılaraq etimad mühitinin bərpa olunması müşahidə edilir.
"Azərbaycan parlamentinin Rusiya "sülhməramlıları" ilə bağlı hər hansı bir ciddi təşəbbüslə çıxış edəcəyini gözləmirəm, çünki..."
.jpg)
Sülhməramlıların əsasən beynəlxalq mandatla hansısa bir bölgəyə göndərildiklərini deyən politoloq Xaqani Cəfərli isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisinə göndərilmiş rus "sülhməramlıları"nın heç bir beynəlxalq mandatı yoxdur: "Bu, yalnız Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən Ermənistan baş nazirinin imzaladığı bəyanatda öz əksini tapıb. Bu isə beynəlxalq mandat yaratmır. Çünki nə ATƏT, nə də BMT-də rus "sülhməramlıları"nın Azərbaycan ərazisində yerləşdirilməsi məsələsi müzakirə olunub".
Politoloq həmçinin, Azərbaycan parlamentinin Rusiya "sülhməramlıları" ilə bağlı hər hansı bir ciddi təşəbbüslə çıxış edəcəyini gözləmədiyini dedi: "Çünki bu, prezidentin təşəbbüsünə qarşı çıxış etmək deməkdir. Milli Məclis isə buna cəsarət edə bilməz. Prezidentin köməkçisi Hikmət Hacıyevin "Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir", deyə açıqlamasına gəlincə, düşünürəm ki, bu, Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli danışıqlarda yeni mexanizmlərlə bağlı məsələlər ətrafında ola bilər. Çünki Azərbaycanla yanaşı, Türkiyə də rus "sülhməramlıları"nın fəaliyyətindən narazıdır. Lakin bunu nəzarət altına alma mexanizmi yoxdur. Sadəcə, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb, ancaq onun imkanları elə də geniş deyil ki, "sülhməramlıların" fəaliyyətinə nəzarət etsin".
"Hakimiyyət rus "sülhməramlıları"nın Azərbaycan ərazisindən çıxarılması üçün beynəlxalq hüququn mexanizmlərindən istifadə etməlidir"
Xaqani Cəfərlinin fikrincə, hələlik Azərbaycan rus "sülhməramlıları"nın yarıtmaz fəaliyyətinə qarşı çıxa biləcək siyasi iradəyə malik deyil: "Azərbaycan ərazisində Rusiya hərbçisinin hər hansı bir ad altında olması şəxsən məni ciddi şəkildə narahat edir. Çünki onlar son 250 ildə Azərbaycan xalqının qanını tökən, başına bir çox faciələr gətirən ordunun əsgərləridir. Fərqi yoxdur, Çar Rusiyası olsun, sovet Rusiyası, yaxud da Rusiya Federasiyası olsun, bunlar hamısı rus əsgərləridir və tarix boyu xalqımızın başına olmazın müsibətlər gətiriblər. Onların Azərbaycan xalqının başına gətirdiyi faciəni min kitaba yazsaq belə yenə də bitən deyil. Onu da qeyd etməliyəm ki, bu gün rus "sülhməramlıları"nın Azərbaycan ərazisinə gəlişi xalqın iradəsi xaricində baş verib. Yəni, onlar Qarabağa gətirilərkən xalqla, Milli Məclislə məsləhətləşməyiblər. Məhz bütün bunları nəzərə alaraq, şəxsən mən rus "sülhməramlıları"nın Azərbaycan ərazisindən çıxarılmasını tələb edirəm. Bunun üçün hakimiyyət beynəlxalq hüququn mexanizmlərindən istifadə etməlidir".
Vazeh BƏHRAMOĞLU