📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya tankerləri ABŞ sahilindən geri döndü – Nə baş verir?

2026-11-11 13:18:17

Rusiya tankerləri ABŞ sahilindən geri döndü – Nə baş verir?

Rusiya dizel yanacağını daşıyan və əvvəllər ABŞ istiqamətində hərəkət etdiyini bildirən tanker Nyu-Yorkdan təxminən 780 kilometr məsafədə geri dönərək ABŞ-nin şərq sahilindən uzaqlaşmağa başlayıb.

Bu barədə “Bloomberg” agentliyi liman hesabatları və gəmilərin izlənməsi məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, göyərtəsində 40 min ton dizel yanacağı olan Malta bayraqlı "Agioi Fanendes" gəmisi həftənin əvvəlindən bəri sürətini nəzərəçarpacaq dərəcədə azaldaraq ziqzaqvari kursla hərəkət edir. “Reuters” agentliyi gəminin ABŞ-nin şərq sahillərində dayandığını qeyd edib, gəmi operatoru isə son təyinat məntəqəsinin hələ müəyyənləşmədiyini bildirib.

Xatırladaq ki, tanker oktyabrın 22-də Rusiyanın Baltik dənizindəki Primorsk limanından yük götürmüşdü. Yanacağın çatdırılma tarixi əvvəlcə noyabrın 7-nə təyin olunmuşdu. Lakin sonradan gəmini idarə edən Yunanıstanın "Eastmed" şirkəti təyinat limanının hələ razılaşdırılmadığını və gəminin əmr gözlədiyini açıqlamışdı.

“Reuters” qeyd edir ki, reys zamanı gəmilər sövdələşmənin pozulması, planların dəyişməsi və ya son təyinat məntəqəsinin gizli saxlanılması səbəbindən təyinat limanını dəyişə bilərlər. Əvvəlcə ABŞ-nin Atlantik sahillərini hədəfləyən digər Rusiya dizel tankerləri də oxşar addım atıb. Keçən həftə "Financial Times" qəzeti ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiyaları altında olan "Talisman", eləcə də "Leruo" tankerlərinin də kursunu dəyişdiyini yazmışdı.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev “Financial Times”ın məlumatını həqiqətəuyğun adlandırmamışdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə tankerlərin marşrutunun dəyişməsinin razılaşmanın pozulması mənasına gəlib-gəlmədiyi sualına cavab olaraq, "Biz sizinlə kommersiya nüanslarını müzakirə edə bilmərik, onlar ictimaiyyətə açıqlana bilməz" deyə bildirib.

Qeyd edək ki, cari ilin oktyabr ayında ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yanacaqdoldurma məntəqələrində benzin qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə dizel yanacağının idxalına dair gözlənilməz razılaşma elan etmişdi. 

Moskvaya qarşı sanksiya qanunlarının bəzi müddəalarının ləğvini nəzərdə tutan bu razılaşma həm demokratların, həm də bəzi respublikaçıların sərt tənqidinə tuş gəlmişdi. Qanunvericilər sazişin qanuniliyini şübhə altına alaraq onun ləğvini tələb etmişdilər.