📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya-Ukrayna müharibəsi Avropanın xəritəsi dəyişənədək davam edəcək" - KƏNAN NOVRUZOV

2023-10-17 12:39:00

"Putinin sözlərindən belə başa düşülür ki, savaşı məhz Moskva başladıb, hərçənd Kreml müharibəyə görə indiyədək Qərbi günahlandırırdı"

"Rusiya prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində Ukraynadakı müharibədən danışıb. O, bildirib ki, hazırkı döyüşlərin məqsədi yeni müharibə başlatmaq deyil, əksinə, 2014-cü ildən bəri davam edən savaşa son qoymaqdır. Rusiya dövlət başçısı, həmçinin söyləyib ki, Ukraynanın əks-hücum əməliyyatlarının heç bir nəticəsi yoxdur. Məlum olduğu kimi, Ukraynadakı müharibə təxminən il yarımdır ki, davam edir. Əvvəl də dediyimiz kimi, hələ ki, üfüqdə sülh görünmür". Hurriyyet.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.

Ekspertin sözlərinə görə, savaşın yaxın vaxtda başa çatacağı ağlabatan görünmür: "Bu isə dünya və region üçün daha böyük təhlükələr, o cümlədən nüvə silahının tətbiqini və üçüncü dünya müharibəsinin başlanmasını gündəmə gətirir. Vladimir Putinin fikirlərində diqqətçəkən əsas məqamlardan biri onun döyüşlərin məqsədi ilə bağlı dedikləridir. Rusiya liderinin sözlərindən belə başa düşülür ki, savaşı məhz Moskva başladıb. Hərçənd, Kreml müharibəyə görə indiyədək Qərbi günahlandırırdı. Rusiya prezidenti bir növ özünə bəraət qazandırmağa çalışıb. Hərçənd bu, o qədər də uğurlu alınmayıb. Rusiya ilə Ukrayna arasında gərginliyin əsas səbəbi 2014-cü ildə Krım yarımadasının, həmçinin Donetsk və Luqanskın işğalı idi. Yəni, əslində o zaman müharibəni başladan Rusiya özü olub. İndi Moskva özü başlatdığı müharibəyə son qoymaq istəyir?.."

Kənan Novruzov hesab edir ki, Ukraynanın əks-hücum əməliyyatları nəticəsiz olmaya bilməz: "Hər halda Ukrayna müddət ərzində xeyli əraziləri işğaldan azad edib. Üstəgəl, müharibə artıq Rusiya ərazisinə keçib. Rusiya daxilindəki gərginlik də məhz əks-hücum əməliyyatlarının nəticəsidir. Görünən odur ki, müharibə hələ uzun müddət, bəlkə də, bütövlükdə Avropanın xəritəsi dəyişənədək davam edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az