📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya-Ukrayna müharibəsi dünyanı daha BÖYÜK FƏLAKƏTƏ SÜRÜKLƏYİR"

2022-06-21 11:22:00

Məhəmməd Əsədullazadə: "Ukraynanın Avropa Birliyinə üzv olması yaxın perspektivdə reallaşacaq"

"Böyük Britaniya və ABŞ Avropada yeni təhlükəsizlik çətiri formalaşdıracaq və Rusiya Ukraynadan çıxarılacaq"

Elxan Şahinoğlu: "Rusiya-Ukrayna müharibəsi fonunda nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər var"

Nazim Cəfərsoy: "Uğurlu və genişmiqyaslı bir əks-hücum üçün Ukraynanın mövcud imkanları məhduddur"

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, növbəti həftə ölkəsi üçün tarixi olacaq və düşmən fəallığı artacaq. Zelenski əlavə edib ki, iyunun 21-də Ukraynanın namizədlik statusu ilə bağlı Avropa Birliyindən cavab eşidəndə həqiqətən tarixi həftə başlayacaq. O, həmçinin növbəti həftə Rusiyanın hücumlarının intensivləşəcəyini də qeyd edib.

Bu arada, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı məlumatda isə deyilir ki, yaxın həftələrdə Ukrayna ordusunun əks-hücumları Xerson və Zaporojyedəki rus hərbçilərini daha da təhdid edəcək. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Ukrayna Silahlı Qüvvələrinin son əks-hücumları uğurlu olub: "Ukraynanın əks-hücumları Rusiya qoşunlarını xüsusən də Xerson və Nikolayev vilayətlərinin sərhədləri boyunca geri çəkilməyə vadar edəcək. Növbəti həftələrdəki əks-hücumlar Xersondakı ruslar üçün ciddi təhdidə çevriləcək. Zaporojye vilayətində Ukraynanın uğurlu əks-hücumları işğalçıları təcili olaraq cəbhə xəttinin bu zəifləmiş hissəsinə əlavə qüvvələr köçürməyə məcbur edir".

Britaniya ordusunun yeni komandanı general ser Patrik Sanders isə bildirib ki, Ukraynada konflikt davam etdiyi müddətdə Britaniya ordusu Avropada yenidən vuruşmağa hazırlaşmalıdır: "Hazırda müttəfiqlərimizlə birgə döyüşməyə və Rusiyaya qalib gəlməyə qadir ordunun qurulmasına ehtiyac var. Biz o nəsilik ki, ordunu Avropada yenidən vuruşmağa hazırlamalıyıq".

"Fransa, Almaniya və İtaliya Rusiya ilə atəşkəsdə maraqlıdır, bunun üçün isə Ukraynanın güzəştə getməsi danışıqların əsas predmetinə çevrilə bilər"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ukraynanın Avropa Birliyinə üzv olması geosiyasi proseslər fonunda yaxın perspektivdə reallaşacaq: "Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində birliyə üzvlüyü xüsusi vurğulayıb. Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfəri, apardıqları danışıqlar fonunda Ukraynanın birliyə üzv olması üçün yaşıl işıq yandırılıb. Bundan əlavə, hər üç ölkə Moskva ilə danışıqlarda və atəşkəsdə maraqlıdır. Bunun üçün Kiyevin güzəştə getməsi danışıqların əsas predmetinə çevrilə bilər". Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Gürcüstan və Moldovadan fərqli olaraq Ukrayna Avropanın qapısında saxlanılmayacaq: "Ukraynanın Avropa Birliyinə üzvlüyü Moskvanı da narahat etmir, çünki Almaniya və Fransanın Kiyevi öz nəzarətində saxlaması mümkündür. Qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərb cəbhəsində fikir ayrılıqları ortaya çıxıb. Böyük Britaniya Şərqi Avropada yeni güc mərkəzi yaratmağı planlaşdırır. Ukrayna, Polşa və Baltikyanı ölkələrlə birgə siyasi-hərbi blok Avropa Birliyinə alternativ olaraq Londonun birlik üzərində geosiyasi mövqeyinin gücləndirilməsini nəzərdə tutmaqla yanaşı, Almaniya və Fransanın Şərqi Avropada aktiv siyasətinin qarşısını alacaq".

"Vaşinqton da Kiyevin Paris və Berlindən uzaq durmasında, Londonla əməkdaşlığa getməsində maraqlıdır"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Ukraynada gedən müharibəyə Qərb koalisiyası daxilində anqlosakslarla germanlar arasında nüfuz savaşı da demək olar: "Avropanın iki mərkəzə ayrılması Berlin və Parisin mövqelərinin zəiflədilməsi, Londonun tam önə çıxmasına səbəb ola bilər. Fransa prezidenti Emmanuel Mkaron, Almaniya kansleri Olaf Şoultsun tələsik Ukraynaya səfəri Ukraynanı Böyük Britaniyanın moderatorluğu altında qurulan birlikdən uzaq tutmaqla yanaşı, Avropa Birliyinə üzv olacağına əmin etməkdir. Qeyd edim ki, Almaniya və Fransa "Minsk-3 formatında" danışıqların aparılmasında maraqlıdırlar. Bu format hazırkı statuskvo şəraitində Kiyevin Kremlə atəşkəs müqaviləsi bağlamasını özündə əks etdirir. Bu, həm də Berlin və Parisin Böyük Britaniyanın Avropada geosiyasi üstünlüyünün qarşısını almağa hesablanıb". Politoloq əlavə edib ki, Qərb koalisiyası daxilində fikir ayrılıqları Vladimir Putinin irəliləməsini şərtləndirir: "Ukraynaya tam lojistik dəstək verən ABŞ-ın mövqeyi burada həlledicidir. Belə ki, Vaşinqton da Kiyevin Paris və Berlindən uzaq durmasında, Londonla əməkdaşlığa getməsində maraqlıdır. Çünki Böyük Britaniya və ABŞ Avropada yeni təhlükəsizlik çətiri formalaşdıracaq və Rusiya Ukraynadan çıxarılacaq".

"Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Rusiya-Ukrayna müharibəsi nüvə toqquşması ehtimalını artırır: "Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlət ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar verib. Müxtəlif dövlətlərin hərbi büdcələri artır. Nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər də var. Halbuki, bu dünyanı daha böyük fəlakətə sürükləyir. BMT baş katibi Antoniu Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir".

Politoloqun sözlərinə görə, Qazaxıstan Ukrayna müharibəsi fonunda nüvə silahının qadağan olunmasını təklif edib, ancaq onu eşidən yoxdur: "Əksinə, nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırırlar. Çinin müdafiə naziri Vey Fenxe bir neçə gün əvvəl Sinqapurda keçirilən beynəlxalq forumda deyib ki, ölkəsi nüvə silahlarını modernləşdirib. Nüvə başlığı daşıyan modernləşdirilmiş raketlər ilk dəfə 2019-cu ildə Pekində hərbi paradda nümayiş etdirilib. Çində nüvə raketlərinin saxlanılması üçün 100-dən çox şaxta mövcuddur və bu say artır. Çinin müdafiə nazirinin sözlərinə görə, modernləşdirilmiş nüvə raketləri özünümüdafiəni gücləndirmək üçün lazımdır. O Çinin nüvə raketlərini kiməsə qarşı birinci istifadə etməyəcəyini bildirib. Ancaq bu sadəcə bəyanatdır. Pekin Tayvan adasını ələ keçirmək məqsədilə ABŞ-la qarşıdurmaya hazırlaşır. Elə buna görə də Vaşinqton Çinin nüvə silahlarını artırmasından narahatdır. ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edir ki, Pekin təxribata hazırlaşır. Ostinin fikrincə, Çin qonşuları olan Yaponiya və Hindistana qarşı hərbi təzyiqi artırır. Çinin nüvə arsenalını artırması və Şimali Koreyanın raket sınaqları Yaponiya və Cənubi Koreyanı ciddi narahat edir. Bu iki dövlət seçim qarşısındadırlar: onlar ya ABŞ-dan ərazilərində nüvə silahı yerləşdirməyi xahiş edəcəklər, ya da özləri nüvə silahının istehsalına başlayacaqlar". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Çin nüvə silahı arsenalını artırmaqla yanaşı, nüvə başlığı daşıya bilən sualtı hərbi gəmilərinin sayını artırıb: "Bundan başqa, Çin təyyarədaşıyan gəmilərin istehsalını sürətləndirib. Çin ayrıca, Cibuti və Kambocada böyük hərbi-dəniz bazaları inşa edir. Bütün bunlar Pekinin gələcək planlarından xəbər verir".

"Zelenski hakimiyyəti hələlik Avropadan gələn təklifi rədd edib və əsasən anqlosakson dəstəyi ilə müharibəyə davam etmə qərarı verib"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bu fikirdədir ki, Ukraynada anqlosakson-qitə Avropası rəqabəti yeni bir boyut qazanıb: "Avropalı liderlərin Vladimir Zelenskiylə görüşündən sonra Britaniyanın baş naziri Kiyevə gedib. Artıq bəzi Qərb qəzetlərində və Ukrayna teleqram kanallarında "Avropa liderlərinin Ukraynaya Avropa Birliyinə üzvlüyünə namizədliyi statusu və iqtisadi dəstək qarşılığında Rusiya ilə müzakirələrə başlamaq təklifi etdiyi" yazılmağa başlayıb. Boris Conson Ukraynaya gəlib savaşa davam etmək yönündə güclü dəstək mesajları və yeni silahlar sözü verib. İddialara görə, Zelenski hakimiyyəti hələlik Avropadan gələn təklifi rədd edib və əsasən anqlosakson dəstəyi ilə müharibəyə davam etmə qərarı verib".

QAFSAM-ın sədr müavininin sözlərinə görə, Ukrayna tərəfinin sentyabr-oktyabr aylarında əks hücum edəcəyi iddiaları var: "Rusiya ilə müzakirələr heyətinin üzvü və Zelenski hakimiyyətinin ciddi fiqurlarından David Araxamiya bu hücumun avqusta olacağını bildirib. Düşünürəm ki, bu iddialar real deyil, çünki uğurlu və genişmiqyaslı bir əks-hücum üçün Ukraynanın mövcud imkanları məhduddur. Xüsusilə, yetərli silah gücünü və səfərbərliyi istənilən səviyyədə təmin edə bilməyib. Müxtəlif hərbi, siyasi və mədəni səbəblərlə gələn 2 ayda bunu etməsi də çox real görünmür. Bu durum həm Ukrayna rəsmilərinin etdikləri açıqlamalarda, həm də anqlosakson mətbuatının ciddi media orqanlarında son dövrdə xüsusən tez-tez yer almağa başlayıb. Geosiyasi, geoiqtisadi, hərbi və geomədəni amillər bu müharibəni payız sonuna qədər davam etmə ehtimalının yüksək olduğunu göstərir. Ona qədər isə Qərb mətbuatında sülhün zəruriliyi barədə yazılar artmağa başlayacaq. Sonra bildiyimiz nəticə olacaq, yəni müzakirələrin başlaması ehtimalı yüksəkdir".

Vazeh BƏHRAMOĞLU