📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya-Ukrayna müharibəsi Ermənistana necə təsir edəcək? - “Azərbaycanla sülh olmasa...”

2022-03-04 16:16:00

Rusiya-Ukrayna müharibəsi Ermənistana necə təsir edəcək? - “Azərbaycanla sülh olmasa...”

"Rusiyanın Ukraynanı işğal etmək cəhdi, Qərbin cavab sanksiyaları və qlobal gərginliyin artması Azərbaycan-Ermənistan münasibətlərini kölgədə qoyur ".

AzPolitika.info xəbər verir ki, bu sözləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, politoloq Fərhad Məmmədov sözügedən müharibənin Azərbaycana və Ermənistana mümkün təsirlərini şərh edərkən deyib.

Ekspert xatırladır ki, son bir ay ərzində Azərbaycan və Rusiya liderləri arasında danışıqlar aparılsa da, Fransa Prezidenti həm Azərbaycan həm də Ermənistan liderləri ilə müzakirələr aparıb. Onun sözlərinə görə, Paşinyan martın 9-da Parisə gedir.

"Baş nazirin Moskvaya səfəri də gündəmdədir. Paşinyan bildirib ki, sülh müqaviləsi imzalana bilər. Yəni prosesdə dinamika var", - politoloq qeyd edib.

F. Məmmədov Moskvada Azərbaycan Prezidenti Bakının qısamüddətli gözləntilərini dilə gətirdiyini xatırladır.

Bu, Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması və qarşılıqlı əlaqələrin təmin olunması ilə bağlıdır: "Rusiya ilə Qərb arasında qarşıdurma Ukraynada müharibəyə çevrildi. Bu şərtlər daxilində Minsk Qrupu çərçivəsində hansısa koordinasiyadan danışmağa ehtiyac yoxdur. Və artıq ATƏT-də prosesdə yoxdur,öz-özünə dağıldı. Ermənistanın indiki şəraitdə Qərblə sıx kotakda olması Kremldə daha emosional qarşılanacaq. Ermənistanın BMT-də Rusiyanın lehinə səs verməsi, eləcə də KTMT-yə sədrliyi isə artıq Paşinyanın manevr imkanlarını daraldır. Bu gün Rusiyanın KTMT-nin əlaqələndirici rol təklifi müharibədən sonra təşkilat üzvləri hərbi birliklərinin Ukraynadakı separatçı rejimlərin ərazisindəki nizamlamada istifadə oluna biləcəyini göstərir".

Fərhad Məmmədov qeyd edir ki, bu dövrdə ölkələr üçün ən ağrılısı Qərbin sanksiyaların təsiri olacaq.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycan və Ermənistanla ticarəti azalacaq: həm geriyə göndərilən pullar, həm də Rusiyada alıcılıq qabiliyyəti kəskin enəcək:"Enerji qiymətlərinin yüksək olması Bakı üçün əlverişli şərait yaratmaqla bərabər qlobal inflyasiya riskləri də formalaşır. Ermənistanda çıxarılan misin də qiyməti qalxır, lakin mədənçıxarma şirkətləri Rusiyaya məxsusdur,hazırda onların investisiya olmadan hasilatı və satışı lazımi səviyyədə saxlaması çətindir. Bundan başqa Ermənistan malların çatdırılmasında böyük problemlər yaşayacaq. Bakı üçün isə əksinə, ən azı Qərb-Şərq istiqamətində tranzit funksiyasını artırmaq imkanları yaranır".

Rusiyadan pul köçürmələrində yaranan problemlərə gəlincə, politoloq bildirir ki, bu, həm Azərbaycan, həm də Ermənistan üçün çətin məsələdir: "Köçürmələrin həcminə görə Rusiya hər iki ölkədə birinci yerdədir və məbləğ demək olar ki, eynidir. Amma burada qeyd etmək lazımdır ki, Ermənistan əhalisi bizdən üç dəfə azdır, bu isə adambaşına transfertlərin payının daha çox olması deməkdir".

Ekspert deyir ki, təkrar ixracda Ermənistanın üstünlüyü var: "Rusiyada sanksiyalara görə satışına icazə verilməyən malları - smartfonlar, ehtiyat hissələri və s. alıb bu ölkəyə alıb - satmaq imkanları genişdir. Vahid gömrük məkanı Ermənistana bunu etməyə imkan verir. Azərbaycanlılar da bunu edə bilərlər. Amma burada ikinci dərəcəli sanksiyalar riski də var”.

F.Məmmədov hesab edir ki, Ukrayna böhranı Avropa BirliyininErmənistan və Azərbaycana ayırdığı maliyyə paketlərinə də təsir edə bilər: "Avropa İttifaqının Ukraynaya kömək etmək, qaçqınları problemlərini həll etmək, planlaşdırılmamış təhlükəsizlik xərcləri, silah almaq, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan dəymiş ziyanı ödəmək kimi böyük xərcləri səbəbindən Ermənistan və Azərbaycan üçün maliyyə paketlərinə yenidən baxa bilər. Çünki qurumun sözügedən problemlərə görə nəzərdə tutulmayan 250 milyard avro xərci yaranıb. İndi hər milyardın ciddi önəmi var".

Böhranın hərbi-texniki əməkdaşlıq məsələrinə təsirinə gəlincə, ekspert deyir ki, Ermənistan ordusunun yenidən təchiz olunmasını gecikdirməli olacaq, çünki Ukraynadakı müharibə Rusiyanın potensialını tükəndirir. "Qarşıdurmanın davam etməsi isə Rusiyanın öz potensialının daim artırılması zərurətini yaradır. İndi Rusiyanın özünün hər milyona ciddi ehtiyacı var".

Politoloq onu da vurğulayır ki, belə bri şəraitdə Qarabağdakı ermənilərinə ildə 300 milyon dollar ayrılması Ermənistan üçün dözülməz yükdür.

"Diaspordan kömək gözləməyə dəyməz, çünki Rusiya erməniləri yoxsullaşacaq, Qərb erməniləri də o qədər də səxavətli olmayacaq və diasporda parçalanma olacaq",-ekspert qeyd edib.

Fərhad Məmmədov yekun olaraq bildirib ki, Ukraynadakı müharibənin təsiri Azərbaycan və Ermənistan arasında sülh proseslərinin hədsiz sürətləndirilməli olduğunu göstərir: "Sülh müqaviləsi, sərhədlər və kommunikasiyalarla bağlı qərarların qəbul edilməməsi gərginliyin artmasına şərait yarada bilər. Çünki Ermənistanın da ciddi problemləri artır. İrəvana alternativ gəlir mənbələri lazımdır: tranzit, logistikanın sadələşdirilməsi, ödəmə qabiliyyətinə malik bazarların tapılması vacibdir.

AzPolitika.info