"Rusiya-Ukrayna müharibəsi Xəzər dənizinə çata bilər" - XAQANİ CƏFƏRLİ
"Rusiyanın Ukraynada kimyəvi silahdan və Şimali Koreya istehsalı olan raketlərdən istifadə etməsi ilə ittihamın gündəmə gəlməsindən sonra Xəzər donanmasının vurulması ehtimalı kəskin artır"
"Ukraynaya 61 milyard dollarlıq yardımı təmin edən qanunun müəllifi, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Co Bayden adminstrasiyasını Ukraynanın daha uzaq hədəfləri vura bilməsi üçün Kiyevə daha uzaq mənzilli silahlar verrməyə çağırıb. Mayk Conson hesab edir ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi yetərli deyil. Nümayəndələr Palatasının spikeri təklif edir ki, Ukraynaya Rusiyanın raket qurğularını məhv etmək qabliyyətində olan uzaq mənzilli silahlar verilməlidir. Ukrayna bu silahlar vasitəsilə Ukraynaya atılan raketləri buraxan qurğuları məhv etməlidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, Mayk Consonun təklifi gerçəkləşərsə, Ukrayna Rusiyanın Xəzər donanmasını vurmaq imkanı qazanacaq: "Rusiyanın Xəzərdəki donanmasını vurmaq isə Ukrayna üçün çox önəmlidir. Çünki Rusiya Ukraynanı həm də Xəzər donanmasından atılan Kalibr raketləri ilə vurur. Rusiya Ukraynaya qarşı Sirkon, Oniks, Kalibr və X-69 kimi raketlərdən istifadə edir. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ən çox Kalibr raketlərinə malikdir. Belə ki, Rusiya 270 ədəd Kalibr raketinə malik olduğu kimi, bir ayda bu raketlərdən 30-40 ədəd istehsal etmək gücündədir. Bu isə o deməkdir ki, Rusiyanın Xəzər donanması Ukrayna üçün əsas təhlükə mənbələrindən biri olaraq qalacaq. Buna görə müharibə Xəzər dənizinə çata bilər. Rusiyanın Ukraynada kimyəvi silahdan və Şimali Koreya istehsalı olan raketlərdən istifadə etməsi ilə ittihamın gündəmə gəlməsindən sonra Xəzər donanmasının vurulması ehtimalı kəskin artır. Kütləvi qırğın silahından istifadə edən dövlətə qarşı bütün tədbirlər ligitimdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az