"Rusiya-Ukrayna savaşında növbəti genişmiqyaslı hücumun başlanması mümkündür" - KƏNAN NOVRUZOV
"Hansı tərəf daha tez davranarsa, müharibənin növbəti mərhələsində o da üstünlüyü ələ alacaq"
"ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Rusiya fevralın sonunadək genişmiqyaslı hücuma keçəcək. Məlumata görə, Ukrayna rəsmiləri də Rusiya qüvvələrinin fevralın ikinci yarısında genişmiqyaslı hücuma keçəcəyini ehtimal edirlər. Bundan əvvəl Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov söyləmişdi ki, qarşıdakı bir neçə ay müharibənin taleyi üçün həlledici olacaq. Həmçinin, ABŞ kəşfiyyatı da oxşar proqnozla çıxış etmişdi". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.
Fevral ayında ciddi hadisələrin baş verəcəyini vurğulayan ekspertin sözlərinə görə, bunun iki əsas səbəbi var: "Birinci, müharibənin ildönümü yaxınlaşır. Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də xalqa müraciəti gözlənilir. O, müjdə vermək istəyə bilər. Bunun üçün isə döyüş meydanında üstünlük əldə etmək lazımdır. İkinci bir tərəfdən, qarşıdakı iki ay ərzində Qərb dövlətlərinin, o cümlədən Almaniya, Polşanın ağır və müasir tankları Ukaynaya çatacaq. Bu, döyüş meydanındakı durumu Ukraynanın xeyrinə dəyişəcək. Bunu Rusiyada da başa düşürlər. Ona görə də Kreml strateji üstünlüyü ələ almaq üçün tələsir. Bu mənada yaxın vaxtlarda növbəti genişmiqyaslı hücumun başlanması mümkündür".
Ehtimal edilən hücumların ciddi nəticə verəcəyinə inanmadığını deyən ekspert qeyd edib ki, Ukrayna buna hazırlıq görür və yaxın vaxtlarda Ukraynanın da yeni əks-hücum əməliyyatlarına başlayacağı gözləniləndir: "Ümumiyyətlə, indi həm Moskva, həm də Kiyev zamanla yaraşır. Hansı tərəf daha tez davranarsa, müharibənin növbəti mərhələsində o da üstünlüyü ələ alacaq. Amma əlbəttə, bu, o qədər də asan deyil. Manevr və irəliləyişlər lazımi potensial tələb edir. Çox güman, döyüşlər yaxın vaxtda dayanmayacaq. Fəqət, qarşıdakı həftələrdə döyüş meydanında və Rusiya daxilində ciddi hadisələrin baş verəcəyi gözləniləndir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az