Rusiya-Ukrayna sərhədində son vəziyyət! Müharibə iddiları ilə bağlı yeni xəbərlər
Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən hərbi gərginlik fonunda yeni hadisələr baş verməkdədir. Qərb mediasının ABŞ kəşdiyyatına istinad elədiyi xəbərində Rusiyanın Ukraynanı 15 fevralda işğal etməyə başlayacağı gözlənirdi. Rusiya XİN tərəfindən bu iddialar təkzib edildikdən sonra, Qərb mediasının gözü 16 fevral tarixinə dikildi. Rusiya Belarusla birlikdə keçirdiyi hərbi təlimlər başda olmaqla, Ukrayna sərhədləri boyunca fəallıq göstərdikdən sonra təlimlər başa çatan kimi qüvvələrini geri çəkəcəyini açıqlasa da, ABŞ Prezidenti Cozef Bayden bunun hədəf yayındırmaq niyyəti ilə söyləndiyini bəyan etdi.
Rusiyanın Hərbi Qərargahının rəisi Gerasimov və ardınca da prezident Putin bəzi rus hərbi birləşmələrinin təlimləri başa vuraraq daimi yerləşmə məntəqələrinə geri çəkilməyə başladığını bəyan etsələr də, bölgəni peyklər vasitəsi ilə 24 saat fasiləsiz müşahidə edən NATO və ABŞ əksinə, Ukrayna istiqamətində yeni qüvvələrin nəql edilməkdə olduğunu bildirirlər.
Bundan başqa, Rusiya Aralıq dənizində də fəallaşıb. Rusiya ordusunun “Zvezda” telekanalı aralarında “Varyaq” və “Marşal Ustinov”un da olduğu 15-dən artıq hərbi gəminin, 30 qırıcının və sualtı qayıqların Aralıq dənizində köç etdiyini bildirib.
Xatırladaq ki, Rusiya siyasətinin “Nostradamus”u Vladimir Jirinovski 2021-ci il dekabrın 22-də, Rusiya Dövlət Dumasının plenar iclasındakı çıxışı zamanı Ukraynanın NATO-ya daxil olması səylərinə qarşı çıxmış, Rusiya tərəfinin öz tələblərini Birləşmiş Ştatların qarşısına qoyduğunu, Vaşinqtonun həmin maddələri yerinə yetirməli olduğunu iddia edərək demişdi: “Biz Stalin kimi 22 iyunun təkrarlanmasına yol verməməliyik. İndi bütün dünya bizim nə tələb elədiyimizi görür, gözləyirik, ümid edirik. Biz heç kəsi təhdid etmirik – bizi təhdid edirlər. Yaxşısı budur, bu, 2022-ci il fevralın 22-də səhər saat 4-də baş versin... Sən demə, bizim başqa planımız varmış. Onun nə olduğunu 22 fevralda, səhər saat 4-də hiss edəcəksiniz”. İddialara görə, Jirinovski məhz bu açıqlamasına görə zəhərlənib, onun Kovid-19 xəstəliyinə yoluxması xəbəri gözdən pərdə asmaq üçün verilib.
Hürr Tərcüman