"Rusiya və Azərbaycan hakimiyyətləri, xalqları Qazaxıstanda baş verənlərdən nəticə çıxarmalıdır" - QUBAD İBADOĞLU
"Qazaxlar qiymət artımı ilə yanaşı, həm də avtoritar idarəçiliyə, məmur özbaşınalığına, neft-qaz gəlirlərinin ədalətsiz bölüşdürülməsinə, korrupsiyaya, insan haqlarının kobud şəkildə pozulmasına, siyasi və fərdi azadlıqarın məhdudlaşdırılmasına etiraz edirlər"
"Avtomobillər üçün alternativ benzin rolunu oynayan sıxılmış qazın qiymət artımına etiraz edən Janaozen, Aktau və Almatı əhalisi istəklərinə nail oldu. Belə ki, kütləvi etirazların ertəsi günü hökumət əhalinin tələbini nəzərə alaraq, sıxılmış qazın 1 litrinin qiymətini 0.27 dollardan 0,12 dollara endirdi. Lakin etiraçılar sakitləşmirlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğluya məxsusdur.
Partiya sədri qeyd edib ki, qəzəbli xalq Almatıda küçələrdədir, bir çox yerlərdə polislə toqquşmalar qeydə alınıb, xalqa atəş əmri verilib, zirehli texnikalar işə salınıb: "Qarşıdurma zamanı xəsarət alanlar olsa da hələ ki, rəsmi məlumat açıqlanmır. Bəzi yerlərdə polislər xalqın tərəfinə keçir. Etirazçılar prezident Tokayevlə görüş, Nazarbayevin siyasətdən getməsini tələb edirlər. Tokayev isə Almatıda və Manqistau rayonunda 15 günlük fövqəlada vəziyyət elan edib. Digər bölgələrdən də etirazçılarla həmrəylik aksiyaları barədə məlumatlar daxil olmaqdadır. Prezident Tokayev əhaliyə, xüsusilə də gənclərə müraciət edib və bildirib ki, yanvarın 5-də hökumət etirazçıların qaldırdığı məsələlərlə bağlı işgüzar müşavirə keçirəcək".
Qubad İbadoğlunun fikrincə, Qazaxıstanda baş verənlərdən xüsusilə də Rusiya və Azərbaycan hakimiyyətləri və xalqları nəticə çıxarmalıdır: "Qazaxlar yalnız qiymət artımına deyil, həm də avtoritar idarəçiliyə, məmur özbaşınalığına, neft-qaz gəlirlərinin ədalətsiz bölüşdürülməsinə, transmilli korrupsiyaya, insan haqlarının kobud şəkildə pozulmasına, siyasi və fərdi azadlıqarın məhdudlaşdırılmasına etiraz edirlər, ona görə də çox qəzəblidirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az