📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya və İran HƏMAS-ın hücumunun amansız olmasında maraqlı idi, çünki..." - FUAD QƏHRƏMANLI

2023-10-25 13:22:44

"Münaqişə təkcə Fələstin və İsrail arasında deyil, bu savaş həm də yeni dünya nizamını öz maraqlarına uyğun dizayn etməyə çalışan qlobal güclər arasında baş verməkdədir"

"Növbədə İranı hərbi güc kimi sıradan çıxarmaq, Cənubi Qafqazı Avropanın siyasi sərhədlərinə daxil etmək, Mərkəzi Asiyada təşəbbüsü ələ almaq, Asiya və Sakit Okean regionunda Çini izolyasiya edərək Hindistanın dünyanın Şərq qütbündə Pekini neytrallaşdıracaq alternativ güc kimi səhnənəyə çıxarmaq planları var"

"İsrail və Fələstin arasında yaşanan gərginlik davam etdikcə gərginlik dalğası bütün Orta Şərq regionuna yayılmaqdadır. HƏMAS-ınn terror hücumuna, törətdiyi qətllərə qarşı İsrail qeyri-adekvat güc tətbiq edərək 15 gündür ki, Qəzza zolağında müharibə cinayətləri törədərək dinc əhalini kütləvi şəkildə öldürür və bu da region xalqlarının əsəblərini getdikcə daha çox tarıma çəkir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçinin fikrincə, baş verənlərə göstərilən redaksiyadan bəlli olur ki, münaqişə təkcə Fələstin və İsrail arasında deyil, bu savaş həm də yeni dünya nizamını öz maraqlarına uyğun dizayn etməyə çalışan qlobal güclər arasında baş verməkdədir: "Bu müharibə ABŞ-n Orta Şərqdə "İbrahim anlaşması" ilə qurduğu təhlükəsizlik sistemini dağıtmağa xidmət edir. İlk belə təşəbbüs bu yay Çin tərəfindən İranla Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdi ilə başlamışdı. Bu təşəbüs iki ölkə arasında diplomatik əlaqələrin yaranması ilə nəticələndi. Daha sonra isə İsraillə İran arasında münasibətləri yumşaltmağa çalışan Pekin çox qabağa getdiyi üçün uğursuzluğa uğradı. Eyni zamanda, İranla əlaqələri dərinləşdirən Çin bu ölkəni Qərbə qarşı gücləndirmək üçün 300 milyarddan çox sərmayə qoyuluşu proqramı həyata keçirməyi nəzərdə tutur. Belə görünür ki, Çin üçün Mərkəzi Asiyadan sonra öz qlobal oyunqurucu rolunu həyata keçirmək üçün Orta Şərq və Şimali Afrika əsas maraq zonası hesab olunur. Bu baxımdan İsraillə Fələstin arasında münaqişənin davam etdiyi son günlərdə Çinin 6 hərbi gəmi ilə Omman körfəzində hərbi təlimlərdə iştirakı heç də təsadüfü deyil. Çin üçün Orta Şərqdə söz sahibi olmağın yolu ABŞ-ın bu regionda təsirini mümkün qədər azaltmadan keçir. Bu gün baş verən münaqişə isə Ərəb ölkələrində İsrailə açıq dəstək verən ABŞ-a qarşı narazılıqları gücləndirdiyindən, bu Çinin 2030-cu il qlobal açılım planlarına uyğundur".

Fuad Qəhrəmanlı  bildirib ki, Ukraynada böyük uğursuzluqla üzləşən Rusiya Kiyevin əsas donoru olan ABŞ-ın diqqətini yayındırmaq və resurslarını parçalamaq üçün bir ildən artıq idi ki, İranla birgə hazırlıq içində idi: "Ötən il HƏMAS rəhbərliyinin Moskvada qəbulu Rusiyanın bu günkü münaqişəyə xeyli əvvəldən daxil olduğunu göstərirdi. HƏMAS-ın hücumunun miqyasının və qurbanlarının çoxluğu ona hesablanmışdı ki, radikal sağçı Netanyahu hökumətinin çox sərt reaksiyası kütləvi qətllərə səbəb olacaq və bu da regionun Ərəb ölkələrini yaranmış münaqişənin içinə çəkəcək. Moskva hesab edir ki, bu halda münaqişənin miqyasının böyümək risqi ABŞ-ın diqqətini xeyli dərəcədə Ukraynadan yayındıracaq və resurslarını da parçalamış olacaq. Moskvanın həm də bu regionda yaranacaq gərginlikdə marağı Çinlə üst-üstə düşürdü. Belə ki, Böyük yeddilərin toplantısında Hindistandan başlayaraq İsrailin Hayfa limanına, oradan da Yunanıstana uzanacaq İMEK kommunikasiya dəhlizi Çinin "bir kəmər bir yol" layihəsini və Rusiyanın Hindistan və İrandan keçəcək "Şimal - Cənub" yolununun əhəmiyyətini ciddi şəkildə azalırdı. İlkin hesablamalara görə "Bir kəmər bir yol" marşurutu ilə il ərzində daşınacaq yüklərin dəyəri 750 milyard, Şimal - Cənub xətti ilə isə 250 milyard dollar ola bilər. Rusiya və Çin Orta Şərqdə sabitliyin pozulması ilə İMEK layihəsinin ortadan qalxmasında və özlərinin qlobal geosiyasi əhəmiyyəti olan kommunikasiya layihələrininin alternativsiz olmasında maraqlıdırlar. İran isə bu proxsi savaşa açıq aşkar dəstək verməklə ona doğru gəlməkdə olan müharibəni vaxtından əvvəl İsrailin öz içində başlamaqla təhlükəni önləməyə çalışır. Rusiya kimi İran da HƏMAS-ın hücumunun amansız olmasında maraqlı idi ki, İsrailin sərt cavabı Ərəb ölkələrini narazı salaraq ona qarşı birləşdirsin və öz qonşuları ilə qarşıdurmada olan İsrailin Tehrana qarşı müharibəyə başlamaq şansı da qalmasın. Ona görə də İran bu gün İsrailin Qəzzada günahsız insanları amansızlıqla kütləvi şəkildə qətl etməsinə qarşı kəskin bəyanatlar səsləndirsə də, əslində, bu qətllərin daha çox olmasını hamıdan çox istəyir. Belə olduqda ərəb hökumətlərinin İsrail və ABŞ-la uzlaşma imkanları da taməmən ortadan qalxır, İsrail öz müdafiəsi ilə məşğul olmaq zorunda qalır".

Siyasi şərhçinin sözlərinə görə, Livandakı Hizbullahın 60 minlik ordusu gərginliyi daha da böyütmək üçün hər an Tehrandan gələn təlimatı gözləyir: "ABŞ isə əvvəldən Fələstin xalqının da öz dövlətini qurmaq hüquqnunun təmin olunması, iki dövlət prinsipi ilə münaqişənin həllini istəyir. Eyni zamanda ABŞ şərti adı "İbrahim anlaşması" olan təşəbbüslə İsrail və Ərəb ölkələri arasında öz qarantorluğunda sülh müqaviləsi bağlamaqla İranı təcrid etmək, Türkiyə üzərində Suriyada kürd kartı ilə təzyiqi artırmaq və regionda sabitliyin açarını öz əlində tutmaq istəyir. Bundan əlavə, bu regiondakı sabitlik ABŞ-a həm də ona görə lazımdır ki, Çinin "Bir kəmər bir yol" layihəsinə əsas alternativ kimi nəzərdə tutulan İMEK layihəsini də reallaşdırmaq mümkün olsun. Aydındır ki, Rusiya ilə Ukraynada proksi müharibə aparan aparan ABŞ üçün bu gün Orta Şərqdə onu məşğul edəcək hər hansı müharibə arzuedilməzdir. Ukrayna ilə yanaşı, gələn ilin büdcə layihəsində İsrailə 10 milyard hərbi yardım ayrılması, əslində Kiyev üçün nəzərdə tutulmuş 70 milyardlıq yardımdan edilən bir kəsintidir. ABŞ prezidenti Bayden ötən gün öz çıxışında baş verənlərin yeni dünya düzəninə qarşı açılan savaş olduğunu deməklə, bu gün baş verənlərin arxasında duran qlobal iddialı güclərə işarə edib. Strateji baxımdan bu gün ABŞ üçün Rusiyanın Ukraynadakı məğlubiyyətini başa çatdırıb və Orta Şərqdə sabitliyi təmin etməsi, yeni dünya düzəninin ilk nizam yaratma mərhələsi hesab olunur. Növbədə isə İranı hərbi güc kimi sıradan çıxarmaq, Cənubi Qafqazı Rusiya təsirindən çıxarıb Avropanın siyasi sərhədlərinə daxil etmək, Mərkəzi Asiyada təşəbbüsü ələ almaq və Asiya və Sakit Okean regionunda Çini izolyasiya edərək Hindistanın dünyanın Şərq qütbündə Pekini neytrallaşdıracaq alternativ güc kimi səhnənəyə çıxarmaq planları var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az