Rusiya və Ukrayna arasında sülh anlaşması mümkündür?
Məhəmməd Əsədullazadə: "Ərdoğan Putin və Zelenskini bir araya gətirib sülh müqaviləsinin bağlanmasına nail olarsa, Türkiyə beynəlxalq sülh yaradan ölkə statusunu alacaq"
Şahin Cəfərli: "Rusiyanın beynəlxalq nüfuzu ağır yara aldı, artıq 24 fevral 2022-ci ildən əvvəlki Rusiya və həmin tarixdən əvvəlki dünya yoxdur"
Xaqani Cəfərli: "Rus xalqının müəyyən müddətə milli dövlətinə sahib olmaq hüququndan məhrum edilməsi üçün müzakirələr başladılmalıdır"
Bu gün Rusiyanın Ukraynada başlatdığı müharibənin 41-ci günü olsa da, Ağ Evin yaydığı məlumatda deyilir ki, savaşın bitməsinə hələ çox var. Belə ki, "Hürriyyət" report.az-a istinadən xəbər verir ki, Ağ Evin administrasiya rəhbəri Ron Kleynin sözlərinə görə, rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə başa çatmaqdan çox uzaqdır: "Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var". Kleyn ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə hazır olduğunu da təsdiqləyib: "Prezident Zelenskinin dediyi kimi, bu (Rusiya Federasiyasının Ukraynanın şərq rayonlarını ələ keçirməsi, Kiyev isə qalan ərazilərə nəzarəti özündə saxlaması üçün – red) onun üçün qəbuledilməzdir və biz ona hərbi, iqtisadi, humanitar yardım göstərəcəyik".
Onu da nəzərinizə çatdıraq ki, hazırda Rusiya Ukraynanın şərq bölgələrinə gələcək hərbi əməliyyatlarda döyüşmək üçün "Vaqner" yaraqlılarını köçürür. Bu barədə axar.az-da yer alan informasiyaya görə, "Rusiya qoşunları, o cümlədən Rusiyanın dövlət özəl hərbi şirkəti "Vaqner"in muzdluları bölgəyə hərəkət edir", deyə Britaniya kəşfiyyatının hesabatında bildirib. Ukrayna Baş Qərargahının yaydığı məlumatda isə qeyd olunur ki, Rusiya gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı apardığı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətindədir. Belə ki, məlumatda Rusiyanın Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya respublikalarının əhalisini səfərbərliyə çağırdığı deyilir: "Rusiya hərbi-siyasi rəhbərliyi hərbi hissələrin müharibə dövrü vəziyyətinə gətirilməsi üçün ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. Döyüş təcrübəsi olanlara üstünlük verilir".
"Müharibədən sonra Ankara-Moskva əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq, çünki Türkiyə Rusiyanın apardığı siyasəti regional təhlükəsizliyə təhdid görür"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar müsbətə doğru dəyişir. Onun fikrincə, bu, Ankaranın Şərqi Avropada və Qara dənizdə Rusiya qarşısında üstünlüyünə gətirib çıxara bilər: "Müharibədən sonra Türkiyə-Rusiya əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq. Çünki Türkiyə Rusiyanın apardığı siyasəti regional təhlükəsizliyə təhdid görür. Onu da qeyd edim ki, Türkiyə bundan sonra Rusiyadan silah almayacaq. Xüsusilə S-400 havadan müdafiə sistemlərinin alışı və Türkiyədə birgə istehsalı real görünmür".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu müharibə Rusiyanın silah ticarəti bazarına mənfi təsir etməklə yanaşı, onun yerini Türkiyənin tuması ilə nəticələnə bilər: "Türkiyənin modern silahları Rusiyanın silahlarını geridə qoydu. Bundan əlavə, savaş Türkiyənin Şərqi Avropa, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini gücləndirəcək. Düşünürəm ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülhün əldə olunması mümkündür. Əgər Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini İstanbulda bir araya gətirib sülh müqaviləsinin bağlanmasına nail olarsa, o zaman Türkiyə beynəlxalq sülh yaradan ölkə statusunu alacaq. Həmçinin, bu, Türkiyənin daxili siyasətində Ərdoğanın reytinqini yüksəldəcək və 2023-cü ildə keçiriləcək seçkilərdə AKP-nin qələbə qazanması ilə nəticələnəcək". Milli Cəbhə Partiyasının sədr müavini iddia edir ki, AKP-nin hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir: "Çünki regionda başlanan geostrateji proseslərin davamı məhz AKP-nin hakimiyyətdə qalmasını labüd edir".
"Ukrayna müharibəsi Rusiyanın sərt gücünün çəkindiriciliyini xeyli azaltdı, hansı ki, rus diplomatiyası məhz bu amilə əsaslanaraq nəticə alırdı"
Rusiyanın Kiyev uğrunda savaşı uduzduğunu vurğulayan siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, rus ordusu fevralın 24-dən bəri gedən şiddətli döyüşlərdə çox ağır itkilərə məruz qalaraq, döyüş qabiliyyətini itirib, geri çəkilmək zorunda qaldı: "Ukrayna ordusu Kiyev ətrafında Rusiyanın adlı-sanlı, elit hərbi birləşmələrini və "kadırovçu" kriminal "şayka"nın ünsürlərini darmadağın etdi. Amma işğalçılar Kiyev vilayətindəki balaca, sakit, gözəl şəhərləri xaraba qoydular və dinc sakinləri gülləbaran edərək insanlığa qarşı ağır cinayətlər törətdilər. Rus ordusunun buraxdığı izlər Hitler faşizminin bu ərazidəki cinayətlərini də kölgədə qoyaraq 1240-cı il monqol istilasını xatırladır. Ukrayna xalqı bunu unutmayacaq".
Siyasi şərhçinin qənaətincə, bu savaş iki dövləti və xalqı bir daha bir araya gəlməyəcək şəkildə ayırdı: "Rusiya bəlkə Donbas ərazisini qopara bilər, amma Ukraynanı tamamilə, birdəfəlik itirdi. Halbuki, Putin bu savaşı Donbasın qalan hissəsini də almaq üçün yox, bütün Ukraynanı tabe etdirmək niyyəti ilə başlatmışdı. Ukrayna müharibəsi Rusiyanın sərt gücünün çəkindiriciliyini xeyli azaltdı, hansı ki, rus diplomatiyası məhz bu amilə əsaslanaraq nəticə alırdı. Bütövlükdə Rusiyanın beynəlxalq nüfuzu ağır yara aldı, artıq 24 fevral 2022-ci ildən əvvəlki Rusiya və həmin tarixdən əvvəlki dünya yoxdur".
"Rusiya BMT, ATƏT, G20 kimi beynəlxalq təşkilatlardan qovulmalı, bu ölkəyə qarşı tam ticarət embarqosu tətbiq edilməli, qızıl-valyuta ehtiyyatı, daşınar və daşınmaz əmlak müsadirə olunmalıdır"
Ukraynanın Kiyev vilayətinin rus işğalından azad olunan İrpin və Buça şəhərində törədilən qətliamın dünyanı şoka saldığını deyən politoloq Xaqani Cəfərli isə eyd edib ki, artıq Qərb dövlətlərinin liderləri və beynəlxalq təşkilatların rəhbərləri Rusiyanı sərt ifadələrlə ittiham və məhkum etməkdə davam edirlər: "Rusiyanın Ukraynada başlatdığı işğalçılıq müharibəsinin ilk günündən Qərb liderləri arasında qətliyyətli mövqeyi ilə seçilən Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Rusiyanın İrpin və Buçada mülki şəxslərə qarşı dəhşətli hücumları Putin və ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini bir daha sübut edir. Baş nazir Kremldən gələn heç bir təkzib və dezinformasiyanın hər kəsin bildiyi həqiqətin üstünü ört-basdır edə bilməyəcəyini qeyd edib. Rusiyanın cəzalandırılması üçün çalışacağını qeyd edən Boris Conson belə deyib: "Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm. Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya hərbi dəstəyimizi gücləndirəcəyik".
Politoloq hesab edir ki, Rusiya ordusunun Ukraynada törətdiyi qətliam Rusiya Federasiyanın faşist dövləti olduğunun sübutudur: "Faşizmin bədnam ənənələrini davam etdirən Rusiya Federasiyası BMT, ATƏT, G20 kimi beynəlxalq təşkilatlardan qovulmalı, bu ölkəyə qarşı tam ticarət embarqosu tətbiq edilməlidir. Həmçinin, Rusiyaya məxsus bütün qızıl-valyuta ehtiyyatı, daşınar və daşınmaz əmlak müsadirə olunmalıdır. Rus faşizminin burnunu əzmiş Ukrayna isə ehtiyacı olan hər növ silahla təmin edilməlidir, rus müstəmləkəsinə qarşı azadlıq mübarizəsində xalqlar ən yüksək səviyyədə dəstəklənməlidir. Və nəhayət, rus xalqının müəyyən müddətə milli dövlətinə sahib olmaq hüququndan məhrum edilməsi üçün müzakirələr başladılmalıdır".
Vazeh BƏHRAMOĞLU