"Rusiyada ciddi valyuta qıtlığı yarana bilər" - VÜQAR BAYRAMOV
"Hətta post-müharibə dövrü üçün də sanksiyalar fonunda yaxşı iqtisadi dəyişikliklər proqnozlaşdırılmır"
"Fitch Ratings" qiymətləndirmə agentliyi digər aparıcı kredit şirkətlərdən sonra Rusiyanın kredit reytinqinin B-dən C-ə endirilməsi barədə qərar qəbul edib. Bu kredit reytinqləri arasında ikinci ən pis pillə hesab olunur. Növbəti pillə defolt reytinqidir. Müharibə davam etdikcə, Rusiya iqtisadiyyatının itkiləri də genişlənməkdədir". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili hesab edir ki, ABŞ-ın Rusiya neftindən imtina etməsi, Avropanın da bu addıma mərhələli hazırlaşması Rusiyada ciddi valyuta qıtlığı yarada bilər: "Digər tərəfdən, şimal qonşumuzun öz valyuta ehtiyatlarını istifadə etməkdə problemləri də dollar qıtlığını gücləndirməkdədir. Hələlik Rusiya Mərkəzi Bankı ölkədən dollar çıxışını məhdudlaşdırmaqla prosesi tənzimləməyə çalışır. Aydındır ki, sanksiyalar fonunda Mərkəzi Bankın da alətləri olduqca məhduddur. Bu baxımdan, valyuta daxil olmalarının artırılması deyil, ölkədən axınının qarşısının alınması sözügedən bank üçün prioritetdir".
CESD sədri onu da qeyd edib ki, Rusiya qarşı tətbiq edilən sanksiyalar dünya tarixində ən geniş miqyaslı sanksiyalardan hesab olunur: "Bu isə o deməkdir ki, müharibənin uzun sürəcəyi halda Rusiyanın iqtisadi itkiləri daha da artacaq. Hətta post-müharibə dövrü üçün də sanksiyalar fonunda yaxşı iqtisadi dəyişikliklər proqnozlaşdırılmır. Bütün hallarda, Rusiya iqtisadiyyatı yeni və çətin dönəmə daxil olur. Bu dönəmin nə qədər çəkəcəyi isə daha çox Qərbin mövqeyindən asılı olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az