📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyada insanlar, orta sinif sürətlə kasıblaşacaq" - NATİQ CƏFƏRLİ

2022-03-04 15:30:00

"Bu gün Kremlin dayağı 50+ yaş qrupuna aid vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib, Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir"

"Rəsmi Moskva haqsız və hüquqsuz davrandıqca, illərdir qurduğu "hekayələr" dağıldıqca daha çox sərtləşir və sərtləşəcək. Absurd qanunlar, qadağalar artacaq, vətəndaşların hüquqları daha da məhdudlaşdırılacaq, biznesin günü qara olacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, bütün bu addımlar, təbii ki, zamanla Rusiya vətəndaşlarında qıcıq, etiraz doğuracaq: "Kremlin bu gün dayağı 50+ yaş qrupuna aid vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib, Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir. Hətta Moskvanın təlxək təbliğatçıları bu məsələdən dad edir, problemi görür, amma dərk etmirlər. Ölkələrdə dəyişiklikləri əvvəldən kasıb yaşayan, aztəminatlı təbəqə etmir, dəyişikliklərin "trigger"i həmişə əvvəl yaxşı yaşayan, belə həyata, müxtəlif azadlıqlardan istifadə etməyə (məsələn, səyahət azadlığı, bank köçürmələri azadlığı və s.) öyrəşən, sonra bütün üstünlüklərdən məhrum olan, kasıblaşan təbəqə olur. Rusiyada indi məhz bu baş verir: İnsanlar, orta sinif sürətlə kasıblaşacaq, İnternetdən istifadəyə öyrəşən kəsmdə getdikcə daha çox rəsmi təbliğata nifrət yaranacaq. İnternet olmadan, total nəzarət sistemi, diktatura olan SSRİ də belə, rəsmi təbliğatla reallıq arasında fərqi insanlar görürdü, "mətbəx söhbətləri" və siyasi lətifələr internetsiz belə, sovetin hekayəsini dağıdırdı. İndiki dövrdə, 21-ci əsrdə Kremlin absurd təbliğat maşını, dili, üslubu həmən nifrət, tam "koqnitiv dissonans" yaradır".

REAL-ın icra katibinin qənaətincə, tarix, təbiət qanunları, həyatın özü Kremlin əsas dayağı olan 50+ əhaliyə qarşı işləyir: "Hətta indi heç nə baş verməsə də tarixi perspektivdə nəsil dəyişimi Rusiyanı da dəyişəcək. Bu, mütləq baş verəcək. Avtoritar liderlerin ən zəif nöqtəsi məhz nəsil dəyişimini anlamamaqdır. Bu məsələdə, demək olar ki, hamısı sinifdə qalıb və qalacaqlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az