📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada prezident seçkiləri ilə bağlı ilk addım – Medianın fəaliyyətinə qadağalar tətbiq edildi

2023-11-14 17:44:07

Rusiyada prezident seçkiləri ilə bağlı ilk addım – Medianın fəaliyyətinə qadağalar tətbiq edildi

Vladimir Putin Rusiyada prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub. Sənədə oktyabrın sonunda Dövlət Duması tərəfindən düzəlişlər qəbul edilib, Federasiya Şurası tərəfindən ötən həftə təsdiqlənib.

Qəbul edilmiş düzəlişlər seçkilər zamanı medianın işini çətinləşdirir. Belə ki, dəyişikliklər arasında yalnız qeydiyyatdan keçmiş KİV-lərin redaksiyalarında rəsmi işləyən jurnalistlərin seçki komissiyalarının iclaslarında iştirakına icazə verilməsi məsələsi var.

Dəyişikliklərdə qeyd olunur ki, Rusiya qanunvericiliyinə uyğun olaraq ancaq hüququ olan şəxslər seçki məntəqələrində foto və video çəkə biləcəklər və çəkilişin özü səsvermə sirrini və sənədlərdəki şəxsi məlumatların məxfiliyini pozmamalıdır.

Bundan əlavə, hərbi hissələrdəki seçki məntəqələrində çəkilişlərə de-fakto qadağa tətbiq edilir. Bunu yalnız bölmə komandiri ilə razılaşdırmaqla akkreditə olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri həyata keçirə bilər.

Bütün bloklanmış resurslarda təşviqat qadağası da tətbiq edilir.

Dəyişikliklərə əsasən, əgər Rusiya ərazisinin bir hissəsində hərbi vəziyyət tətbiq edilibsə, həmin bölgələrdə səsvermə Mərkəzi Seçki Komissiyasının Müdafiə Nazirliyi, FSB və Baş Qərargah rəisi ilə məsləhətləşmələrinin nəticələrinə əsasən keçirilə bilər.

Hazırda dörd “yeni regionda” hərbi vəziyyət tətbiq edilib - Rusiya hakimiyyəti Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini belə adlandırır.

Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.

Vladimir Putin prezidentlik kampaniyasında iştirakını hələlik açıq elan etməyib.

Müstəqil müşahidəçilərin fikrincə, Rusiyada seçkilər inzibati resurslardan istifadədən tutmuş aşkar saxtakarlığa qədər, genişmiqyaslı pozuntularla xarakterizə olunur.

AzPolitika.info