RUSİYADA TAUN TƏHLÜKƏSİ - Nə baş verir?
Rusiya hakimiyyəti İrkutsk Sibir və Uzaq Şərq Taun Əleyhinə Tədqiqat İnstitutunun naməlum xəstəlikdən ölən əməkdaşı ilə təmasda olan bütün şəxsləri müəyyən edib.
Hurriyyet.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.
ÜST həmçinin hadisə ilə bağlı Rusiyadan əlavə məlumat istəyib.
"Mövcud məlumata görə, xəstə ilə təmasda olan bütün şəxslər müəyyən edilib və tibbi müşahidə altındadır. Hazırda onların heç birində xəstəliyin simptomları müşahidə edilməyib", - ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib.
O əlavə edib ki, Rusiya hakimiyyəti tədqiqatçının ölümünə pnevmonik taun xəstəliyinin səbəb olub-olmadığını araşdırır, lakin hələlik ÜST-ün sorğusuna rəsmi cavab verilməyib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ABŞ-nin bu məsələdə Rusiyaya kömək etməyə hazır olduğunu bildirib və İrkutskdakı fövqəladə vəziyyəti böyük problem adlandırıb.
"Biz kömək edəcəyik, əgər kiminsə belə bir problemi varsa, biz həmişə kömək etməyə hazırıq", - Tramp deyib
Kremlin mətbuat katibi Dmitri Peskov təklifi alqışlayıb. O, jurnalistlərə bildirib ki, "Qarşılıqlı yardım təklif edilməsi həmişə çox yaxşıdır".
Peskov yalnız Rospotrebnadzordan alınan məlumatlara etibar edilməli olduğunu əlavə edib: "Rospotrebnadzor işini davam etdirdikcə əlavə məlumat veriləcək".
Qeyd edək ki, İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşı, 28 yaşlı Darya Şipilovanın 2 oktyabr gecəsi Şelexov Rayon Xəstəxanasında ölümü böyük ajiotaj yaradıb. Onun taundan öldüyü barədə şayiələr yayılıb. Bu xəbər yerli sakinlər arasında həyəcana səbəb olub. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev isə "xüsusilə təhlükəli infeksiya" barədə şübhələr olduğunu bəyan edib, lakin dəqiq diaqnozu açıqlamayıb. Kreml sakinləri Rospotrebnadzorun hesabatlarını izləməyə və "şayiələrə qulaq asmamağa" çağırıb.
Məsələ ondadır ki, Şipilovanın taun patogenini öyrəndiyi bildirilir. Onun özünün də bu təhlükəli virusdan öldüyü barədə şayiələr artıq nəinki İrkutsk vilayəti, hətta Rusiya hüdudlarını da aşıb və göründüyü kimi, hətta ABŞ Prezidenti də buna reaksiya verib.
Şipilova təbii taun ocaqlarından “Yersinia pestis” bakteriyalarının antibakterial dərmanlara həssaslığının öyrənilməsində iştirak edib. Bu cür tədqiqatlar hansı antibiotiklərin yoluxucu infeksiyaya qarşı təsirli olduğunu qiymətləndirməyə imkan verir. Onun iştirak etdiyi tədqiqat 31 mart 2026-cı ildə "Təbii Ocaqlı və Zoonotik İnfeksiyalar" simpoziumunda təqdim edilmişdir.
“Yersinia pestis” taun(vəba) xəstəliyinə səbəb olan bakteriyadır. Təbiətdə o, əsasən gəmiricilərdə, kiçik məməlilərdə olur və birələr vasitəsilə ötürülür. İnsanlar yoluxmuş birənin dişləməsi, yoluxmuş toxuma və bədən mayeləri ilə təmas və ya pnevmonik taun xəstəsinin xaric etdiyi damcıları nəfəs almaqla yoluxa bilərlər. Xəstəlik insandan insana hava damcıları vasitəsilə ötürülə bilər. Təcili müalicə olmadan xəstəlik tez bir zamanda ölümə səbəb ola bilir, lakin antibiotiklərin erkən istifadəsi xəstəni xilas edə bilər.
İndi hər kəs Rusiyanın müvafiq orqanlarının dəqiq izahatını və ÜST-nin mövqeyini gözləyir…