📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada türk xalqlarının həyatını işıqlandıran türkiyəli jurnalistlər saxlanıldı

2021-12-22 13:27:00

Rusiyada türk xalqlarının həyatını işıqlandıran türkiyəli jurnalistlər saxlanıldı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Xakasiya bölgəsində türk xalqlarının həyatlarından bəhs edən sənədli filmlər çəkən iki jurnalist – Emin Karaçak və Nazgül Kencetay saxlanılıb.  

Rusiya mətbuatı jurnalistlərin Rusiya əleyhinə təbliğat apardıqlarını iddia edir.

Saxlanılanların hər ikisi Türkiyənin GZT (https://www.gzt.com/) xəbər portalının əməkdaşlarıdırlar.

GZT portalında Xakasiyada saxlanılan jurnalist Nazgül Kencetay və operator Emin Karaçak barəsində material hazırlanıb. Onların Rusiyaya türk xalqlarının mədəniyyəti barəsində çəkiliş aparmaq üçün getdikləri bildirilir. 

Onların Rusiyanın digər regionlarında çəkiliş apardıqları zaman problem olmayıb. Lakin, GZT-nin öz blogerlərindən aldığı məlumata görə, problemlər onlar köklü əhalisi türk olan respublikalara gələndən başlayıb.

Dekabrın 16-da qaldıqları otelin qarşısında Rusiyanın Radikallıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Kencetay ilə Karaçakın əşyaları müsadirə edilib, bütün materiallar və məlumatlar silinib, məhv edilib, onlar casusluqda ittiham ediliblər. 

Xakasiyanın paytaxtı Abakandakı “geri göndərmə mərkəzi”nə aparılan və ayrı-ayrı hücrələrdə saxlanılan Kencetay ilə Karaçakın 10 gün nəzarətdə saxlanıldıqdan sonra ölkədən çıxarılmaları gözlənilir. Onlar bildirirlər ki, Rusiya məmurları 10 günlük müddətin uzadılmasına çalışırlar. Jurnalistlərin saxlanma şəraitinin ağır olduğu bildirilir. Hücrələrədə isidici və isti su yoxdur, gündə iki dəfə hava almaq üçün bayıra çıxmalarına icazə verilir. Telefonları daimi nəzarət altındadır, hücrələr sutkada 24 saat kamerlarla izlənilir. Yemək və içmək problemləri olduğu üçün Xakasiya türkləri onlara ərzaq göndərir.

Rusiya mətbuatı Kencetay ilə Karaçakın Rusiya əleyhinə təbliğat apardıqlarını iddia edir. Onlar bundan əvvəl də çəkiliş apardıqları Yakutiya və Altayda saxlanılaraq cərimələnmişdilər. Xakasiyadakı Abakan Şəhər Məhkəməsi də onlara cərimə cəzası verib, deportasiya edilmələrini qərara alıb.

Nazgül Kencetay Qazaxıstan vətəndaşıdır, İstanbulda yaşayır, bu şəhərdə jurnalistika təhsili alıb. 

Emin Karaçak – 50-ci illərdə Türkiyəyə köçmüş qazax mücahidlərinin nəslindəndir. İstanbulda və Türkiyənin başqa şəhərlərində qzax diasporunun üzvlərinin sayı çoxdur. Onların əksəriyyəti Sincanda (Çinin Sincan-Uyğur Muxtar Rayonu – Şərqi Türküstan – red.) Osman Batur İslambay oğlunun (qazaxca Ospan-Batır İslamulı) qaldırdığı qiyamda iştirak edənlərin nəsilləridir - əvvəlcə Pakistana, sonra isə oradan (Baş nazir Adnan Menderesin dövründə) Türkiyəyə  köçüblər.

Hürr Tərcüman