Rusiyadan Ermənistana atom dəstəyi
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın “Rosatom” dövlət şirkətinin baş direktoru Aleksey Lixaçev respublikada yeni Atom Elektrik Stansiyası blokunun tikintisi məsələsini müzakirə ediblər.
Paşinyan Ermənistanla “Rosatom” arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, bir sıra birgə layihələrin uğurla reallaşdırıldığını söyləyib.
Lixaçev “Rosatom”un Ermənistanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib.
Onlar həmçinin nüvə tibbi sahəsində, İrəvanın “Nairit” kauçuk zavodunun təhlükəli tullantılarının atılması sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hazırda Ermənitan AES ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir. Stansiyanın yalnız 1 bloku (birinci nəsil (!) VVER-440 reaktoru ilə) işləyir.
2023-cü ilin martında bəyan edilmişdi ki, “Rosatom” Ermənistanda artıq bağladılmış iki kimya zavodunun – “Nairit” və “Vanadzor” zavodlarının tullantılarının məhv edilməsi layihəsində iştirak məsələsini müzakirə edir.
Qeyd edək ki, yerləşdiyimiz regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradan Metsamor Atom Elektrik Stansiyası (AES) Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Daha da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan bu stansiyanın istismar müddəti artıq 40 ili də aşıb.
Hürr Tərcüman