Rusiyalı hərbçi: “Döyüşmək üçün 1941-ci ilin tüfəngini veriblər”
Ukrayna xüsusi xidmət orqanları tez-tez rusiyalı hərbçilərin yaxınları ilə telefon söhbətlərini ortaya çıxarır. Burada bir neçə məqam xüsusilə diqqət çəkir. Rusiyalı hərbçilər döyüşməyə həvəsli görünmürlər və baxımsızlıqdan şikayət edirlər.
Hurriyyet.az xəbər verir ki, bu dəfə ukraynalı hakerlərin üzə çıxardığı səsyazısında Kreml qoşunlarının üzvü İkinci Dünya Müharibəsindən qalan silahlardan istifadə edildiyini bildirir. Onun sözlərinə görə, Rusiya ordusunda bütün istiqamətlərdə çatışmazlıq var.
“Salam, ata. Mən dostlarımdam üçünü itirmişəm artıq... Dostum əvvəlcə zəng vurdu ki, Luqadadır, bir aya Krıma aparacaqlar. Guya hələlik orada təlim keçməliydilər. Bir neçə gün sonra zəng gəldi ki, “təsəvvür elə, Krımdayam”. Soruşuram ki, axı sizi əvvəlcə öyrətməlidirlər. Deyir, onlara öyrənmək lazım olmadığını bildiriblər”.
Rusiyalı hərbçinin sözlərinə görə, səfərbərliklə orduya gələnlərə nə silah verilir, nə də zirehli jilet. Hamıya deyirlər ki, bunları Krımda alacaqsınız. Amma yarımadaya gedəndə hər şeyin yalan olduğu üzə çıxır.
Rusiyalı hərbçi atasına təəssüflə deyir ki, dostlarının güllə atmaq şansı olmayıb. Çünki döyüşmək üçün 1941-ci ilin tüfəngini veriblər. Yeni gələnləri birbaşa Limana göndəriblər. Burada isə Ukrayna ordusunun qarşısında dayanmaq mümkün olmayıb və səsyazısının qəhrəmanının dostları həlak olub.
Ukraynadan atasına zəng vuran şəxs vəziyyətin çox pis olduğunuz dilə gətirib. O, bədbin danışıb, Rusiya ordusunun aciz göründüyünü etiraf edib.
Rusiyada səfərbərlik sentyabrın 21-də elan olunub. Orduya 200 mindən çox ölkə vətəndaşı cəlb edilib. Səfərbərlik ciddi narazılıqla müşahidə olunub. Bölgələrdə hətta etiraz aksiyaları keçirilib.
Rusiya ordusunun Ukraynada canlı qüvvə itkisi 66 min nəfəri keçib. Azı 2554 tank, 269 təyyarə sıradan çıxıb. Danışıqlar prosesi tam dondurulub. Ukrayna Prezidenti Volodimir Zelenski həmkarı Vladimir Putinlə masa arxasına keçmək istəmədiyini bəyan edib.
bizimyol.info