📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı politoloqu məşhur həbsxanaya köçürdülər

2026-10-17 11:52:23

Rusiyalı politoloqu məşhur həbsxanaya köçürdülər

Rusiyada narkotik ittihamı ilə həbs edilən tanınmış politoloq Aleksandr Kınev məhbusların döyülməsi, onlardan pul tələb edilməsi və intihara sürüklənməsi halları ilə bağlı dəfələrlə gündəmə gəlmiş istintaq təcridxanasına köçürülüb.

Hurriyyet.net  xəbər verir ki, politoloq hazırda Moskvanın Yujnoye Medvedkovo rayonunda yerləşən 4 saylı “Medved” istintaq təcridxanasında saxlanılır.

Bu barədə jurnalist Qleb Yarovoy Kınevdən aldığı məktuba əsasən məlumat verib. Onun sözlərinə görə, politoloqun ayağı hələ də gipsdədir və gips yalnız üç həftədən sonra çıxarıla bilər. Kınevin qoltuqağacı olmadığı üçün hərəkət etməkdə ciddi çətinlik çəkdiyi bildirilir.

Hazırda karantində saxlanılan politoloqun informasiya almaq imkanları da məhdudlaşdırılıb. Yarovoy onun yaxınlarına salam göndərdiyini, lakin indiki vəziyyəti və gələcəyi barədə nikbin olmadığını bildirib.

Daha əvvəl “Slovo zaşite” teleqram kanalı mənbələrinə istinadən Kınevin saxlanılarkən döyüldüyünü və nəticədə baldır sümüyünün iki yerdən sındığını xəbər vermişdi. Politoloq əvvəlcə “Matrosskaya Tişina” təcridxanasının xəstəxanasında saxlanılıb. Lakin vəkili Mixail Biryukov döyülmə barədə məlumatı nə təsdiqləyə, nə də təkzib edə bildiyini açıqlayıb.

Kınevin köçürüldüyü “Medved” təcridxanası illərdir hüquq müdafiəçilərinin tənqid hədəfindədir. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü olmuş Yelena Masyuk hələ 2015-ci ildə burada məhbusların döyülməsi, onlardan pul qoparılması və intihara sürüklənməsi halları barədə məlumat yaymışdı.

Masyuk 2014-cü ilin dekabrında iki məhbusun kamera yoldaşını saatlarla döydüyünü, təcridxana əməkdaşlarının isə buna müdaxilə etmədiyini yazmışdı. O, 2016-cı ildə “Novaya qazeta”da dərc olunan məqaləsində də bu cür halların davam etdiyini bildirmişdi.

2022-ci ildə isə İctimai Müşahidə Komissiyasının üzvü Yeva Merkaçova təcridxanadakı ağır şərait barədə şikayətləri açıqlamışdı. Məhbuslar tibbi xidmətin yarıtmazlığından, kameraların həddindən artıq dolu olmasından, yataq ləvazimatlarının çatışmazlığından şikayətlənirdilər. Bəzi kameralarda siçovulların olduğu, havalandırmanın işləmədiyi, döşəmələrin çürüdüyü və məhbusların öz gödəkçələrinin üstündə yatmağa məcbur qaldığı bildirilirdi.

Qeyd edək ki, bu təcridxanada əvvəllər müxalif siyasətçi İlya Yaşin, hüquq müdafiəçisi Vladimir Vorontsov və digər tanınmış şəxslər də saxlanılıblar.

Aleksandr Kınev sentyabrın sonunda külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya göndərilməsi ittihamı ilə həbs olunub. Politoloq bundan əvvəl Dövlət Dumasına seçkilərdə mümkün saxtalaşdırmalar barədə açıqlamaları ilə tanınırdı. O, seçkilərdə real iştirak səviyyəsini təxminən 40 faiz, hakim “Vahid Rusiya” partiyasının nəticəsini isə 35 faizədək qiymətləndirmişdi.