"Rusiyanı faşist Almaniyasının aqibətinə bənzər sonluq gözləyir" - XAQANİ CƏFƏRLİ
"Putin rusdillilərin hüququnun qorunması bəhanəsi ilə qonşularını təhdid edir, Ukrayna və Qazaxıstanın bir sıra ərazilərinə iddia edir, NATO və Avropa Birliyinin postsovet məkanı tərk etməsini tələb edir"
"Hitler 1938-ci ilin sentyabrında əhalisinin 90 faizi almanlardan ibarət olan Sudet vilayətinin Çexoslovakiyadan qoparılıb Almaniyaya verməsini tələb etdi. İstəyi təmin edilməyəcəyi halda müharibəyə başlayacağı ilə bağlı ultimatumla çıxış etdi. Əsas vəzifələri sülhü qoruyub saxlamaq olduğunu iddia edən Böyük Britaniyanın baş naziri Nevil Çemberlen və Fransanın baş naziri Eduard Daladye Hitlerin istəyini təmin etdilər. İkinci dünya müharibəsinin yolu açıldı". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Putini Hitlerlə eyniləşdirən politoloq qeyd edib ki, Kremlin sahibi də rusların və rusdillilərin hüququnun qorunması adı altında bütün dünyanın gözü önündə Krımı ilhaq edib: "Üstəlik, həmin rusdillilərin hüququnun qorunması bəhanəsi ilə bütün qonşularını təhdid edir, Ukrayna və Qazaxıstanın bir sıra ərazilərinə iddia edir. Müharibə təhdidi ilə NATO və Avropa Birliyinin postsovet məkanı tərk etməsini, bu bölgəni Rusiyanın nəzarətinə verilməsini tələb edir. Boris Conson Nevil Çemberlenin tarixdəki mənhus rolunu təkrar etmək istəmir. Emmanuel Makron Putindən Daladye Hitlerdən qorxduğundan daha çox çəkinir. Politoloqlar Co Baydenin Franklin Ruzvelt kimi qətiyyətli ola bilməyəcəyindən ehtiyat edirlər".
Gələcək nəsillərin Putini Hitlerə bənzədən Hillari Klintonu hörmətlə xatırlayacağını vurğulayan Xaqani Cəfərlinin sözlərinə görə, Putin isə öz növbəsində, Hitlerin izi ilə getməkdə qətiyyətlidir: "Təbii ki, sonu da fərqli olmayacaq. Belə ki, Rusiyanı da faşist Almaniyasının aqibətinə bənzər sonluq gözləyir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az