📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanı tərk eləmiş Qərb geyim brendlərinin yerini İran məhsulları tuta bilər

2022-04-12 17:06:00

Rusiyanı tərk eləmiş Qərb geyim brendlərinin yerini İran məhsulları tuta bilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Ticarət Mərkəzləri Şurası Qərb şirkətlərinin ölkəni tərk eləməsindən sonra bazarda yaranmış boşluğu doldurmaq üçün ölkədə İran geyim brendləri mağazalarını açmağa hazırdır. Bu barədə açıqlamanı Şuranın mətbuat xidməti verib.

TASS informasiya agentliyində dərc edilən açıqlamada deyilir: “Rusiya İran istehsalçılarının mağazalarını açmağa hazırdır. Lakin onların Rusiya parakəndə satış bazarına çıxarılmasında bir sıra məsələləri həll eləmək lazım olduğundan cari ildə bunun mümkün olması çətindir. İran brendlərinin təmsilçiləri Rusiya bazarında boşluğu qarşıdakı üç il ərzində doldura bilərlər”.

Rusiyada ilkin mərhələdə İran geyim və ayaqqabılarının bazara daxil olması üçün azı 30 ticarət müəssisəsi açmağı planlaşdırılır.

Rusiya Ticarət Mərkəzləri Şurasının qurucusu və direktoru Oleq Voystexovskiy deyib: “İran istehsalçıları əlavə sərmayə qoymadan bizim ölkədə inkişaf eləmək istəyirlər. İranın Rusiyada tanınmış brendləri olmadığından, brendin yaradılmasına, məhsulun marketinq dəstəyinə pul və zaman xərcləmək lazımdır”.

İran fabriklərinin məhsullarının əsas hissəsi müxtəlif qiymət kateqoriyalarından olan dəri paltarlar, ayaqqabılar və çantalardır.

Hürr Tərcüman