"Rusiyanın 2025-ci ildən sonra da Qarabağı tərk etmək niyyəti yoxdur" - FUAD QƏHRƏMANLI
"Rusiya Bakıya raket daşıyan gəmi göndərməklə açıq şəkildə əzələ nümayiş etdirir və yumşaq şəkildə hərbi güclə təhdid edir"
"Bu təhdidin məhz Nikolay Patruşevin Bakı səfərindən öncə edilməsi, o deməkdir ki, Azərbaycan Rusiyanın şərtlərini qəbul etməyəcəyi təqdirdə başqa vasitələr də gündəmə gələ bilər"
"Rusiyanın raket daşıyan hərbi gəmisinin Bakı buxtasına gəlişindən dərhal sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri iki ölkə arasında mühüm məsələlərin müzakirə ediləcəyini göstərir. Azərbaycan Müdafiə Nazirliyinin rus hərbi gəmi heyyətinin tarixi və mədəni abidələrə baxış, idman yarışında iştirak edəcəyi ilə bağlı açıqlaması aydındır ki, bu gəlişin məqsədini pərdələmək üçündür". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
"İndi bəlli olur ki, Rusiya Azərbaycanın üzərinə qoyduğu şərtlərin yerinə yetirilməsi üçün konkret addımlar atılmasını istəyir və Patruşev də bu addımları müzakirə etmək üçün gəlib"
Siyasi şərhçi hesab edir ki, Rusiya Bakıya raket daşıyan gəmi göndərməklə açıq şəkildə əzələ nümayiş etdirir və yumşaq şəkildə hərbi güclə təhdid edir: "Bu təhdidin məhz Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin Bakı səfərindən öncə edilməsi, o deməkdir ki, Azərbaycan Rusiyanın şərtlərini qəbul etməyəcəyi təqdirdə başqa vasitələr də gündəmə gələ bilər. Belə görünür ki, Qarabağdakı birgünlük hərbi əməliyyatlarda Rusiyanın neytrallığı müqabilində Azərbaycanın hakimiyyəti öz üzərinə müəyyən öhdəliklər götürüb. Əslində, Qarabağın erməni separatçılarından azad edilməsi prosesinə hakimiyyətin 44 günlük savaşda olduğundan fərqli daha susqun qalması, bu baxımdan müəyyən şübhələrə yol açmışdı. İndi isə bəlli olur ki, Rusiya Azərbaycanın üzərinə qoyduğu şərtlərin yerinə yetirilməsi üçün konkret addımlar atılmasını istəyir və Patruşev də bu addımları müzakirə etmək üçün gəlib".
Fuad Qəhrəmanlının sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Qarabağda 25 gözətçi məntəqəsi yaratmağa başladıqlarını bəyan etməsi onu göstərir ki, Qarabağda erməni qalmadığı üçün ruslar indi də sülhməramlı fəaliyyəti yeni bir forma ilə əvəzləməyə çalışırlar: "Absurda baxın, guya erməni ordusundan alınmış sınıq-salxaq silahların qorunması üçün onları müxtəlif anbarlara yığıb qorumaq lazım imiş. Belə cəfəng əsas, bəhanə yəqin ki, onu uyduranların özünə də xeyli gülməli gəlib. Çünki bu müsadirə olunmuş silahlar ya Azərbaycan ordusunun balansına verilməli, ya da ən pis halda rusların sərəncamına keçməli idi. Bu silahları bahalı muzey eksponatı kimi qorumaq nə deməkdir? Belə bir cəfəngiyat uydurmanı ortaya atılması onu göstərir ki, ruslar heç də Qarabağı tərk etmək niyyətində deyillər. İndi onlar müsadirə edilmiş silahların mühafizəsi adı altında özlərinin nəzarət edəcəyi və Azərbaycan ordusunun daxil ola bilməyəcəyi ərazilər, obyektlər yaratmaqla Qarabağda hərbi baza qurmaq üçün zəmin yaradırlar. Əgər bu olacaqsa, o zaman demək ki, rusların 2025-ci ildən sonra da Qarabağı tərk etmək kimi bir niyyətləri də yoxdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu heç gizlətmir. O, son müsahibəsində deyib ki, Rusiya ordusunun varlığı Qarabağda təhlükəsizliyi təmin etmək üçün vacibdir və ola bilsin ki, gedən ermənilər buna görə geri də dönsünlər. Bilirsiniz bu nə deməkdir, adam açıq şəkildə deyir ki, tələsməyin bizi yola salmağa, biz qeyri-müəyyən müddətə qədər Qarabağda oturub gedənlərin nə zamansa geri dönəcəyini gözləyəcəyik. Zaxarova isə rus "sülhməramlılarının" fəaliyyətinin yeni şərtlərə uyğunlaşdırılacağını deyib. Belə aydın olur ki, Patruşev də elə bu məsələni həll etməyə gəlib və Azərbaycan bundan sonrakı mərhələdə Qarabağda rusların faktiki olaraq baza qurmasına razılıq verməlidir".
"Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişini uzatmaqla, İrəvan üzərində hərbi təhdid yaradıb bu yolla öz nəzarəti altında Zəngəzur dəhlizininin açılmasına nail olmağa çalışır"
Siyasi şərhçinin fikrincə, Rusiya başa düşür ki, bu gedişlə Ermənistan öz ərazisindəki Rusiya ordusunun çıxarılmasını tələb edəcək: "O zaman Rusiya üçün Cənubi Qafqazda öz hərbi mövcudluğunu saxlamağın yeganə yolu Qarabağda qurmaq istədiyi hərbi baza olacaq. Ona görə də bu məsələ Moskva üçün geostrateji bir əhəmiyyətə malikdir. Patruşevin həll etmək istədiyi digər bir məsələ də çox güman ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişini uzatmaqla, İrəvan üzərində hərbi təhdid yaradıb bu yolla öz nəzarəti altında Zəngəzur dəhlizininin açılmasına nail olmağa çalışır. Ona görə də Zəngəzur məsələsi Moskvanın istədiyi şəkildə həll edilməyincə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq Putin üçün strateji bir hədəfdir. Bu elə bir prosesdə tutacağı mövqe həm də Azərbaycanın geosiyasi seçimini müəyyənləşdirəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az