"Rusiyanın AŞPA-da səsvermə hüququ əlindən alınacaq" - XAQANİ CƏFƏRLİ
"Rusiya ilə Qərb arasında münasibətlər gərginləşdikcə Azərbaycan hökumətinin qəti seçim etmə anı yaxınlaşır"
"Ukrayna və Litva Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) mandatını şübhə altına alan təşəbbüslə çıxış edib. Hər iki təşəbbüs tələb olunan qədər dəstək qazandığı üçün Parlament Assambleyasında müzakirəyə çıxarılacaq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, istisna deyil ki, Rusiya nümayəndə heyyətinin səsvermə hüququ əlindən alınacaq: "Bu, Parlament Assambleyasının üzvlərinin səsverməsindən asılı olacaq. Bu səsvermə zamanı Azərbaycanlı deputatlar çətin seçim qarşısında qalacaqlar. Ümumiyyətlə, Rusiya ilə Qərb arasında münasibətlər gərginləşdikcə Azərbaycan hökumətinin qəti seçim etmə anı yaxınlaşır. Şimalla Qərb arasında seçim Azərbaycan hökumətinin maraqlarına uyğun deyil".
Xaqani Cəfərli qeyd edib ki, rəsmi Bakı çoğrafi qütbdən daha geniş məna kəsb edən Şimal və Qərb arasında seçim etmək istəmir: "Lakin bəzən seçim etmək məcburiyyətə çevrilir. Ancaq bu o qədər də faciəli hal deyil. Çünki bəzən elektrik stulu ilə gilyotin arasında seçim imkanı da nemət sayıla bilir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az