"Rusiyanın Azərbaycandan tələbi budur ki, Ermənistanla sülh lazımdırsa, Türkiyə ilə məsafə saxla" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada Nikol Paşinyan və İlham Əliyev Vladimir Putinin vasitəçiliyi ilə bir araya gələ bilər"
"Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqaviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır. Çünki hazırda davam edən proseslər bunu qeyd etməyə əsas var". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Ermənistan tərəfinin buna hazır olmadığını vurğulayan politoloqun sözlərinə görə, bunun əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin detalları onda müzakirə edilə bilər ki, Türkiyə Ermənistan sərhədləri açılır və Kremlin İrəvana təzyiqləri neytrallaşır. Belə olmadıqda Azərbaycan və Ermənistan arasında arasında hər hansı bir sülh müzakirələrindən danışmaq tezdir. Qeyd edim ki, Ermənistan tərəfi status məsələsi deyib durub, həmçinin Azərbaycan ərazisində etnik ermənilərin yaşadığı ərazilərdə Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir, silahlı erməni birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır".
Məhəmməd Əsədullazadə hesab edir ki, əgər Ermənistan tərəfi hazırkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər: "Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur. Əgər silahlı erməni birləşməşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Türkiyə Azərbaycan arasında hərbi təlimlər buna əsaslanır. Moskva da Qarabağda baş verənlərin onun mövqelərinə mənfi təsir etdiyinin fərqindədir. Ermənistan və Azərbaycan arasında elə bir ciddi problemlər var ki, bu problemi üç ay ərzində sülh danışıqları ilə həll etmək mümkün olmayacaq və buna İrəvan da hazır deyil. Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrindən söhbət gedə bilsin".
Politoloq qeyd edib ki, hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada Nikol Paşinyan və İlham Əliyev Vladimir Putinin vasitəçiliyi ilə bir araya gələ bilər: "Rusiyanın Azərbaycandan tələbi budur ki, Ermənistanla sülh lazımdırsa, Türkiyə ilə məsafə saxla. Amma Azərbaycan haqlı olaraq Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az