📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın "barmağı", "5-ci kolon"un rolu: Sərhəddəki döyüşlə bağlı yeni detallar

2023-05-11 17:00:00

Rusiyanın

Ermənistan vəziyyəti daha da gərginləşdirmək niyyətindədirsə, bu, onun özü üçün pis olacaq. Çünki ordumuzun qüdrəti və hərb sənayemizin gücü onlara bəllidir. 44 günlük müharibədə olduğu kimi, yenidən ciddi itkilərə məruz qalacaqlarını gərək unutmasınlar.

Hurriyyet.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli Ermənistan ordusunun mayın 10-dan etibarən Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmasını ermənilərin reallıqlarla barışmaq istəməməsi ilə əlaqələndirib:

“Ermənistanda müxtəlif qüvvələr var ki (revanşistlər, “Qarabağ” klanı, Daşnaksutyun Partiyası, “Şərəfim var” fraksiyası və s.), onlar qisasçılıq eşqi ilə alışıb yanır, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını istəmir. O şəxslər Rusiyanın “5-ci kolon”u olduqlarını da açıq-aşkar nümayiş etdirirlər. Mən hesab edirəm ki, atəşkəs rejiminin pozulmasında elə Rusiyanın "5-ci kolon"unun da rolu var. Onlar Vaşinqton görüşlərinin nəticələrinə etiraz əlaməti olaraq, bu təxribatlara əl atırlar. Sülh danışıqlarının ABŞ və ya Brüsseldə, Kişinyovda deyil, Moskvada aparılmasını istəyirlər. Bunu Rusiya XİN-in sözçüsü Zaxarova da dəfələrlə bildirib”.

Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın vəziyyəti gərginləşdimək istəyi onun özünə sərf etməyəcək. Çünki Azərbaycan ordusunun arsenalında daha mürəkkəb silahlar var. Azərbaycan ordusunun atəş gücü Ermənistanın atəş gücündən 5-7 dəfə artıqdır. Bunu ermənilər özləri çox yaxşı bilir. Yəni çirkin əməllərinə son verməsələr, daha ciddi zərbələr alacaqlar.

Politoloqun sözlərinə görə, Ermənistan vəziyyəti daha da gərginləşdirsə, ABŞ və Avropa dövlətləri də işə qarışacaq və eskalasiyanın genişlənməsinə imkan verməyəcək.

Q.Hüseynli onu da vurğulayıb ki, Rusiyanın bölgəyə yerləşdirdiyi sülhməramlılar da öz pozuculuq fəaliyyətini davam etdirirlər, çünki Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasını həzm edə bilmirlər.

“Bildiyiniz kimi, dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkə başçısı Şuşadan Azərbaycan xalqına müraciət etdi. Həmçinin ölkəmizdə bir sıra əhəmiyyətli tədbirlər təşkil olundu, atəşfəşanlıq keçirildi. Düşünürəm ki, Ermənistanın dünən başlayan və hələ də davam edən təxribatlarının məqsədi məhz Azərbaycan xalqının bayram əhval-ruhiyyəsini pozmaq, qanını qaraltmaq olub”, - Qabil Hüseynli əlavə edib.