"Rusiyanın bizim regionla bağlı sərgilədiyi əvvəlkindən fərqli siyasət aysberqin görünən tərəfidir" - SAHİB ALIYEV
"Qriqorian kiləsənin qara keşişlərinin hərəkətə gətirilməsi, onların çiyinlərindəki paqonların parıltısının yaxalarındakı xaçı kölgədə qoyması isə ondan xəbər verir ki, Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir"
"İkinci Qarabağ savaşı zamanı və sonra şifahi sövdələşmə nəticəsində Azərbaycanla şərti sərhədboyunca yerləşdirilən Rusiya hərbçilərinin dislokasiya yerlərini dəyişdirməsi və Zvartnots hava limanını tərk etmələri haqda Valdimir Putinlə Nikol Paşinyan arasındakı razılaşmanı ikincinin komandasındakılar "qələbə" kimi təqdim etməyə çalışırlar. Ermənistan baş nazirinin Moskvadan "qələbə" ilə döndüyünü təsdiqləyəcək nəsə varsa, o da iki cüt, bir tək Rusiya sərhədçisinin Zvartnots hava limanından çıxarılmaları məsələsidir ki, onunla da bağlı öncədən razılıq vardı". Hurriyyet.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev bildirib.
Millət vəkili qeyd edib ki, birinci halda olsa-olsa, Rusiyanın Azərbaycana yanaşmada son zamanlar sərgilədiyi siyasətin, yəni dostcasına davranışın davamından söhbət gedə bilər: "Çünki Rusiyanın Ermənistan-Azərbaycan şərti sərhəddindəki hərbçiləri bizim üçün təhlükə sayılmasa da, o, Avropa Birliyinin "mülki" missiyası sayaq sözü gedən dölətin kimin yanında və kimə qarşı olduğunun sərgilənməsi baxımından rəmz rolu oynayırdı. İndi bu rəmz aradan qaldırılır. Fəqət Qriqorian kiləsənin qara keşişlərinin hərəkətə gətirilməsi, onların çiyinlərindəki paqonların parıltısının yaxalarındakı xaçı kölgədə qoyması isə ondan xəbər verir ki, Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir".
Sahib Alıyev hesab edir ki, Rusiyanın bizim regionla bağlı sərgilədiyi əvvəlkindən fərqli siyasət aysberqin görünən tərəfidir, görünməyən tərəfində isə hər şey əvvəlki kimi qalmaqdadır.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az