Rusiyanın dəniz blokadasına baxmayaraq, yeni Ukrayna taxıl dəhlizi fəaliyyətə başlayıb
Ukrayna taxılı yüklənmiş ilk böyük gəmi cümə günü səhər Odessadan Ukraynanın Rusiya dəniz blokadasına məhəl qoymadan açdığı yeni Qara dəniz dəhlizi ilə yola düşüb.
Vladimir Putinin dəniz dəhlizinin bağlanması əmri verdiyi və Rusiya ordusu Ukraynaya gedən bütün gəmiləri onları hərbi hədəf hesab edəcəyi ilə hədələdiyi üçün iyul ayından Ukrayna Türkiyə boğazlarından dəniz yolu ilə dünya bazarına taxıl daşımır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini fikrini dəyişməyə inandırmağa çalışsa da, buna nail ola bilməyib. Və sonra Ukrayna Kremldən asılı olmayaraq birbaşa Türkiyə ilə razılığa gəldi.
İlk sınaq reysi bir gün əvvəl uğurla başa çatıb. "Resilient Africa" adlı Palau bayrağı altında üzən türk yük gəmisi üç min ton Ukrayna buğdasını Bosfor boğazına çatdırıb.
Cümə günü "Aroyat" gəmisi daha böyük bir yüklə - demək olar ki, 18 min ton buğda ilə yol a düşüb . "MarineTraffic" xidmətinin məlumatlarına əsasən, yük daşıyıcısı tezliklə Ukraynanın ərazi sularını tərk edəcək.
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, o, insidentsiz Bosfor boğazına çatarsa, buğda Misirdəki alıcı tərəfindən qəbul ediləcək. O, ekipajın Misir, Türkiyə, Azərbaycan, Belçika və Albaniya vətəndaşlarından ibarət olduğuna aydınlıq gətirib.
Ukraynanın əsas ixrac məhsulu üçün yeni dəhliz nə həcmdə, nə də təhlükəsizlik baxımından əvvəlki ilə müqayisə oluna bilməz. Ekspertlər xəbərdarlıq ediblər ki, Rusiya taxıl sazişindən çıxdıqdan sonra qlobal taxıl bazarında əsas rəqibi olan Ukraynada liman infrastrukturunu və taxıl ehtiyatlarını bilərəkdən məhv etdiyi üçün bu tədarükləri pozmağa cəhd edə bilər.
Ülviyyə, Hurriyyet.az