Rusiyanın ərazisi Xəzər dənizinin hesabına 3 min kvadrat kilometr artıb
Dağıstanın inzibati ərazisinə daxil olan bir neçə ada Xəzər dənizinin dayazlaşması nəticəsində quru əraziyə çevrilib. Nəticədə respublikanın ərazisi 2–3 min kvadratkilometr artıb.
Modern.az-ın xəbərinə görə, geoloq, coğrafiya elmləri namizədi İdris İdrisov müsahibəsində vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi eyni zamanda quru ərazilərin sahəsinin artmasına səbəb olur.
“Yumurta adası (Yaıçnı), Çeçen adası, Piçujonok, Bazar və Pruqunki kimi adalar artıq materiklə birləşib. Onlara avtomobillə getmək mümkündür. Dağıstanın ərazisi artıq 50,3 min deyil, təxminən 52–53 min kvadratkilometr təşkil edir”.
Onun sözlərinə görə, bölgənin təbii vəziyyətini düzgün qiymətləndirmək üçün sahil zonası və bütövlükdə Xəzər dənizi üzrə yeni rəsmi topoqrafik xəritələrin hazırlanması lazımdır.
İdrisov həmçinin ehtimal edir ki, Xəzərdə suyun səviyyəsi bir metrdən də az aşağı düşərsə, təxminən 63 hektar sahəsi olan Nordovı adası da tamamilə materiklə birləşəcək. Ada Kizlyar körfəzində yerləşir və burada dəniz quşlarının böyük koloniyalar şəklində yuvaladığı ərazilər var.
“Dənizin səviyyəsi bundan sonra da aşağı düşəcək. Lakin 2020-ci ildən sonra müşahidə olunan sürətli azalma tempi uzun müddət davam edə bilməz”, — deyə geoloq bildirib.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri fasiləsiz olaraq azalır. Azalma sürəti ildə təxminən 10 santimetr təşkil edir. 2026-cı ilə qədər suyun səviyyəsi mənfi 29,4 metr göstəricisindən də aşağı düşüb. Bu göstərici 1977-ci ildə qeydə alınmış tarixi minimumu da geridə qoyub.
Son 30 ildə Xəzər dənizi öz səthinin təxminən 7,4%-ni, yəni 28 min kvadratkilometrdən çox ərazisini itirib. Suyun səviyyəsinin azalması nəticəsində dənizin Qazaxıstana aid hissəsində də yeni adalar formalaşmağa başlayıb.