Rusiyanın hərbi və polis cinayət statistikası gizlədilir
Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin 2025-ci il hesabatlarında hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən törədilən cinayətlər barədə məlumat açıqlanmayıb.
Hurriyyet.net xarici mediaya istinadla xəbər verir ki, dövlətə xəyanət, casusluq və ordunun "nüfuzunu aşağı salmaq" kimi işlər üzrə statistika da bağlanıb.
2 oktyabrda dərc olunan hesabatda xəyanət, dövlət sirrinin açıqlanması və təxribat işləri üzrə heç bir statistika yoxdur. Dövlət sisteminin əsaslarına və konstitusiya təhlükəsizliyinə qarşı cinayətlər haqqında fəsil də çıxarılıb. Ekstremist icmanın təşkili və ordunun "nüfuzunun aşağı salınması" ilə bağlı işlər üzrə məlumatlar da ayrıca gizlədilib.
Departament 2024-cü il hesabatında vətəndaşların ölü və ya itkin düşmüş elan edilməsi ilə bağlı rekord sayda 17.500 iddia barədə məlumat verib. 2025-ci ilin sonunda Rusiya məhkəmələri bu cür işlər haqqında məlumatları veb saytlarından silməyə başlayıb.
Nifrətə təhrik, separatizmə çağırışlar və "xarici agent" qaydalarının pozulması ilə bağlı inzibati işlər üzrə statistika da gizlədilib.
Əvvəllər departament hərbi qulluqçular, hakimlər, müstəntiqlər, polis məmurları, prokurorlar və Federal Penitensiar Xidmət işçiləri tərəfindən törədilən cinayətlər barədə məlumatları ayrıca dərc edirdi. İndi isə hesabatdakı müvafiq sətirlər boz rəngdədir.