"Rusiyanın hətta “Taktiki” nüvədən istifadəsi onun qələbəsini təmin etməyəcək"
“Ərazi, əhali və təbii sərvət baxımdan kifayət qədər üstünlüyə malik olan Rusiyanın suveren dövlətlərin ərazisini işğal etməklə sərhədlərini genişləndirməsi və ya “referendum” adıyla özünə ilhaq etməsini heç cür anlamaq olmur. Ən dəhşətlisi isə ölkə rəhbərinin bunu dövlətinin, hakimiyyətinin uğuru kimi dəyərləndirməsi ümumiyyətlə normal düşüncəyə sığmır. Görünən odur ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğalçılıq müharibəsindəki biabırçı məğlubiyyəti onu daha da qəzəbləndirir. Ukrayna ordusunun cəsarəti, peşəkarlığı, vətəninin azadlığı uğrundakı mübarizəsi rus qoşunlarının getdikcə geri çəkilməsinə və ard-arda itkilər verməsinə gətirib çıxarır”.
Hurriyyet.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov deyib. Analitik qeyd edib ki, məğlubiyyətini etiraf etməsə də, vətəndaşlarının iradəsinin ziddinə olmasına baxmayaraq verilmiş səfərbərlik qərarı Rusiyanın necə bir çətin vəziyyətdə olduğunu, illərlə formalaşmış streotiplərin qırıldığını, rus ordusunun “əzəmətli”, “yenilməz” imicinin itirildiyini deməyə əsas verir.
“Amma düşünürəm ki, bu vəziyyət heç də Rusiyanın tutduğu mövqeyindən geri çəkilməsinə səbəb olmayacaq. Əksinə Rusiyanın Ukraynanın suveren torpaqlarını qeyri-qanuni olaraq özünə ilhaq etməsi iki dövlət arasında sülh danışıqlarına olan ümidin tamamilə itirilməsinə səbəb ola bilər. Üstəgəl ABŞ-ın “Lend liz” proqramı çərçivəsində Ukraynaya ən müasir silahlarını verməsi və Ukraynanın apardığı mübarizəsini dəstəkləməsi müharibənin ən kəskin fazaya keçməsinə gətirib çıxaracaq. Belə olan təqdirdə, Qərbin mübarizəsinə qarşı özünü təkləmiş hesab edən və getdikcə geriyə çəkilmək məcburiyyətində qalan Rusiyanın işğal etməklə özünə birləşdirdiyi “qanuni ərazilərini” qorumaq adıyla “Taktiki” nüvə silahından istifadə edəcəyi qorxusunu yaradır. Amma Rusiya tərəfi yaxşı bilir ki, ən son anda belə “Taktiki” nüvə silahından istifadəsi onun qələbəsini təmin etməyəcək. Əksinə bu müharibənin mahiyyətinin dəyişməsinə və daha ciddi forma almasına, habelə, İkinci Dünya Müharibəsindən sonra ən dəhşətli hərbi eskalasiya olacağına gətirib çıxaracaq”.
Aynurə