📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Müdafiə naziri: “Dağlıq Qarabağda, Suriyada və xaricdəki digər bazalarımızda xidmət edən...”

2021-12-28 15:08:00

Rusiyanın Müdafiə naziri: “Dağlıq Qarabağda, Suriyada və xaricdəki digər bazalarımızda xidmət edən...”

Dağlıq (?) Qarabağda Rusiya bazası? – Şoyqu nə danışır?

Hurriyyet.az “RİA Novosti” agenliyinə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan ərazisindən danışarkən artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsini işlədib.

Şoyqu Rusiyalı sülhməramlıların Qarabağda vəziyyəti sakitləşdirdiklərini və sülh yaratdıqlarını deyib. Şoyqu sülhməramlılar tərəfindən regionda planlı iş aparıldığını, sülhməramlıların sutkada 24 saat postlarda növbə tutduqlarını söyləyib.

Şoyqu deyib: “Dağlıq Qarabağda, Suriyada və xaricdəki digər bazalarımızda xidmət edən bütün komandirlərə, hərbçilərə, sıravilərə, serjant heyətinə minnətdarlığımı bildirirəm”(https://ria.ru/20211228/karabakh-1765809695.html).

O, həmçinin, il ərzində 3 mindən artıq obyekti bərpa etmiş hərbi inşaatçılara minnətdarlığını bildirib (10 noyabr sazişində 1960 nəfər olması nəzərdə tutulan sülhməramlılar bu qədər obyektin təmir-tikinti işlərini necə çatdıra biliblər? – red.). Şoyqu deyib: “Bunun sayəsində infrastukturun vəziyyətini kəmiyyət və keyfiyyət cəhətdən yaxşılaşdıra, müasir və keyfiyyətli səviyyəyə çatdıra bilmişik”.

Bundan başqa o, bölgədə tibbi və humanitar yardımla məşğul olan əməkdaşlara da təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazinin olmadığını bildirib: “Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Beləliklə, Rusiyanın Müdafiə naziri bu açıqlamanı verməklə, diplomatik savadsızlığını nümayiş etdirib.

Sülhməramlılar postlarda sutkada 25 saat oyaq qalsalar belə, Azərbaycan ərazisində Dağlıq Qarabağ adında rəsmi inzibati ərazi artıq yoxdur və bununla barışmağı bacarmaq lazımdır.

Hürr Tərcüman