📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayəndə təyin etməsinin SƏBƏBLƏRİ...

2022-04-15 15:34:00

Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayəndə təyin etməsinin SƏBƏBLƏRİ...

Samir Hümbətov: "Rusiya tərəfi onu da yaxşı başa düşür ki, tərəflər arasında sülh müqaviləsi olarsa, onun "sülhməramlıları" Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir"

"Yeni yayılan məlumata görə, Rusiya tərəfi elan edib ki, artıq ATƏT-in Minsk Qrupu olmayacaq, amma Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi təyin olunacaq. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Rusiya yenidən məsələnin həllinə mane olmağa çalışır". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib.

Bununla yanaşı, politoloq qeyd edib ki, artıq Azərbaycan və Ermənistan liderləri səviyyəsində görüş keçirilib və birbaşa sülh danışıqlarına başlamaları üçün razılıq əldə edilib: "Həmçinin, bir neçə gün öncə Azərbaycan və Ermənistan XİN başçıları arasında birbaşa telefon əlaqəsi yaranıb və 6 aprel 2022-ci ildə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş sülh danışıqlarının detallarını müzakirə ediblər. O zaman sual yaranır ki, Rusiya bu proseslərin baş verməsi fonunda niyə belə narahat olur? Niyə Azərbaycan və Ermənistan arasında birbaşa ikili təmasların olmasını istəmir? Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmadan sonra Rusiyanın "xüsusi nümayəndə" təyin etməsinə nə gərək var? Fikrimcə, Rusiyanın əsas məqsədi münaqişənin həlli istiqamətində ciddi addımlar atılmasına mane olmaq və sülh prosesini ləngitməkdir. Əlbəttə ki, artıq hər iki tərəf arasında birbaşa razılıq əldə olunubsa, üçüncü tərəfə ehtiyac yoxdur".

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədrinin sözlərinə görə, Rusiya tərəfi onu da yaxşı başa düşür ki, tərəflər arasında sülh müqaviləsi olarsa, onun "sülhməramlıları" Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir: "Ona görə də belə narahatlıqları büruzə verməkdədir. Buradan onu da anlamaq olur ki, ATƏT-in 28 illik "fəaliyyəti"ndə də Rusiyanın danılmaz "zəhməti" olub. Lakin artıq bölgədə reallıqlar dəyişib və Azərbaycan-Ermənistan arasında birbaşa əlaqə qurulub. Bundan sonrakı mərhələdə də ikili formatın davam etməsinə inam çoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az