Rusiyanın Qarabağdakı POZUCULUQ FƏALİYYƏTİ...
Məhəmməd Əsədullazadə: "Moskva Ermənistana ciddi təzyiqlər edərək, Azərbaycanla əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışır"
"Rus "sülhməramlılar"ı Qarabağda sülhün, təhlükəsizliyin təmini üçün təhdiddir və Azərbaycanın etnik ermənilər üzərində yuridiksiyasının qarşısının alınmasına xidmət edir"
"Rusiyanın Qarabağda qanunsuz fəaliyyəti, Brüssel görüşündə əldə olunan razılaşmalara qarşı həyata keçirdiyi siyasət Türkiyəni hərəkətə gətirir"
Hazırda Ermənistan tərəfi Xocalının Fərrux kəndində itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxta Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşğuldur. Bu barədə caliber.az-ın "youtube" kanalında yayımlanan növbəti materialda bildirilib. Video süjetdə o da qeyd olunub ki, Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub: "ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb".
Bu arada, axar.az-ın məlumatına görə, rusiyalı politoloq Aleksey Malaşenko isə hesab edir ki, Qərb və Rusiya yalnız Ukrayna münaqişəsində deyil, həm də Cənubi Qafqaz məsələlərində rəqabət aparırlar: "Bugünlərdə baş verən prosesləri dönüş nöqtəsi kimi səciyyələndirmək də olar. Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda rəqabət başlayıb və bu regionda kimin lider olacağını müəyyən edəcək". Malaşenkonun sözlərinə görə, Qərb Cənubi Qafqazda Rusiya ilə hər cür əlaqələrdən qəsdən imtina edir, onu regiondan tamamilə çıxarmağa çalışır: "Qərbin yaxın vaxtlarda Qarabağda Rusiya sülhməramlıları məsələsi ilə məşğul olması artıq bəllidir. Qərb siyasi isteblişmenti bu gün Rusiyanın mövqelərini müəyyən qədər zəiflətmək üçün hər şeyə hazırdır. Bu, hər iki tərəf üçün yeni və çətin bir vəziyyətə gətirib çıxaracaq. Ciddi mübarizə münaqişə tərəfləri arasında deyil, qlobal oyunçular arasında gedəcək. Qərb hesab edir ki, Rusiyanın diplomatik cəhətdən kənarlaşması məsələsini həll edib, indi hərbi kontingentləri ilə məşğul olmaq zamanı gəlib. İlk növbədə isə Qərb Qarabağdan sülhməramlıların çıxarılmasına nail olmağa çalışacaq. Yəqin ki, Rusiya da öz alətləri çərçivəsində fəaliyyət göstərəcək və qeyd edək ki, manevr üçün kifayət qədər geniş bir məkandır".
"Lavrovun dediklərindən belə məlum olur ki, Rusiyanın siyasəti sülhün əldə edilməsinə deyil, ermənilərin müdafiəsinə hesablanıb"
Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan üçün Minsk qrupu formatı bitib. Brüssel görüşündə bu məsələnin müzakirə edilmədiyini vurğulayan politoloqun fikrincə, artıq Moskvanın da bunu elan etməsi rəsmi Bakının qələbəsidir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə Ermənistanın müdafiəsini gücləndirəcəklərini vurğulasa da bu, prinsipcə mümkün deyil. Çünki Rusiyanın Ermənistana hərbi sahə üzrə kredit vermək üçün maliyyə imkanları məhduddur. Bu gün Rusiyanın özünə maliyyə lazımdır. Həmçinin, artıq Rusiya hərbi texnikasının nəyə "qadir" olduğu hər kəsə bəllidir. Odur ki, Moskva Ermənistana bahalı silahlar hədiyyə etməyəcək. Bundan başqa, Lavrovun dediklərindən belə məlum olur ki, Rusiyanın siyasəti sülhün əldə edilməsinə deyil, ermənilərin müdafiəsinə hesablanıb. Belə olan təqdirdə, Rusiya "sülhməramlı" qüvvələrinin Qarabağdakı fəaliyyəti məhz Lavrovun dediyi kimi ermənilərin müdafiəsi üçündür. Ona görə də rus "sülhməramlılar"ı Qarabağda sülhün, təhlükəsizliyin təmini üçün təhdiddir və Azərbaycanın etnik ermənilər üzərində yuridiksiyasının qarşısının alınmasına xidmət edir".
"Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər"
Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyana zəngi, həmçinin Sergey Lavrovla Ararat Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb: "Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demraksiyası üzrə komissiyanın yaradılmasına qarşıdır. Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmas olmasın və proses yalnız onun vasitəçiliyi ilə davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Təbii ki, Azərbaycan bu reallıqla razılaşmayacaq. Həmçinin, Türkiyə də Rusiyanın davam edən nəticəsiz "vasitəçiliyini" qəbul etməyəcək".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır: "Belə ki, Rusiya Ermənistana ciddi təzyiqlər edərək, Azərbaycanla əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışır. Rusiyanın bu siyasəti effektli olmayacaq. Çünki Nikol Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Əgər aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu, İrəvanın əleyhinə olacaq. Onu da qeyd edim ki, Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər. Amma səhv xarici siyasət yürüdən ölkəni 19-cu əsr siyasəti ilə idarə edən Putindən bunu gözləmək sadəlövhlük olar".
"Paşinyan da silahlı erməni birləşmələrinin Qarabağda mövcudluğunun sülh prosesinə mane olduğunun fərqindədir"
Politoloq onu da əlavə edib ki, Azərbaycan tədricən 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndini yerinə yetirir: "Bildiyiniz kimi, Rusiya silahlı erməni birləşmələrinin çıxarılmasını həyata keçirmir və Ermənistan tərəfi də bu prosesdən kənarda qalıb. Qeyd edim ki, Nikol Paşinyan da silahlı erməni birləşmələrinin Qarabağda mövcudluğunun sülh prosesinə mane olduğunun fərqindədir. Moskva çalışır ki, prosesi pozsun və silahlı erməni birləşmələri ərazilərdə qalsın. Hətta Rusiya "sülhməramlı" qüvvələri Azərbaycan ordusunun irəliləməsinin qarşısını almaq üçün qanunsuz olaraq postlar qurub. Buna baxmayaraq, Azərbaycan ordusu Ağdərənin bir neçə kəndinə nəzarəti bərpa etməklə, silahlı erməni birləşmələrinin geri çəkilməsini təmin edib". Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın Qarabağda qanunsuz fəaliyyəti, Brüssel görüşündə əldə olunan razılaşmalara qarşı həyata keçirdiyi siyasət Türkiyəni hərəkətə gətirir: "Türkiyə Təhlükəsizlik Şurasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və bu kimi məsələlər müzakirə ediləcək. Odur ki, Türkiyə Rusiyanın Qarabağdakı, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesindəki pozuculuq fəaliyyətinin qarşısını alacaq".
Vazeh BƏHRAMOĞLU