Rusiyanın şahmat taxtasında erməni piyadaları
Dünyanın tərəqqipərvər, demokratik düşüncəli insanların: uzun müddətdir ki, həlli tapılmayan mürəkkəb bir sual kabus kimi beyinlərində dolaşmaqdadır: "Görəsən özlərini "erməni" adlandıran hayların arxaları, dayaqları olmasaydı əzəli əbədi türk əraziləri olan torpaqları işğal edib yaşaya bilərdilərmi?" Əlbəttə, yox!
Çünki dünyanın super dövlətləri, ilk öncə Rusiya haylara dəstək verməklə Yaxın Şərq və Cənubi Qafqaz ərazisində etnik zəmində iğtişaşları zaman-zaman alovlandırmağa girişmiş və bölgələrə basqınları zamanı hay satqınları və terrorçularından məharətlə istifadə etmişdir. Və həmin ərazilərdə müstəqil erməni dövləti yaradılacağını tez-tez gündəmə gətirərək yağlı vədlərlə onları öz toruna sala bilmişdir…
(Əvvəli ötən sayımızda)
Balmoral danışıqlarında Solsberi belə nəticəyə gəlmişdir ki, Rusiyanın marağı xüsusən boğazlar ətrafında cərəyan edir və Türkiyənin "statusu" məsələsində çar hökuməti ikili siyasət yeridir. Hələlik Dardanel və Bosfor boğazlarına nəzarət etməkdən də vaz keçmir. Rusiyanın boğazlara sahib olması nəinki onun gəmilərinin Aralıq dənizində sərbəst üzməsinə, həmçinin Süveyş kanalı vasitəsi ilə Hind okeanına çıxmaq, beləliklə də Türkiyə ərazisinə bütövlükdə nəzarət etmə imkanı qazana bilər. Solsberi fikrini danışıqlar zamanı bir daha xatırlatdı və çara eyham vurdu ki, İngiltərə boğazların Rusiyanın nəzarətinə verilməsinə etiraz etmir. Lakin bu şərtlə ki, Rusiya sultana azacıq da olsa təsir göstərə bilsin, hazırkı rejimin yumşaldılması məsələsində obyektiv mövqe tutsun. Bundan əlavə baş nazir çıxışında izah etməyə çalışırdı ki, boğazlar məsələsinin Rusiyanın xeyrinə həlli Avropada Rusiya rəqiblərinin, ilk öncə müxalif qüvvələrin meydana çıxmasına şərait yaradar, beləliklə də Rusiyanın boğazlara təkbaşına nəzarət etməsi Rumıniya, İtaliya, Fransa, Avstriya dövlətlərini təşvişə salar. Lakin çar II Nikolay Solsberin verdiyi vədlərə inamsızlıq nümayiş etdirərək söhbətin yekun mərhələsində bildirir ki: "Rusiya hələlik boğazları təkbaşına zəbt etmək iqtidarında deyil. Digər ölkələrlə müqayisədə qüvvələr nisbəti zəifdir. Boğazların sultanın ixtiyarında qalması məqbul hesab olunmalıdır." Beləliklə, Balmoral danışıqları göstərdi ki, Rusiya Türkiyənin parçalanmasına tərəfdar deyil. Lakin Konstantinopol və boğazlar onun üçün indiki halda əhəmiyyətini yenə də özündə saxlayır. Rusiya-İngiltərə danışıqları tərəflər arasında ümumi məxrəcə gəlməyə imkan vermədi. Və Şərq məsələsi yenə açıq qaldı. Lakin buna baxmayaraq tarixçilərin qeyd etdiyi kimi "Şərq" məsələsi heç də Rusiyanın planından çıxarılmadı. I Pyotrun Osmanlı dövlətinə qarşı münasibətini qısa şəkildə belə xarakterizə etmək olar: "Rusiya ərazisini imkan daxilində Osmanlı imperiyasının hesabına genişləndirmək, İstanbulu tutub Bizans dövlətini bərpa etməklə bütövlükdə provoslav dünyasını rus çarlığının təsiri altına salmaq lazımdır." Türk tarixçisi İ.H.Danişment yazır ki: "1787-ci ildə rus çariçası II Yekatirina və Avstriya imperatoru II Frans İosif Krımda görüşərkən Osmanlı imperiyasının parçalanmasında "Yunan variantından" istifadə etməyi gündəmə gətirmiş, Konstantinopolu zəbt etdikdən sonra burada Bizans dövlətinin bərpasına nail olacaqlarına söz vermişlər". Yeri gəlmişkən qeyd edək ki, XVI-XIX əsrlərdə Rusiya-Osmanlı qarşıdurması tez-tez baş verirdi. Hay tarixçisi C.Okanyan haqlı olaraq qeyd edir ki: "1461-ci ildən Osmanlı hüdudlarında əmin-amanlıq şəraitində yaşayan haylar heç zaman çətinliklə qarşılaşmamış, türklər tərəfindən təzyiqə məruz qalmamışlar. Lakin əfsuslar olsun ki, bəzi hay qruplaşmaları bütöv xalqın taleyini sual altına qoydular. Məlumdur ki, Rusiya Türkiyəni necə olursa-olsun məhv etmək planını həyata keçirməli idi. Belə ki, hayların iradəsiz nümayəndələrindən əksəriyyətini öz tərəfinə çəkir, yağlı vədlər verirdilər. 1826-1828-ci il Rus-İran, 1828-1829-cu il Rus-Türk müharibəsində Paskeviçin komandanlığı altında Ərzurumu zəbt edən rus qoşunları hayların repressiyaya uğramasının təməlini qoydu.
Ordular geri çəkildikdən (sonra haylar kütləvi şəkildə öz doğma ocaqlarını tərk etmək məcburiyyətində qaldılar".
Bir qədər əvvəl, yəni 1826-1828-ci illərdə Rus-İran (yəni Azərbaycan) müharibəsi dövründə çar imperializmi Qafqaz hüdudlarında yaşayan hayların xidmətindən ənənəvi olaraq istifadə etmişdir. Bu xidmətlərdə ayrı-ayrı şəxslərlə yanaşı din xadimləri də xüsusi fəallıq göstərmiş, könüllü dəstələr və xalq drujinası ardıcıl iş aparmışdı. Hay tarixşünaslığında adı hörmətlə çəkilən tarixçi N.Aknuninim "XIX əsrin sonlarında Hay-Türk qarşıdurması və onun acı nəticələri" əsərinin baş qəhrəmanlarından biri Gürcüstan ərazisində məskunlaşan hayların katolikosu Nerses Aştarak xüsusi canfəşanlıq göstərmiş rus xalqına öz sədaqətini əməli fəaliyyəti ilə təsdiqləmişdi. 29 iyul 1826-cı ildə Nerses Eçmiadzin kilsəsində kütlə qarşısında dua etdikdən sonra çıxışına aşağıdakı sözlə yekun vurmuşdur: "Əziz həmvətənlər, mehriban qardaş və bacılarım! Ararat ölkəsinin qəbul olması vaxtı çoxdan yetişmişdir. Eçmiadzin kilsəsi sabiq müstəqilliyini özünə qaytara biləcək, bunun üçün hamı son nəfərə kimi ayağa qalxıb üsyan etməli, hay millətinin, onun qəhrəman igidlərinin göstərdiyi şücaəti alqışlamalıdır. Türk məngənəsindən xilas olmaq xatirinə ayaqlar altında yer lərzəyə gəlməli, torpaq müqəddəs qana boyanmalıdır. Tarixi mənbələrdən bəllidir ki, hayların xarici ölkələrdən köçürülmə yolu ilə dədə-baba torpaqlarımızda artırılmaları bir çox hadisələrlə bağlıdır. Xüsusilə dövlətlər arasında imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay və Ədirnə müqavilələri bu baxımdan əsas xarakter kəsb edir. Hay təbəqələrinin rus imperiya ordularına göstərdikləri xidmət heç də əvəzsiz qalmırdı. Katolikos I Nikolay tərəfindən "Aleksandr-Nevski" ordeni ilə mükafatlandırılmış, ona yüksək dərəcəli pensiya təyin olunmuşdur. Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində (fond 400, iş 11, vərəqə 14) saxlanılan sənədə diqqət yetirsək, görərik ki, həqiqətən Rus-İran və Rus-Türkiyə müharibələrində fəal iştirakına görə Neses Nikolayın diqqətindən yayınmamışdır. Həmin dövrdə rus himayəsindən vəcdə gələn haylar on minlərlə türkün qanını axıtmış, yüzlərlə kənd, minlərlə ev və məhəllələr dağıdılıb, viranə qoyulmuşdur. İmperator I Nikolay hayların xaricdən gətirilmiş və süni surətdə yerləşdirildiyi İrəvan və Naxçıvan xanlığının torpaqlarını birləşdirən ərazidə "erməni vilayəti"ni elan etdikdən sonra vəziyyət daha da gərginləşdi. Haqsızlıq, didərginlik və soyqırım halları baş alıb gedir, yerli əhaliyə divan tutulurdu. Bu hadisəyə ruslar göz yumur, hayların tərəfini saxlayırdılar. 1828-ci il martın 20-də öz təsdiqini tapan "Ermənistan vilayəti" bu gün "Ermənistan Respublikası" adlanır. Həmin tarixdə İrəvanı zəbt edib, orada qərar tutan general Paskeviç Peterburqa aşağıdakı məzmunda məktub yola saldı:
- «Əlahəzrət İmperator Həzrətləri! Rus imperiyasının yenilməz bayrağı İrəvan qalası üzərində dalğalanmağa başladı. Bu hadisə burada yaşayan xristian zümrələri tərəfindən rəğbətlə qarşılandı. Zəbt etdiyimiz torpaqları əldə möhkəm saxlayacağımıza əmin ola bilərsiniz. Məqsədə əsas etibarilə nail olmuşuq. Ermənistan vilayətinin yaradılması indilikdə Azərbaycan torpaqlarını ikiyə bölmüş olur və Osmanlı Türkiyəsinə qarşı bir hay poliqon bölgəsinin meydana gəlməsinə şərait yaradır. Əlahəzrət, sizin 25 yanvar 1828-ci il tarixli fərmanınızla arxiyepiskop Nersesə Rus-İran və Rus-Osmanlı müharibələri zamanı ordumuza göstərdiyi xüsusı xidmətə görə "Müqəddəs Aleksandr Nevski" ordeni verilməsi xəbəri ikiqat sevincə səbəb oldu. Belə xadimləri həvəsləndirmək işin yalnız xeyrinədir. Həm indi, həm də gələcəkdə qüdrətli dövlətlərlə şahmat oyununda erməni piyadalarından istifadə edilməsi olduqca şərəfli işdir. Keçən müharibələr bir daha bunu uğurla sınaqdan çıxardı. Şübhəsiz, gələcəkdə də belə olacaq... Hörmətlə, nökəriniz İvan".
Tarixi qaynaqlardan məlum olduğu kimi, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini bərqərar etməyə çalışan məkrli rus şovinist siyasətçiləri hələ 150-200 il bundan öncə Azərbaycan və Azərbaycan-Türkiyə, İran-Azərbaycan, Şimali və Cənubi Azərbaycan məsələsində haylardan siyasi "şahmat taxtasında piyada aləti kimi" istifadə etməyi planlı surətdə həyata keçirmiş və indi də keçirirlər. Ona görə də Rusiya prezidentlərinin dəfələrlə: "Qarabağ Azərbaycan torpağıdır!" nidası 20 ildən artıqdır ki, göylərdən və ATƏT-in rəhbərlərinin rus imperializminin yalançı vədlərinə inamlarından asılı qalır, heç cürə həyata keçmir.
Mürsəl İRƏVANLI,
Yazıçı-publisist, M.Qorki adına Beynəlxalq mükafatı laureatı.