📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın “Samolyot”u batır – Dövlət dəstəyi dayandırılıb, nəhəng dövlət şirkətləri müflis olur

2026-02-11 10:57:06

Rusiyanın “Samolyot”u batır – Dövlət dəstəyi dayandırılıb, nəhəng dövlət şirkətləri müflis olur

Rusiyada tikinti həcminə görə ən böyük developer qrupu olan “Samolyot”un hökumətə açıq şəkildə maliyyə yardımı üçün müraciət etməsi rəsmi Moskvanı son dərəcə çətin seçim qarşısında qoyub. Şirkətə tələb olunan 50 milyard rubl həcmində güzəştli kreditin ayrılması digər iri və sistem əhəmiyyətli şirkətlər üçün presedent yarada bilər. Yardımdan imtina isə “Samolyot”un iflası fonunda tammiqyaslı maliyyə böhranını işə sala biləcək “ilk domino daşı” kimi qiymətləndirilir.

4 fevralda RBC “Samolyot” Qrupunun baş direktoru Anna Akinşinanın Rusiya hökumətinin sədri Mixail Mişustinə ünvanladığı məktub barədə məlumat yayıb. Məktubda şirkətin payçıları, dövlət və investorlar qarşısında məsuliyyəti vurğulanır və 3 il müddətinə 50 milyard rubl məbləğində güzəştli kredit və ya digər stabilizasiya alətinin ayrılması xahiş olunur. Bildirilir ki, səhmdarlar dövlətə bloklayıcı və ya daha böyük səhm paketi verməyə, idarəetmədə iştirak hüququnu tanımağa, sonradan isə bu payı geri almağa hazırdırlar.

Müraciət xəbəri bazarlarda kəskin reaksiya doğurub: “Samolyot”un səhmləri 15 faiz, şirkətin buraxdığı istiqrazlar isə təxminən 10 faiz ucuzlaşıb. Sonradan vəziyyət qismən sabitləşsə də, analitiklər şirkətin sistem formalaşdıran statusuna görə “sadəcə çökməsinə” imkan verilməyəcəyini bildiriblər. Hazırda “Samolyot”un layihə borcu təxminən 650 milyard rubl səviyyəsində qiymətləndirilir.

Mövzu ətrafında 2008-ci il maliyyə böhranı tez-tez xatırladılır. O dövrdə “Lehman Brothers”ə nisbətən kiçik həcmdə yardımın göstərilməməsi qlobal maliyyə sisteminin çöküşünə gətirib çıxarmışdı. Rusiyada isə az tanınan “KIT-Finans”ın iflası sonradan ölkədə birja və bank böhranını daha da dərinləşdirmişdi.

Lakin ekspertlər vurğulayırlar ki, bu arqumentlərin mövcudluğu hökumətin mütləq “Samolyot”u xilas edəcəyi anlamına gəlmir. Şirkətin problemləri bütün tikinti sektoruna xasdır: güzəştli ipoteka proqramının ləğvi, kəskin şəkildə azalan tələb, yüksək faiz dərəcələri fonunda satılmayan mənzillər üçün götürülmüş kreditlərin baha şərtlərlə yenidən maliyyələşdirilməsi sektoru ağır vəziyyətə salıb. Bu baxımdan, maliyyə yardımı barədə məlumatın mətbuata sızdırılması şirkət üçün əks effekt də yarada bilər.

Əgər hökumət müsbət qərar versə, analitiklərin fikrincə, Nazirlər Kabineti analoji müraciətlərlə “daşacaq”. Təkcə developerlər deyil, mədənçilər, metallurqlar, neftçilər, avtomobil istehsalçıları, yüngül sənaye təmsilçiləri də eyni tələblərlə çıxış edəcək. Hazırda Rusiyada korporativ borclar üzrə gecikmə 11 faizdir, şirkətlərin 42 faizi isə əsas problem kimi ödənişsizliyi göstərir. Bundan başqa, 50 milyard rublun şirkəti uzunmüddətli xilas edəcəyinə də zəmanət yoxdur – yarım ildən sonra daha 100 milyard rubl istənilməsi ehtimalı istisna edilmir.

Maraqlıdır ki, “Samolyot”la bağlı məlumatlardan dərhal sonra mətbuatda dövlətin özünün də maliyyə çatışmazlığı yaşadığına dair sızıntılar yayılıb. “Reuters” hökumət mənbələrinə istinadla Milli Rifah Fondundan maliyyələşdirilən bütün təsdiqlənmiş layihələrin dayandırılması barədə prinsipial qərarın verildiyini yazıb. “Washington Post” isə maliyyə blokundakı mənbələrə istinadən bildirib ki, məmurlar yay aylarınadək Rusiyada iqtisadi böhran başlaya biləcəyi barədə Putini xəbərdar ediblər. Bu sızıntılar potensial yardım istəyənlərə açıq mesaj kimi də dəyərləndirilir.

Prezident Vladimir Putin hələlik mövqeyini açıqlamayıb. Əvəzində Dövlət Dumasında reaksiyalar başlayıb. Büdcə komitəsinin üzvü Viktor Seliverstov tələb olunan məbləği “orta ölçülü Rusiya regionunun büdcəsi” ilə müqayisə edərək şirkət rəhbərliyinin vaxtında düşünməli olduğunu bildirib. Tikinti komitəsinin sədr müavini Svetlana Razvorotneva isə daha sərt ifadə işlədib: “Kim ölübsə, ölüb – özü günahkardır”.

Bu arada, 9 fevralda “Samolyot” rəhbərliyi investorları sakitləşdirməyə çalışıb. Maliyyə direktoru Nina Qolubıçnaya investorlarla konfrans-zəngdə kupon ödənişlərinin dayandırılmayacağını, daxil olan vəsaitlərin ilk növbədə faiz və kuponların ödənilməsinə yönəldildiyini bildirib. Buna baxmayaraq, şirkət 10 fevrala planlaşdırılan istiqraz yerləşdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Ekspertlərin fikrincə, “Samolyot” ətrafında baş verənlərdən asılı olmayaraq, Rusiya iqtisadiyyatı son dərəcə gərgin mərhələyə daxil olub. Tikinti sektoru ilə yanaşı, dağ-mədən, metallurgiya, neft-qaz kimi “dinc” sahələrdə də kifayət qədər “zəif həlqə” mövcuddur. Onlardan hər hansı birinin çökməsi zəncirvari maliyyə və bank böhranını qaçılmaz edə bilər.