📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın siyasi və hərbi elitası arasında qorxu hökm sürür" - XAQANİ CƏFƏRLİ

2022-03-10 11:40:00

"Gələn həftənin sonuna kimi Putin hakimiyyətdən kənarlaşdırılmasa, ondan sonra Rusiyanı heç nə, heç kim dağılmaqdan xilas edə bilməyəcək"

"Ötən həftənin əvvəlində iştirak etdiyim müzakirələrin birində Putinin həftə sonuna kimi hakimiyyətdən kənarlaşdırılmayacağı halda təəccüblənəcəyimi bildirmişdim. Çünki Rusiyanın siyasi və hərbi elitasının Putinin ölkəni uçuruma sürükləyən siyasətinin qarşısını almaq üçün cəsarətli addım atacağını düşünürdüm. Rusiyanın tarixində onlarla belə nümunə var. Yalnız 1725-1801-ci illərdə Rusiya İmperiyasında hakimiyyət yeddi dəfə zorla dəyişdirilib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, aydın oldu ki, Rusiyanın hazırkı siyasi və hərbi elitası rus xalqının son üç yüz illik tarixində ən qorxaq və aciz elitadır: "Məhdud məlumatlar Rusiyanın siyasi və hərbi elitası arasında qorxunun hökm sürdüyünü göstərir. Bir çox məmurlar istefa etmək niyyətinə düşsələr də, Putinin qisas alacağından qorxduqları üçün susmağa üstünlük verirlər. İddiaya görə, Rusiyanın siyasi və hərbi elitası arasında pıçıltı ilə olsa da bu ifadə tez-tez səslənir: “Hökmdar təhlükəlidir və bəlkə də ruhi xəstədir”. ABŞ kəşfiyyatında da Putinin ruhi xəstə olması ilə qənaət yaranıb. Ən maraqlısı isə odur ki, ABŞ kəşfiyyatının bu rəyi artıq sirr olmaqdan çıxıb və mediaya da sızdırılıb. Buna görə də ABŞ və Böyük Britaniya mətbuatında Putindən bəhs edilərkən “madman”(dəli) ifadəsinin işlədilməsi normaya çevrilib".

Xaqani Cəfərli hesab edir ki, Rusiyanın siyasi və hərbi elitası gələn həftənin sonuna kimi “madman”ı hakimiyyətdən kənarlaşdırmasa, ondan sonra Rusiyanı heç nə, heç kim dağılmaqdan xilas edə bilməyəcək.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az