📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Taliban "sevgisi" - Professor səbəblərdən danışdı

2026-10-06 11:37:12

Rusiyanın Taliban

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov "Taliban" hərəkatının nümayəndə heyəti ilə keçirilən görüşdə Əfqanıstandakı mövcud hökumətin fəaliyyətini yüksək qiymətləndirib. O, Talibanın ölkəni "kifayət qədər uğurla" idarə etdiyini və Qərbin ağır sanksiya təzyiqlərinə baxmayaraq, Əfqanıstan iqtisadiyyatının inkişaf etməyə davam etdiyini vurğulayıb.

Lavrov Moskvanın Kabilə mülki və təhlükəsizlik sahələrində dəstəyini artırmağa hazır olduğunu bildirib. Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Əfqanıstana "maddi-texniki və ekspert köməkliyi" göstərməyə, habelə xüsusi xidmət və hüquq-mühafizə orqanları xətti ilə birgə təmasları və kəşfiyyat mübadiləsini davam etdirməyə tam hazırdır.

Rusiya ilə Talibanı hansı tellər bağlayır? Talibanın Rusiya üçün, Rusiyanın Taliban üçün hansı önəmi var?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Rusiya-Taliban yaxınlaşmasını yalnız dostluq kimi izah etmək düzgün olmaz: "Bu münasibətlər daha çox qarşılıqlı təhlükəsizlik maraqları, ABŞ və NATO-nun regiondakı təsirinə qarşı mövqe və iqtisadi-logistika hesablamaları üzərində qurulub. Ən mühüm məqam odur ki, Moskva Talibanla münasibətlərə indiki hakimiyyətin ideologiyasına görə deyil, "real politik" prinsipi ilə yanaşır. Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Rusiya onunla əlaqələri kəsmədi. Əksinə, Moskva tədricən dialoqu genişləndirdi və 2025-ci ilin iyulunda Taliban hökumətini rəsmən tanıyan ilk dövlət oldu.

Moskva ilə Taliban arasında birinci və ən mühüm bağ təhlükəsizlikdir. Tərəflərin terrorizmlə mübarizədə ortaq marağı var. Putin də 2024-cü ildə Talibanı terrorizmlə mübarizədə Rusiyanın tərəfdaşı kimi xarakterizə etmişdi. Bu gün Lavrovun “maddi-texniki və ekspert yardımı”, xüsusi xidmətlər və hüquq-mühafizə orqanları arasında əlaqələrin davam etdirilməsi barədə açıqlaması da məhz bu xəttin davamıdır. Moskva artıq Talibanın təhlükəsizlik imkanlarının gücləndirilməsini öz maraqlarına uyğun hesab edir”.

Professor hesab edir ki, Moskva üçün Talibanın əhəmiyyəti həm də ondadır ki, Kabil Qərbin hərbi-siyasi təsir dairəsinə qayıtmasın: “Taliban Rusiyaya Əfqanıstanda birbaşa siyasi və təhlükəsizlik kanalı verir. Bu, xüsusilə ABŞ qoşunlarının 2021-ci ildə ölkədən çıxmasından sonra yaranmış boşluq fonunda əhəmiyyətlidir. Moskva eyni zamanda Əfqanıstanın Mərkəzi Asiya ilə Cənubi Asiya arasında yerləşməsindən iqtisadi və logistika baxımından istifadə etmək istəyir. Rusiya ilə Əfqanıstan arasında enerji, yol, dəmir yolu və tranzit layihələri barədə müxtəlif planlar müzakirə olunur. 2026-cı ilin mayında Rusiya ilə Taliban arasında hərbi-texniki əməkdaşlıq sazişinin imzalanması da münasibətlərin, sadəcə, diplomatik səviyyədə qalmadığını göstərir. Talibanın da Moskvaya ehtiyacı var. Əfqanıstan hakimiyyəti beynəlxalq legitimlik, iqtisadi əlaqələr, yanacaq və texniki yardım, hərbi imkanların artırılması və diplomatik tərəfdaşlar axtarır. Bu baxımdan Rusiyanın Talibanı terror təşkilatları siyahısından çıxarması və daha sonra onun hökumətini tanıması Kabil üçün mühüm diplomatik nailiyyət oldu. Moskva Taliban üçün həm də Qərbdən kənarda böyük dövlətlə münasibət qurmaq imkanı yaradır”.