"Rusiyanın Ukraynaya təcavüzünün səbəbləri çürük və mənasız arqumentlərdir" - NATİQ CƏFƏRLİ
"Kreml təbliğatçılarının səsləndirdiyi fikirlər absurddur, məntiqsizdir, öz imperialist, şovinist siyasətlərini "mədəni və geosiyasi" dona bürümək cəhdidir"
"Rusiyanın Ukraynaya təcavüzünün Moskva tərəfindən açıqlanan rəsmi səbəblərindən ən vacibiləri nələrdir? Kreml deyirdi ki, NATO genişlənir, sərhədlərimizə yaxınlaşır, Ukraynada da NATO üzvü olsa, orada hərbi infrastruktur qursa bizə təhdiddir, oradaki “ultra-millətçilik” məhv edilməlidir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, bütün bunlar ilk baxışdan məntiqli görünsə də, çürük və mənasız arqumentlərdir: "Gəlin, faktlara baxaq. 1) NATO artıq çoxdandır ki, Rusiya sərhədindədir, hətta SSRİ sərhədində idi. ABŞ Uzaq Şərqdə SSRİ-nin sərhədində idi, Türkiyə Qara dənizdə SSRİ-nin sərhədində idi, Norveç 1949-dan NATO üzvü olub və SSRİ ilə sərhədi var. SSRİ dağılandan sonra Baltikyanı ölkələr Rusiya sərhədindədir. Yəni, Rusiyanın, “NATO təşkilatı İNDİ bizim sərhədimizə dirənmək istəyir”, tezisi gülüncdür. 2) NATO ölkələri Ukrayna müharibəsində bu ölkə üzərində hava məkanını bağlamadılar, çünki, NATO Rusiya ilə birbaşa hərbi toqquşma istəmir, bundan çəkinir. Niyə istəmir? Çünki bu nüvə müharibəsi demək, dünyanın sonu olardı. Yaxşı, NATO anlayır ki, Rusiyaya hücum etmək, bu ölkə ilə açıq savaşmaq olmaz. Qərb bilir ki, ümumiyyətlə, nüvə silahı olan Rusiya ilə müharibə mümkün deyil. Belədirsə Rusiya nədən çəkinir, nə fərqi var NATO hardadır?! Fərqi nədir ki, hansı ölkə NATO üzvü olur, ya yox, zatən Rusiyanın təhlükəsizliyinə zəmanət onun əlində olan yüzlərlə nüvə silahıdır, atom bombalarıdır. Deməli, bu “arqument” mənasızdır".
REAL-ın icra katibinin sözlərinə görə, Rusiyanın daha bir tezisi odur ki, Ukraynada “ultra-millətçilər” hakimiyyətdədir, onlar 2-ci Dünya Müharibəsində nasist Almaniyasına dəstək olanların tezislərini təkrarlayır, onların salamlaşmasından (Slava Ukraine) istifadə edir: "Bu arqument də ilk baxışdan haqlı görünsə də, mənasız yanaşmadı. Bütün ölkələrdə “ultra-millətçi” qruplar var, hətta Rusiyada da var, Baltikyani olkələrdə, Polşada, Almaniyada, Fransada da. Yəni, hər yerdə var, əsas odur ki, bu qruplar qərarverici olmasınlar, çünki “ultra-millətçilər” insan haqq və azadlıqlarına təhdid təşkil edə biləcək tezislər səsləndirirlər. Amma Ukraynada prezident yəhudidir, nazirlər, deputatlar və qərarverənlər arasında etnik olaraq gürcülər, yəhudilər, azərbaycanlılar, ermənilər, hətta ruslar da var. Bunun harası “ultra-millətçilikdir”?! Bundan başqa, Rusiyanın Avropada ən böyük dostları, maddi və hər cür dəstək alan siyasi partiyalar və siyasətçilər kimlərdir?! Bəli, “ultra-millətçilər”. Məsələn, Fransada Marine Le Pen, Macarıstanda Urban və s. Yaxşı, bunu hara yazaq?! Və ya əgər Ukraynada camaatı bombalamağı, dinc insanları qətl etməyi, şəhərləri xaraba qoymağı “ultra-millətçiliyi” ləğv etməklə “əsaslandırmağı” çalışmalarını bu gün dünya “həzm” etsə, göz yumsa, sabah o bəhanə ilə Baltikyani ölkələrinə, Cənubi Qafqaza soxulsa nə olacaq?! Əgər “Slava Ukraine” sözünü o zaman “ultra-millətçilər” istifadə ediblərsə, bu sözdən nədən indi imtina etmək lazımdır?! Axı, mənası “Ukraynaya Eşq olsun”, deməkdir, bunun nəyi pisdir, nə alt mənası var ki?!"
Odur ki, Natiq Cəfərlinin fikrincə, bu gün Kreml təbliğatçılarının səsləndirdiyi fikirlər absurddur, məntiqsizdir, öz imperialist, şovinist siyasətlərini “mədəni və geosiyasi” dona bürümək cəhdidir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az